Narkotikdən qurtuluş yolu, təkcə dərmanla olmaz!
(Dünən, 10:30)

Bu gün elm aləmində narkomaniyanın necə izah olunmalı olduğu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Lakin mənim fikrimcə, bu problemi ən dəqiq izah edən klassik yanaşma-“biopsixososial model”dir. Bu model vasitəsilə narkomaniyanın kök səbəblərini araşdırmaq, onları anlamaq və müvafiq müalicə yollarını müəyyən etmək mümkündür. Narkotik asılılığı bəzən genetik meyillə başlayır. Tədqiqatlar sübut edir ki, asılılıqların 30-50%-i genetik faktorlarla əlaqəlidir.
Bu fikirləri dovrunnabzi.az-a araşdırmaçı ekspert Məhbubə Mehdiyeva bildirib. O, qeyd edib ki, beyindəki müəyyən kimyəvi maddələrin ifrazı və onlara reaksiyalar genetik təsirlərlə formalaşır:
“Maddənin istifadəsi davam etdikcə, bədən bu maddəyə uyğunlaşır – tolerantlıq yaranır, asılılıq artır və maddə olmadan yaşamaq çətinləşir. Kanadalı psixoloq Bryus K. Aleksanderin keçirdiyi təcrübə bu sahədə diqqətəlayiqdir. O, siçanları iki fərqli şəraitdə yerləşdirib: biri dar, təcrid olunmuş qəfəs, digəri isə sosial və cəlbedici “Siçan Parkı”. Siçanlara həm adi su, həm də narkotiklə qarışıq su təqdim olunub. Nəticədə məlum olub ki, təcrid olunmuş şəraitdə yaşayan siçanlar narkotikə meyilli olurlar, sosial mühitdə olanlar isə bu seçimdən uzaq dururlar. Bu, sosial əlaqələrin və mühitin asılılığa təsirini açıq şəkildə göstərir. Depressiya, təşviş, travma sonrası stress pozuntusu (PTSD) və digər psixoloji problemlər də maddə istifadəsi riskini artırır. İnsanlar bu problemlərlə başa çıxmaq üçün narkotikə yönələ bilərlər. Lakin bu maddələr daha çox psixoloji pozuntulara yol açaraq vəziyyəti ağırlaşdırır”.

Araşdırmaçı qeyd edib ki, narkomaniya bəzən insanın yaşadığı cəmiyyətin, ailənin və sosial strukturların təsiri ilə formalaşır:
“Yoxsulluq, işsizlik, ailədaxili problemlər və narkotiklərin asan əldə olunması bu riski artırır. İnsanın sosial əlaqələri zəifləyir, tənhalıq hissi artır, nəticədə cəmiyyətdən uzaqlaşma baş verir. Bioloji, psixoloji və sosial faktorlar bir-biri ilə sıx əlaqədədir. Birində baş verən dəyişiklik digər sahələrə də təsir edir. Buna görə də, problemin həllində bu üç sahənin birlikdə nəzərə alınması vacibdir.
Ən effektiv müalicə forması kompleks yanaşmadır:
- Bioloji sahədə: dərmanlarla müdaxilə
- Psixoloji sahədə: psixoterapiya və fərdi dəstək
- Sosial sahədə: sosial yardım, məşğulluq və yaşayışla bağlı dəstək
Müxtəlif insanlar müxtəlif səbəblərlə narkotikə yönəlirlər və eyni şəkildə ondan uzaqlaşmırlar. Genetik, psixoloji və sosial fərqliliklər bu prosesi dəyişir.
Əsas çətinliklərdən biri isə müalicə mərkəzlərinin yalnız bir sahəyə fokuslanmasıdır. Bəzi yerlər yalnız dərman təklif edir, digərləri isə yalnız terapiya. Amma bu yanaşmaların bir araya gəlmədiyi təqdirdə uğur əldə olunmur”.
M.Mehdiyeva əlavə edib ki, əgər parçalanmış yanaşmalardan imtina edilsə, birlikdə hərəkət edilməsə, narkotik asılılığından əziyyət çəkən insanların həyatını dəyişmək mümkün olmayacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1

Xəbər lenti