Havaya sovrulmuş milyardlar... - İsveçrə nəşri Əfqanıstanda Amerika “irsi” haqqında yazdı
(26-08-2021, 09:53)

ABŞ Əfqanıstana təxminən bir trilyon dollar sərmayə qoyub, lakin onu demokratik hüquqi dövlətə çevirmək üçün edilən bütün cəhdlər uğursuz oldu. Moderator.az bildirir ki, İsveçrənin “Neue Zürcher Zeitung” nəşri amerikalı vergi ödəyicilərinin milyardlarla vəsaiti müharibəyə və pulun yalnız kiçik bir hissəsinin ölkənin bərpasına xərcləndiyini yazıb. Eyni zamanda vəsaitin israfçılıqla və məqsədyönsüz şəkildə dağıdılması Vaşinqtonun Əfqanıstanda uğursuzluğuna gətirib çıxardı.
ABŞ-ın Əfqanıstan müharibəsinə yatırdığı trilyon dollarlar necə oldu? “Neue Zürcher Zeitung” qəzeti bu suala cavab tapmağa çalışıb. Müharibəyə çox, ölkənin bərpasına isə xeyli az pul qoyuldu. Milyardlarla dollar boşa getdi. Qəzet vurğulayır ki, buna görə, amerikalıların Əfqanıstanı tərk etməsindən sonra onlardan çox az şey “qalacaq”.
Təxminən 20 illik müharibədən sonra “Taliban” yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Kiçik Corc Buş və onun hökumətinin Əfqanıstanı demokratik hüquqi dövlətə çevirmək planı uğursuzluğa düçar oldu. Məqalənin müəllifi vurğulayır ki, ondan təxminən 240 min qurban və Amerika vergi ödəyiciləri üçün yüksək hesablar qalıb.
Əfqanıstanın bərpası üzrə xüsusi baş müfəttişin məlumatına görə, müharibə artıq amerikalılara təxminən 1 trilyon dollara başa gəlib. Bu məbləğin böyük hissəsi (837 milyard dollar) müharibəyə, cəmi 133 milyard dollar isə ölkənin bərpasına xərclənib.
Buna baxmayaraq, hətta bərpa işlərinə xərclənən vəsaitin əhəmiyyətli bir hissəsi də ölkənin təhlükəsizliyə sərf olunub. Əfqanıstan əsgərlərini öyrətməyə, narkotik alverinə qarşı mübarizəyə və sülhün qorunmasına təxminən 89 milyard dollar ayrılmışdı. Təxminən 36,3 milyard dollar ölkənin inkişafına - infrastruktur layihələrinə, sosial proqramlara və səhiyyə sisteminə yönəldilib. Bu pulların bir hissəsi isə narkotik alverinə qarşı mübarizə üçün xərclənib.
“ABŞ hökumətinin humanitar yardım layihələrinə xərcləri 4,2 milyard dollar ilə məhdudlaşıb”, - deyə İsveçrə qəzeti yazır. Təxminən 16 milyard dollar ekspluatasiya, məsələn, səfirliyin və işçilərinin təhlükəsizliyinin təminatı və ya proqramın icrasına nəzarət xərcləri təşkil edirdi.
İllər uzunu baş müfəttiş vəsaitin israfı və ondan məqsdəyönsüz istifadə faktını daim ortaya çıxarırdı. “ProPublica” platforması vergi ödəyicilərinin pullarından fırıldaqçılıq və sui-istifadə məqsədləri ilə xərlənməsini araşdıran nəzarət orqanından hesabat topladı. Məsələn, baş müfəttişin 2015-ci il hesabatında, ABŞ-ın Əfqanıstanda narkotik ticarəti ilə mübarizəyə xərclədiyi 8,2 milyard dollara baxmayaraq, bu ölkə hələ də dünyanın ən böyük tiryək istehsalçısı olaraq qalır. ”Neue Zürcher Zeitung” yazır ki, heroinin hazırlandığı xaşxaş suyu biznesi Əfqanıstan iqtisadiyyatının hərbidən sonra ikinci ən əhəmiyyətli sahəsi sayılır.
