“İsgəndər”ə qarşı yumurta ataqmı?
(5-04-2021, 17:00)

Fransa, ABŞ, Rusiya vətəndaşı Vladimir Poznerlə Tbilisidə baş verənləri bütün dünya bildi. Səbəbi də məlum oldu: məşhur teleaparıcı vaxtilə Abxaziyanın, Cənubi Osetiyanın Gürcüstanın ərazisi kimi tanımadığını bildirdiyi üçün Gürcüstan vətəndaşları onun gəlişinə etiraz etdilər, qaldığı oteli lax yumurta yağışına tutub, “Gürcüstandan rədd ol!” dedilər. Adama deyərlər ki, həm gəldiyin ölkənin köklü maraqlarına qarşı çıxış edirsən, həm də gəlib həmin ölkədə ad günü keçirmək istəyirsən? Elə Abxaziyaya gedəydi də. Və yaxud dəfələrlə Qarabağ məsələsinə də münasibət bildirəndə ermənilərin mövqeyini dəstəkləmisən, ermənilər səni dost bilirlər, gedəydin İrəvanda ad günü keçirəydin. Saymamazlığın nəticəsi göz önündədir-qovdular!

Bu hadisə barədə fikirləşəndə istər-istəməz düşünürsən- bizim də bu cür qova biləcəyimiz potensial namizədlər varmı? Namizədlər kifayət qədərdir, onları burada sadalamağa heç ehtiyac yoxdur. Biz onları tanıyırıq - bizə “İsgəndər” raketi atanlardır. Bu raketləri istehsal edən Rusiya 5 il əvvəl – 2016- cı ildə Ermənistana raketləri verəndə bilirdi ki, bu raketlər Azərbaycana atılacaq. Qalmaqallı raket məsələsindən belə nəticə çıxır ki, raketləri Azərbaycana Rusiya ilə Ermənistan birlikdə atıb. “İsgəndər-M” raketləri Rusiyaya məxsusdur. Raketin atılması xəbərini isə Paşinyan, Serj Sarkisyan, Movses Akopyan verir. Deməli, birlikdə atıblar. Bunlardan birini -Ermənistanı məğlub edib, torpaqlarımızdan qovduq. İkincisi dünya gücüdür, biz onunla raket atışı mübadiləsi edəsi deyilik, amma yumurta ata bilərik. Poznerə atılan yumurtadan. Bu, sadəcə lax yumurta deyil, bu nifrət yumurtasıdır və gücü “İsgəndər”dən artıqdır. Raket qalmaqalına doğru -dürüst cavab hələ də verilməyib. Rusiyanın qab qırmış pişik kimi davranışı, bir-birini təkzib edən izahatları günahkarın məsuliyyətdən qaçmaq cəhdinə bənzəyir. “İsgəndər” qalmaqalı onsuz da Rusiyanın dünyada da, konkret olaraq “dostları” arasında da zəif olan etibarını bir xeyli sarsıtmış oldu.
Və indi keçmiş Dağlıq Qarabağda sülh yaratmaq, sülh qorumaq işi 5 aydır ki, bizə “İsgəndər” atana həvalə edilib. O sülh olacaqmı? 5 ayda bizə tərəf bir addım da atılmayıb. Bütün fəaliyyətlərinin bir adı var- ermənilərin etimadını qazanmaq. 20 iyun Ermənistandakı seçkilərə qədər Qarabağda heç bir kəskin hərəkətlənmələr gözlənilmir.
Gələn həftə Moskvada Putinlə Paşinyan görüşündə şərtlər danışılacaq; ya Rusiyanın şərtlərinə Paşinyan tam əməl edəcək, ya da seçkiyə qədər Qarabağda elə hadisələr baş verə bilər ki, bu gün seçkidə qələbə qazanmağa yaxın olan kimi görsənən Paşinyanın reytinqi qısa müddətdə heç ola bilər və ondan qisas almağa hazır olan rəqibləri önə çıxa bilərlər. Paşinyan da bununla razılaşacaq. Bu razılaşmalarda, şərtlərdə çətin ki, bizim maraqlarımız nəzərə alınsın. Biz siyasətimizi necə qurmalıyıq?
“İsgəndər” məsələsi indiki vəziyyətdə bizi hesab soran tərəfə çevirib. Bunu birbaşa edib şimal ayısını qəzəbləndirmədən 10 noyabr Bəyanatından irəli gələn bəndlərin reallaşması üçün tələblərimizi Rusiya qarşısında bu aylarda açıq və ya məxvi şəkildə qoymaq lazımdır. Gizli şəkildə ona görə ki, həssas seçki dönəmində yuxarıda qeyd etdiyimiz kimi, Qarabağda kəskin dönüşlərin perspektivdə zərər gətirəcəyi mümkündür. Amma, mütləq tələblər- Qarabağ bölgəsinin demilitarizasiyası, yəni Ermənistan silahlı qüvvələri, erməni silahlı birləşmələri son nəfərinədək Azərbaycan ərazisindən çıxarılmalı, Xankəndi və ətrafından olan azərbaycanlı qaçqınların geri dönməsi üçün ilkin işlərə başlanmalı, Qarabağ daxili yolların işlək və təhlükəsiz hala gətirilməsi. Bu, 10 noyabr bəyanatından irəli gələn tələblərdir, amma iş bununla bitmir.
“İsgəndər”i hədiyyə edən, atan, atdıran hiss etməlidir ki, əks halda nifrət yumurtası ortaya atılacaq. Bu hər iki tərəf üçün, xüsusilə Ukrayna böhranı yaşayan, növbəti sanksiyalar gözləyən Rusiya üçün daha pis olacaq. ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan SSRİ-ni “Şər imperiyası” adlandırdı və SSRİ tezliklə dağıldı. ABŞ-ın indiki prezidenti Bayden də Putinə “qatil” deyib. Nəticəsinin ağır olacağına şübhə yoxdur. İşimizi bilək.
İlham İsmayıl
Ana səhifəyə qayıt
Oxunub: 247
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar