Uğurlarımızın TƏMƏLİ
(11-12-2021, 18:34)

SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında əsasən aşağıdakı vəzifələrin həlli dayanırdı: Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq, qorumaq və möhkəmləndirmək; ikitərəfli və çoxtərəfli əsasda səmərəli beynəlxalq fəaliyyət göstərmək; Ermənistanın hərbi təcavüzünə son qoymaq, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, diktaturadan demokratiyaya keçmək və s. Lakin Azərbaycan rəhbərləri həmin vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum, hakimiyyətin qanadları, mülki hakimiyyət ilə hərbi hakimiyyət arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili siyasəti və onun davamı olan xarici siyasəti ağır vəziyyətə düşərək dalana dirəndi. Ermənistanın işğalının davam etdiyi bir şəraitdə 1993-cü ilin iyununda Gəncə hərbi hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən hakimiyyət ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Ölkənin şimalı və cənubunda separatçılıq gücləndi. Tək ölkə parçalanmaq təhlükəsi qarşısında qaldı. Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yarandı. Bu, Azərbaycan xalqının həyatında ağır günlər idi. Ölkədə ümumi böhran yarandı. Xalqı və dövləti uçurumdan çıxaran lider, dövlət xadiminə ehtiyac duyulurdu. Sabaha ümidsizlik içində çabalayan xalq nicat yolu arayırdı.
Belə bir ağır şəraitdə Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın inamına görə, yalnız o, Azərbaycan dövlətini dağılmaqdan, xalqı məvəvi-psoxoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Heydər Əliyevin 70-ci illərdə respublikanın, sonralar SSRİ-nin rəhbərlərindən biri olması, Naxçıvanadakı fəaliyyəti bu inama əsas vermişdi.
Çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri əsasında Heydər Əliyevi Bakıya dəvət etdi. Əvvəlcə parlament sədri seçilən, az sonra isə ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin qarşısında daxili və xarici siyasət siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dayanırdı.
Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövləti qurmaq, Ermənistanın davam edən təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran və dalana dirənən xarici siyasət xəttindən imtina etmək, ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq və s. idi.
Heydər Əliyev qiyamın baş verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın içində oldu. Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı.
Hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində zora deyil, xalqa arxalandı. Azərbaycanı parçalayan və xaricdən dəstəklənən separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb separatçıları qovdu. Azərbaycan xalqı dövləti müdafiə etdi.
Ölkə qarşısında həlli vacib olan digər məsələlər də dayanırdı. Ermənistanın hərbi təcavüzü davam edir və Azərbaycan əraizləri bir-birinin ardınca işğal edilirdi. Bu isə ölkənin inkişafına mane olan başlıca amil idi.
Azərbaycan dövləti Ermənistanın genişlənən təcavüzünü dayandırmalı, işğal edilmiş Dağlıq Qarabağ regionunu və digər əraziləri qaytarmağa nail olmalı, dövlət quruculuğunu təşkil və qabaqcıl dünya ölkələri ilə əməkdaşlıq imkanlarından faydalanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etməli idi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində etdiyi nit¬qində bununla bağlı olaraq deyirdi:
“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir... Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir... Bu yol ilə getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir”.
Mürəkkəb daxili və xarici problemlərin həlli üçün fəal beynəlxalq siyasət xətti seçildi. Azərbaycanın gələcəyini dövlət müstəqilliyi ilə bağlayan Heydər Əliyev deyirdi:
“Respublikamızın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasət olmasıdır... Bizim xarici siyasətimiz birinci növbədə dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir... Respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq”.
Beləliklə, qarşıda dayanan mürəkkəb vəzifələri gerçəkləşdirmək üçün Azərbaycan Respublikası dövlətinin xarici siyasətinə əvvəlki illərdən fərqli olaraq praqmatizm gətirildi, ölkəni regional təcridçiliyə aparan səmərəsiz xarici siyasət xəttindən imtina edildi, tarazlaşdırılmış, çoxyönlü və çoxistiqamətli xarici siyasət xəttinə üstünlük verildi. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həlli üçün səylər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu. Rusiyanın vasitəçiliyi ilə 1994-cü il may ayının 12-dən etibarən Ermənistan və Azərbaycan arasında atəşkəs elan edildi.
Dünyanın iri şirkətləri ilə 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndən sonra yeni böyük həcmli neft ixracı planlarının reallaşdırılması ölkənin daxili həyatı və xarici siyasətinin yenidən qurulması və canlandırılması üçün açar rolunu oynadı. Bakı – Ceyhan neft, Bakı – Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisinə başlandı. Sonrakı illərdə onların işə salınması nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda neft, qaz paylaşdırıcı və tranzit ölkəyə çevrilərək Avropanın enerji təminatında mühüm rol oynamağa başladı. Enerji diplomatiyası Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirdi. Heydər Əliyev ölkənin təbii sərvət olan neft və qazı Azərbaycan xalqının milli sərvətinə çevirdi.
Dövlət müstəqilliyinin bərpasından sonra Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi Azərbaycan diplomatiyasının qarşısında du¬ran mürəkkəb məsələlərdən biri olmuşdu. Bu məsələyə dair Xəzəryanı ölkələrlə danışıqlar aparıldı.
Avropa ilə Asiyanın qovuşağında mühüm, həssas geosiyasi bir məntəqədə yerləşən Azərbaycan dövlətinin qonşu ölkələrlə – Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə münasibətlərinin qurulub inkişaf etdirilməsi xarici siyasətin prioritet istiqamətlərindən biri oldu. Həmin ölkələrlə münasibətlərdə başlıca məqsəd mehriban qonşuluq və qarşılıqlı faydaya əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurmaq idi. Bununla bağlı olaraq Heydər Əliyev deyirdi:
“...Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətdə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir”.
Azərbaycan – Rusiya münasibətlərində irəliləyişlərə nail olundu, müvafiq sənədlər imzalandı. Şimal qonşu ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışan Heydər Əliyev vurğulayırdı:
“Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovet İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə – Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu, çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub. Bunları qırmaq olmaz, əksinə inkişaf etdirmək lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir”.
Bəzi qonşu ölkələr ilə ikitərəfli münasibətlərdə müəyyən çətinliklər meydana çıxsa da, bütövlükdə, münasibətlərin mehriban qonşuluq və qarşılıqlı fayda əsasında qurularaq inkişaf etdirilməsi siyasəti yürüdüldü. Həmin ölkələrlə münasibətlərin müqavilə-hüquq bazası yaradıldı.
Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətlərindən birini Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişafı təşkil etdi. Bu istiqamətdə xarici siyasətin başlıca məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq, beynəlxalq mövqelərini möhkəmləndirmək, Ermənistanın təcavüzü nəticəsində yaradılmış münaqişəni həll etmək və Avropa ölkələri əməkdaşlıq idi. Bununla əlaqədar olaraq Heydər Əliyev deyirdi:
“...Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən, İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə”.
ABŞ ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi xarici siyasətin mühüm istiqamətlərindən biri oldu. Birləşmiş Ştatlar ilə münasibətlərdən bəhs edən Heydər Əliyev vurğulayırdı:
“Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir”.
Bu niyyəti reallaşdırmaq üçün fəal xarici siyasət xətti yürüdüldü. ABŞ ilə münasibətlərdə qarşılıqlı maraqlar dəqiqləşdirildi və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müvafiq sənədlər imzalandı. Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərinin qurulması üçün səylər göstərildi və ciddi təşəbbüslər həyata keçirildi.
Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Asiya və Afrika ölkələri ilə münasibətlər oldu. Bu baxımdan Çin və Yaponiya ilə müxtəlif sahələri əhatə edən geniş əməkdaşlıq xüsusi yer tutdu. Həmin ölkələrlə münasibətlərin müqavilə-hüquqi əsası yaradıldı.
Ərəb və digər müsəlman ölkələri ilə münasibətlərin qurulub inkişaf etdirilməsi üçün geniş fəaliyyətə başlandı. Bununla bağlı olaraq Heydər Əliyev deyirdi:
“ Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir”.
Həmin ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün bir çox ikitərəfli müqavilə, saziş və protokollar imzalandı. Onların Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllində Azərbaycana dəstək verməsi beynəlxalq təsir imkanı yaratdı.
Azərbaycan Respublikası yalnız ikitərəfli deyil, çoxtərəfli əsasda da fəal xarici siyasət yürüdərək beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutmaq üçün səylər etdi. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq quruldu, onların işində fəal istirak etmək siyasəti gerçəkləşdirildi. Azərbaycan Respublikası BMT, ATƏT, İslam Konfransı Təşkilatı (İKT, hazırda İslam Əməkdaşlıq Təşkilatı), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), 2001-ci ildən isə tam hüquqlu üzv olduğu Avropa Şurasının işində fəal iştirak etməyə başladı, bəzi təşkilatların – Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Gürcüstan, Ukrayna və Moldova ilə birlikdə GUAM-ın qurulmasında iştirak etdi. Həmin təşkilatlarla əməkdaşlıqda başlıca məqsəd ölkənin beynəlxalq mövqelərini möhkəmləndirmək, müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, beynəlxalq siyasi əməkdaşlıq və iqtisadiyyat üzrə qarşılıqlı faydalı münasibətlər qurmaq idi.
NATO və Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri quruldu. Azərbaycan dövləti bu təşkilatların müxtəlif proqramlarında iştirak etməyə başladı.
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətində iqtisadiyyat amili mühüm rol oynadı. Azərbaycan dövləti beynəlxalq maliyyə-bank qurumları və digər təşkilatlarla iqtisadiyyat, maliyyə, bank, nəqliyyat və b. sahələrdə əməkdaşlıq siyasətini gerçəkləşdirdi. Bu əməkdaşlıq ölkədə sosial-iqtisadi islahatların həyata keçirilməsinə kömək edən amillərdən biri oldu. Səmərəli beynəlxalq fəaliyyət ölkə daxilində gedən proseslərə də müsbət təsir göstərdi. Azərbaycanın dövlət müstəqilliyi və mövqeləri möhkəmləndi, dövlət quruculuğu, xalqın təhlükəsiz yaşayışını təmin etmək üçün əlverişli beynəlxalq şərait təmin edildi.
Musa Qasımlı,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, professor