Dünya yeni düzən ərəfəsində
(17-06-2023, 09:00)

Yeni dünya düzənini labüd edən, diktə edən obyektiv reallığın olması və onun dəyişdirilməsi zərurətidir.
XXI əsrin I yarısı sivilizasiyaların qarşıdurması və toqquşması ilə xarakterizə olunur. 24 fevral 2022-ci ildə balşamış Rusiya-Ukrayna müharibəsində Qərb və Slavyan provaslav sivilizasiyalarının toqquşmasını görürük. Böyük güclərin mövqe mübarizəsi zəminində ABŞ və Qərbi Avropa dövlətləri – Çin qarşıdurması diqqəti cəlb edir və pik həddə çatmışdır. Bu fonda bəzi sivilizasiyaların yaxınlaşması istisna edilmir.
XXI əsrin I yarısında beynəlxalq hüququn yetərli olmaması, beynəlxalq təşkilatların nüfuzunun aşağı düşməsi bəzən onların çıxardığı qərar və qətnamələrin həyata keçirilməməsi, ikili standartların mövcud olması müşahidə edilir. Dövlətlərarası münasibətləri tənzimləyən BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələri 30 ilə yaxın vaxt ərzində yerinə yetirilməmişdir.
“Əsrin müharibəsi” adlandırıla biləcək Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ciddi təsirli tədbirlər həyata keçirilməmişdir. 2019-cu il dekabrın 31-də Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına “Covid-19” kütləvi yluxma hallarının olması barədə məlumat vermişdir. Yalnız 2020-ci il martın 11-də “Covid-19” pandemiya elan edilmişdir. Xəstəliyin yayılması, müalicəsi, profilaktikası ilə əlaqədar koordinasiyalı fəaliyyət yetərli aparılmamışdır. Xəstəliyə qarşı peyvəndlərin bölüşdürülməsində kobud səhvlər olmuş, sosial ədalət prinsipi pozulmuş, “peyvənd millətçiliyi” deyilən hal baş vermişdir. İqlim dəyişmələrinə aid Paris sazişi 12 dekabr 2015-ci ildə konsessusla qəbul olunmuş 22 aprel 2016-cı ildə iştirakçı dövlətlər tərəfindən imzalanmışdır. Bu razılaşma Kiota protokolunu əvəz etmişdir. Sazişə əsasən atmosferdə karbon-dioksidin konsentrasiyasını azaltmaq yolu ilə qlobal orta tempratur artımını 2%-dən aşağı saxlamağa səy göstərilir. İstər milli hədəflərin elan edilməsi, istərsə də onlara çatmaq üçün icra mexanizmi nəzərdə tutulmayıb. İnsan hüquqlarının kütləvi şəkildə pozulması dünyanın müxtəlif regionlarında rast gəlinmişdir. Bunun bariz nümunəsini İran İslam Respublikasının timsalında göstərə bilərik. Bu dövlət terrorizmi dəstəkləyir. Yaxın Şərq dövlətlərində terror aksiyaları həyata keçirir, dini radikalizmi yayır. Hakimiyyətdə olan fars-molla rejimi ölkə daxilində qeyri-fars millətlərə, azərbaycanlılara, bəluclara, kürdlərə, ərəblərə qarşı diskriminasiya həyata keçirir. Bu dövlətdə yaşayan xalqlar farslardan savayı, öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar. Mülki və siyasi hüquqlar “teokratik çərçivəyə” salınmışdır. İrandakı məhkəmə-hüquq sistemi orta əsr məhkəmə sistemini xatırladır. Əksər dövlətlərdə ölüm hökmünün ləğv olunmasına rəğmən, İran İslam Respublikasında günahsız insanlar günahlandırılır, ölüm hökmü ən ağır formada – boğazından asılmaqla icra olunur. Bir sözlə, fars şovinizmi qanla meydan sulayır.
XXI əsrin I yarısı eyni zamanda millətlərarası və dinlərarası münasibətlərin kəskinləşməsi ilə xarakterikdir. Antisemitizm, türkofobiya, islamafobiya, russofobiya, ksenofobiya geniş vüsət almışdır. Fransada yəhudi qəbiristanlığında qəbirüstü dağıdılmış, sındırılmış, pis vəziyyətə salınmışdır. İsveçə İslamın müqəddəs kitabı “Qurani-Kərim” Türkiyə səfirliyi önündə yandırılmışdır. Yenə də həmin “dünyanın mədəniyyət beşiyi” Fransada İslam dininin banisi Məhəmməd (s.ə.s) peyğəmbərin karikaturası çap olunmuş və yayılmışdır.
6 fevraı 2023-cü ildə Türkiyədə baş vermiş “əsrin fəlakəti” hesab olunan zəlzələyə Fransada karikatura çəkilmişdir. Bəzi dövlətlər ekoloji terrordan istifadə edirlər. İran İslam Respublikasında Urmiya gölünün qurudulması, Ermənistan tərəfindən Oxçuçayın təmizlənməmiş mis-molibden kombinatının tullantıları ilə çirklənməsi, Arazdəyən deyilən yerdə, Azərbaycanla sərhəddə metallurgiya zavodunun tikilməsi azərbaycanlılara qarşı yönəlmiş ekoloji terror hadisəsidir. Rusiya-Ukrayna müharibəsində Kaxovka Su Elektrik Stansiyası bəndinin partladılması ekoloji terror hadisəsidir. Su Elektrik Stansiyası bəndinin uçurulması beynəlxalq konvensiyaya əsasən qadağan olunmuşdur və nüvə silahından istifadəyə bərabər tutulur.
Azərbaycan Respublikası özündə həm Qərb, həm də Şərq sivilizasiyalarının dəyərlərini birləşdirir. Hüquqi, dünyəvi, multikulturalist ənənələri olan demokratik dövlətin qurulması, həmçinin, şəxsiyyətin ali sərvət kimi ictimai həyatın mərkəzinə çəkilməsi Azərbaycanı Qərbyönümlü edir. Etnik köklərə bağlılıq, dini mənsubiyyətə sadiqlik, adət-ənənələrin layiqli daşıyıcısı olması onu Şərq sivilizasiyasının nümayəndəsi kimi təqdim edir. Müasirlik, islamçılıq, türkçülük Azərbaycanın həyat kredosuna çevrilmişdir. Azərbaycanda milli azlıqlar özünü sərbəst hiss edir, adət-ənənələrini davam etdirir, bayramlarını keçirir, ixtimai həyata fəal inteqrasiya olunmuşdur. Onlar ali hakimiyyət orqanlarında da yetərincə təmsil olunurlar. Bu gün Azərbaycan milli və ümumbəşəri maraqların təzad təşkil etmədiyi unikal bir məkana çevrilmişdir.
Dövlətlərarası münasibədə dinc, yanaşı yaşamaq, qarşılıqlı fayda əsasında əməkdaşlıq etmək, bir-birinin daxili işlərinə müsbət mənada qarışmamaq, terrorizmin hər hansı formalarına qarşı çıxmaq, ekspansionizmin yolverilməzliyinə sadiq qalmaq, daha yaxşı gələcəyə yönəlmiş təşəbbüslərə, ideyalara dəstək vermək Azərbaycan dövlətçiliyinin əsas xüsusiyyətləridir.
Azərbaycan dövləti ümumbəşəri nailiyyətlərin zənginləşdirilməsi və transformasiyası istiqamətində mühüm işlər aparır.
Məsum Kamaloğlu Əliyev,
Kürdəmir rayon Karrar kənd ailə-sağlamlıq mərkəzinin bölmə müdiri
Ana səhifəyə qayıt
Oxunub: 154
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar