Şuşa rayonu haqqındakı faktları təhrif etməyək!..-ARAŞDIRMA
(8-11-2021, 13:05)


Şuşa rayonu haqqındakı faktları təhrif etməyək!..-ARAŞDIRMA
Səhv və xətalarımızın səbəbi Zəfərimizdən sonra həddindən çox eyforiyaya qapılmağımızdır...
 
Bu gün  Şuşa şəhərinin 28 illik işğaldan azad olunmasının birinci ildönümü, eyni zamanda Zəfər bayramıdır. Xalqımızı, dövlət rəhbərliyini təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə daimi şəfa və cansağlığı diləyirik...
Gecə saatlarından telekanal, media vasitələri Şuşanın azad edilməsinin ildönümü haqqında məlumatlar verir, bu rayon barədə informasiyalar dərc edilir. Təəssüf ki, işğaldan azad olunmuş digər rayonlarımız kimi, Şuşa haqqındakı məlumatlarda da təhriflərə yol verilir. Məsələn, report.az-ın  bu gecə saat 00:00-da  verdiyi “Şuşanın işğaldan azad olunmasından 1 il ötür” başlıqlı məlumatda  rayonun, 1 şəhər və 30 kənddən ibarət olduğu bildirilir. Halbuki, rayon sakinlərinin bildiyi və Şuşa rayon İcra Hakimiyyətinin rəsmi saytında da qeyd eidldiyi kimi, bu rayon 1 şəhər, 1 qəsəbə və 37 kənddən ibarətdir...   
“Report”un yaydığı bu məlumatı bir sıra digər saytlar da eyni şəkildə kopiyalayıb təqdim ediblər.  Qeyd edək ki, eyni məlumatda Şuşa rayonunun ərazisi 289 kvadratkilometr göstərilsə də, hesab edirik ki, bu da yanlışdır. Çünki bir sıra mənbələrdə, o cümlədən Şuşa RİH-in rəsmi saytında rayonun ərazisi bir yerdə 290 kv.km, digər yerdə isə hətta 310 kv.km göstərilir...
Onu da qeyd etmək gərəkdir ki, 8 Noyabr Zəfərindən sonra Şuşa rayonunun 39 yaşayış  məntəqəsindən yalnız 2-i: Şuşa şəhəri və Daşaltı kəndi rəsmən işğaldan azad edilib, qalan 1 qəsəbə və 36 kənd hələ də Rusiya hərbi birləşməsinin  himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətindədir...
 
Ümumiyyətlə, 8 Noyabr Zəfərimizdən bəri keçən bir il ərzində işğaldan azad rayonlarımız haqqında mediada və rəsmi, qeyri-rəsmi qurumların yaydığı informasiyalarda bir sıra təhriflər baş verir. Bunlardan ən ciddisi bəzi rəsmi qurumların saytlarında hazırda  ərazisinin təxminən 35 kv.km-lik sahəsi  10 noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin  nəzarətində qalan Laçın rayonunun ərazisinin 1835 kv.km əvəzinə, 1800 kv.km göstərilməsi oldu... 
Halbuki, 1988-ci ildən bəri bu torpaqların nəinki hər bir kəndi, hər bir qarışı uğrunda 10 minlərlə şəhidimizin, qazimizin canı fəda edilib, qanı axıdılıb. Odur ki, ərazilərimizin hər bir santimetrinə də diqqət etmək gərəkdir. İşğaldan azad edilmiş, yaxud hələ də işğal altında qalan kəndlərimizin hər biri bir oba, bir el, onlarla nəsil, tayfa, min illik tarix deməkdir...
 
İnsanlara, xalqa işğaldan azad torpaqlarımız haqda təhrif olunmuş, şişirdilmiş yox,  doğru, dürüst məlumat vermək gərəkdir. Məsələn, əgər rəsmi və ya qeyri-rəsmi məlumatda deyilirsə ki, 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olunub, rayonun ərazisinin 1835 kv.km, 1 şəhər, 1 qəsəbə, azı, 127 kənddən(çünki ən xırda kəndlər bəzən hesablanmır) ibarət olmasını göstərməklə yanaşı, mütləq rayonun təxminən 35 kv.km-lik ərazisinin, yəni azı Laçın şəhəri və ətraf, azı, 5 kəndin hələlik Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olmasını da qeyd etmək gərəkdir... 
Və yaxud deyirik ki, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad olunub. Amma çoxumuz hələ də bilmir ki, bu rayonun rəsmi ərazisinin(3050 kv.km.)  1100 kv km-dən çox sahəsi və azı, 23 kəndi hələ də Rusiya hərbi birləşməsininn  himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətindədir.  Həmin ərazi 1992-ci ildə ləğv olunmuş keçmiş Ağdərə rayonunun  Kəlbəcər rayonu ərazisinə qatılmış ərazisidir.  Və əslində Kəlbəcər rayonunun  məhz 1992-ci ilədək mövcud olmuş rəsmi ərazisi, yəni 1936 kv.km-i işğaldan azad olunub.  1993-cü ilin aprelində işğal olunanda bu rayonun ərazisi rəsmən 3050 kv.km olub. Təəssüf ki, bu fakt heç bir rəsmi mənbədə göstərilmir...
Deyirik ki, 2020-ci il noyabrın 20-də Ağdam rayonu işğaldan azad olunub. Əslində   bu rayonun azı, 8 kəndi (keçmiş Ağdərə rayonuna aid) hələ də Rusiya hərbi birləşməsininn  himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətindədir... Təəssüf ki, bu fakt da heç bir rəsmi mənbədə göstərilmir...
 
Tərtər rayonunun 1 şəhəri və 12 kəndinin hələ də faktiki işğal altında qalması  haqda isə heç bir çox tərtərlinin də məlumatı yoxdur. Halbuki, 1992-ci ildən, artıq 29 ildir ki, rəsmən həmin rayonunun ərazisinə qatılmış keçmiş Ağdərə rayonunun azı, 12 kəndi və bir şəhəri(Ağdərə) Rusiya hərbi birləşməsininn  himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətindədir...
Bir sözlə, bütün torpaqlarımız, rayonlarımız, xüsusən də işğaldan azad edilən və ya edilməkdə olan rayonlarımızın da ərazilərə barədə təhriflərə yol vermək olmaz.  Və son bir ildəki əksər səhv və xətalarımızın səbəbi Zəfərimizdən sonra eyforiyaya qapılmağımızdır. Amma hətta Xocalını, Xankəndini və s. də azad etdikdən sonra da qətiyyən eyforiyaya qapılmaq olmaz... Çünki düşmən daim oyaqdır və bizim boş yerlərimizi aramaqdadır... Və bu gün hələ Qarabağda tam qələbə əldə etmək üçün yarımçıq işlərimiz xeylidir... 
 
Rəhmətlik milli qeyrətli həmkarımız Qeyrət Quliyevin hələ 1990-cı illərin ortalarından yazılarında işlətdiyi şüarda deyildiyi kimi, Allahu Əkbər – Xankəndinə qədər!..
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 265

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031