"AZƏRBAYCAN-TÜRKİYƏ İTTİFAQI FORMALAŞIR..." - "Suverenliyimizə təhdid yaranarsa, Türkiyə Silahlı Qüvvələri..."
(15-02-2022, 12:55)


"Türkiyə bundan sonra istənilən vaxt öz silahlı qüvvələri ilə Azərbaycanın müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Azərbaycan və Türkiyə prezidentlərinin 15 iyun 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsi bu ilin fevralında hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildi və dövlət rəhbərləri tərəfindən də təsdiqləndi. Artıq bu, rəsmi qüvvəyə minən müttəfiqlik sənədidir.

Mümkündür ki, sənədin təxminən 8 ay sonra Milli Məclisdə, ardınca Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunması, sonradan prezident İlham Əliyevlə prezident Rəcəb Tayyib Ərdoğanın sənədi imzalaması - bütün bu proseduralar zaman tələb edib, beynəlxalq birliyin Türkiyə-Azərbaycan birliyinin rəsmiləşməsini həzm etmələri üçün uyğun zaman gözlənib.

İstənilən halda Şuşa Bəyannaməsi Azərbaycanın, xüsusilə də Qarabağın, Şuşanın qorunmasında mühüm rola malikdir. Azərbaycana başqa ölkə tərəfindən hərbi aqressiya olarsa, Türkiyə müdaxilə edib, bizi qorumaq hüququ əldə etdimi? Türkiyə rəsmən Azərbaycanda silahlı gücü ilə təmsil olunmaq haqqı qazandımı?


Murad Sadəddinov


Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirib ki, Şuşa Bəyannaməsi çox böyük strateji və tarixi müqavilədir. Bu sənəd iki qardaş dövlətin strateji, hərbi müttəfiqliyini rəsmiləşdirmiş oldu: “2010-cu ildə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım barədə imzalanmış müqavilə də mövcud idi. Ancaq Şuşa Bəyannaməsi yeni reallıqlar yarandıqdan sonra imzalanıb və daha dəqiq, daha geniş əhatəli müttəfiqlik sənədidir. Azərbaycan-Türkiyə müttəfiqliyi qədər səmimi, sıx ittifaq dünyada yoxdur. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Qısa zaman keçməsinə baxmayaraq artıq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır.

Bu sənəd regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmlidir. Bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından çox mühüm məsələ hesab olunur. Bu sırada Zəngəzur dəhlizindən danışmamaq mümkün deyil. Bəyannamədə Zəngəzur dəhlizi ilə əlaqələrin qurulması xüsusi əksini tapır. Bütövlükdə isə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradır".

Ekspert vurğuladı ki, Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına gətirib çıxarır: “Ümumilikdə götürdükdə isə Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsindən sonra Azərbaycanın təhlükəsizliyi üçün Türkiyənin önəmini bir daha təsdiqləyir. Əbəs yerə deyil ki, bu bəyannamə Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əhəmiyyətli strateji əhəmiyyəti həm də budur. Artıq Türkiyə ilə Azərbaycanın hərbi müttəfiqliyini rəsmiləşdirən ratifikasiya olunmuş sənəd mövcuddur. Bu, o deməkdir ki, Azərbaycana bundan sonra istənilən istiqamətdən xarici təcavüz olarsa, suverenliyinə, ərazi bütövlüyünə təhdid yaranarsa Türkiyə Silahlı Qüvvələri müdaxilə edəjək, Azərbaycanı təcavüzdən, təhdiddən qorumaq üçün hərəkətə keçəcək”.

M.Sadəddinov qeyd etdi ki, Şuşa Bəyannaməsi Qarabağın qorunmasına da öz təsirini göstərəcək. Eyni zamanda gələcəkdə Azərbaycanın hazırda erməni separatçıları olan bölgəsində suverenliyimizin bərpası üçün də bu müttəfiqlik sənədinin çox böyük əhəmiyyəti var: “Bəyannamədə konkret qeyd edilir ki, tərəflərdən hər hansı birinin suverenliyinə, ərazi bütövlüyünə təhlükə olarsa, müdaxilə olarsa, müttəfiq tərəf müdaxilə edəcək və öz müttəfiqini qoruyacaq. Odur ki, Türkiyə bundan sonra istənilən vaxt öz silahlı qüvvələri ilə Azərbaycanın müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 92

Xəbər lenti