Tarixi düz, südü xarab
(Dünən, 17:00)

Marketlərdə süd məhsullarını alarkən onların yararlılıq müddətinə etibar etmək çətinləşib. İstehlakçılar paketin üzərindəki tarixə baxaraq məhsulu seçsələr də, çox vaxt qatıqlar turşuyur, yağlar kiflənir, yoqurtlar göyərir, dondurmaların forması isə əriyib dəyişir. Bu isə həm cibimizə, həm də sağlamlığımıza ziyan vurur.

Məsələnin kökü haradadır? Tərkibdə, yoxsa saxlanma şəraitində?

Bu sualın cavabını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  açıqlayıb.

Bildirib ki, hər bir süd məhsulu müəyyən texniki şərtlərə və standartlara uyğun hazırlanır və onun müəyyən yararlılıq müddəti olur:
“Yararlılıq müddəti böyük əhəmiyyət daşıyır. Məsələn, 8 il öncə “Azersun Holding” tərəfindən istehsal olunan, cəmi 4 gün yararlılıq müddəti olan və şüşə qabda qablaşdırılan süd satılırdı. Bu məhsul bizi çox sevindirmişdi. İstehsalçı öz üzərinə böyük məsuliyyət götürmüşdü: kimyəvi qatqısız, təmiz və təzə süd təqdim edirdi. Lakin indi ölkəmizə İrandan gətirilən qaymaqların yararlılıq müddəti 1 il göstərilir. Dadı və qoxusu qaymağa bənzəsə də, tam kimyəvi tərkiblidir. Buraxılma tarixi ilə yararlılıq müddəti arasında bu qədər uzun zamanın olması istehlakçı üçün təhlükəlidir. Ona görə də istehsalçılar mütləq buraxılma və yararlılıq tarixi arasında az zaman olan məhsullara üstünlük verməlidirlər”.
Eyyub Hüseynov yararlılıq müddəti bitmədən xarab olan məhsullara da diqqət çəkib:
“Bu, saxlanma şəraitinə düzgün əməl olunmamasından yaranır. Qida istehsalçıdan istehlakçının masasına qədər soyuq zəncir üzrə daşınmalıdır. Lakin çox hallarda bu zəncir pozulur və nəticədə məhsul yararlılıq müddəti ərzində xarab olur. Soyuq zəncirin bir halqası qırıldıqda bütün sistem pozulur. Xaricdən gətirilən mallarda isə daşıyıcı avtomobillərin soyuducu sisteminin sıradan çıxması səbəbindən bu problem daha çox yaşanır. Normalda konteynerlərin içinə xüsusi cihaz yerləşdirilir ki, məhsulu qəbul edən şirkət onun hansı temperaturda daşındığını görə bilsin. Bu cihazlardan geniş istifadə olunarsa, məsafə qət edən məhsullarda zəncirin qorunmasını təmin etmək mümkündür”.
E.Hüseynov mağazalardakı vəziyyətə də toxunub:
“Mağazalarda və anbarlarda da bu prinsiplər pozulur. Mən AQTA-nın ictimai şurasının üzvü olduğum müddətdə dəfələrlə qaldırmışdım ki, dükanlardakı soyuducuların temperatur rejimləri yoxlanılmalıdır. Əsas şərt soyuducunun olması deyil, orada düzgün temperaturun təmin edilməsidir. Qidaların saxlanma şəraitinə uyğun temperatur mütləq qorunmalıdır. Təəssüf ki, çox vaxt buna əməl olunmur və nəticədə qidalar çirklənərək sağlamlıq üçün təhlükə yaradır”.
Sədr istehlakçılara tövsiyə edir ki, alıcılar yalnız məhsulun yararlılıq tarixinə deyil, həm də onun saxlanma şəraitinə diqqət yetirməlidirlər. Hər hansı problem olduqda isə 1003 qaynar xətti vasitəsilə AQTA-ya müraciət edə bilərlər.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930