Qəzet bildirir ki, əlavə xərclənən 700 milyon dollardan başqa bu vəziyyətdə heç bir şey dəyişməyib. Mütəxəssislərin qeydinə görə, “Taliban” hələ hakimiyyəti ələ keçirməzdən əvvəl tiryək istehsalının 60% -dən çoxuna nəzarət edirdi. İndi bütün ölkəyə rəhbərlik etdiyi üçün “Taliban” dünya tiryək istehsalının 85% -nin arxasına keçib.
“ProPublica”ya görə, ABŞ-ın digər bahalı layihələri də süquta uğrayıb. Əfqanların maddi və texniki imkanları olmadığı üçün yaxşı vəziyyətdə saxlaya bilmədikləri yolların inşasına 2 milyard dollar sərmayə qoyulmuşdu. Zirehli nəqliyyat vasitələri üçün 660 milyon dollar xərclənmişdi, lakin əfqanlar texniki xidmət və təmirlə bağlı kifayət qədər təlimatlı olmadılar.
İsveçrə qəzeti etiraf edir ki, amerikalıların Əfqanıstandakı səyləri tamamilə boşa getməyib. Məsələn, Əfqanıstan uşaqlarının, xüsusən də qızların təhsil alması üçün çox səy göstərdilər. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təhsil layihələrinə və xüsusən də qızlar üçün dərsliklər, təqaüdlər və universitetə hazırlıq kurslarının inkişafına və ya təhsil sisteminin ümumi təkmilləşdirilməsinə təxminən 1,3 milyard dollar sərmayə qoyub.
Amerikalıların ölkəyə girməsindən sonra məktəbə davamiyyət nisbəti xeyli artmışdı. Qəzet qeyd edir ki, buna baxmayaraq, oğlan və qızlar arasında əhəmiyyətli fərq qalırdı. 1996-cı ildə “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra oğlanların yalnız 40%-i və qızların demək olar ki, sıfır faizi məktəbə gedirdi. Müqayisə üçün deyək ki, Cənubi Asiyada 2001-ci ildə oğlan və qız uşaqlarının orta hesabla 90%-i təhsil alırdı.
Amerikalıların ölkədə olduğu dövrdə körpə və orta yaşda ölümlə bağlı göstəricilər də yaxşılaşıb. Ancaq bu tendensiya ABŞ-ın Əfqanıstana girməsindən əvvəl də müşahidə olunurdu. İsveçrə qəzeti Əfqanıstan iqtisadiyyatının hərbi sənayedən və yardım ödənişlərindən asılı olduğu üçün ÜDM artımı kimi digər müsbət inkişafların davamlı ola bilməyəcəyini proqnozlaşdırır. Son illərdə ölkədə yoxsulluğun səviyyəsi artıb və yüksək olaraq qalmaqdadır.
Nəşrin yazdığına görə, Yaxın Şərqdəki döyüşlər amerikalıların sonrakı əhəmiyyətli xərclərinə səbəb olacaq. Amerika Braun Universitetindən verilən məlumata görə, 11 sentyabr hücumlarından sonra İraqdakı müharibə və digər ölkələrdə anti-terror missiyaları da daxil olmaqla, bütün hərbi əməliyyatlar amerikalı vergi ödəyicilərinə təxminən 6,4 trilyon dollara başa gələcək.
Məsələn, döyüşlərə xərclənmiş trilyonların faizin ödəmək baha başa gələcək. Mütəxəssislərin hesablamalarına görə, bu məbləğ təxminən 925 milyard dollar təşkil edəcək. Qəzet gələcəkdə qazilərə tibbi xidmətin göstərilməsinin ən azı bir trilyon dollara başa gələcəyini yazır.
“Taliban” hakimiyyəti ələ keçirdikdən sonra təlimlərinə çoxlu vəsait xərclənən Əfqanıstan silahlı qüvvələri rekord sayılacaq qısa müddətdə məğlubiyyətini etiraf etməli oldu. Korrupsiya, yanlış idarəçilik və mübarizə ruhunun olmaması qoyulan pulun gözlənilən uğuru verməməsinin səbəblərindən yalnız biridir. Əfqanıstanın yenidən qurulması ilə bağlı bir çox layihələr də öz bəhrəsini verməyib.
Tərcümə və təqdim etdi: Miraslan