Böyük azərbaycanlı ilə vida: “Xüsusi missiya ilə gəlmişdi; üzüağ gedir, yolu açıq olsun!” - Fotolar
(5-01-2022, 13:30)

Yanvarın 1-də Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişən diplomat, ictimai xadim Ramiz Abutalıbov bu gün (4 yanvar) II Fəxri Xiyabanda torpağa tapşırıldı. Əvvəlcə Təzə Pir məscidində cənazə namazı qılındı, mərhumun ruhuna dualar oxundu. Böyük azərbaycanlı ziyalımızın vəsiyyətinə uyğun olaraq onun cansız cisminin üzərinə Azərbaycan bayrağı sərilmişdi. Ömrünü Azərbaycana xidmətlə başa vuran, həyatı boyu Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət qurucularının keçdiyi məşəqqətli həyat yolunun araşdırmasına, xarici ölkə arxivlərindəki Azərbaycanın dəyərlərilə bağlı olan qiymətli sənədlərin toplanması, nəşri və ölkəmizə gətirilməsi kimi çox böyük işlər görmüş aydınımızla vida mərasiminə mərhumun ailə üzvləri, yaxınları ilə bərabər, hökumət və ictimaiyyət nümayəndələri, media nümayəndələri də qatılmışdılar.
Xatırladaq ki, Ramiz Abutalıbov ötən ilin payızında yıxılaraq ağır zədə aldığı üçün Moskvada xəstəxanaya yerləşdirmişdi. Təəssüf ki, həkimlər onun həyatını xilas edə bilmədilər.
Böyük ziyalımız torpağa tapşırıldı, məzarı üzərinə tər çiçəklər, müxtəlif qurumların və şəxslərin adına olan əklillər düzüldü, həmçinin Azərbaycan bayrağı sərildi. Vida mərasimində iştirak edən dəyərli insanlarımız böyük ziyalımızla bağlı ürək sözlərini, xatirələrini bölüşdülər:
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidi Musavat.com-a göz yaşları içərisində danışdı: “Əvəzolunmaz insanı itirdik. Yeri daim boş qalacaq. Onun əvəzolunmaz, yeri daim boş qalacaq həyatını başqa heç kəs yaşaya bilməzdi, tək bir insan idi, haradansa uçub gəlmişdi bizim aramıza. Gəlmişdi xüsusi bir missiya ilə: Cümhuriyyəti bizə tanıtdırmağa, onun ruhunu gətirməyə, indi də gedir onların hüzuruna. Üzüağ gedir. Yolu açıq olsun! Biz də burda qalmışıq, bacardıqlarımızı, onun dediklərini edəcəyik, inşallah. Allah ruhunu rahat eləsin! Mən demirəm şad eləsin, bu boyda zəhmətinin qabağında ruhunu rahat eləsin!”
Əməkdar rəssam Rəis Rəsulzadə: “Ramiz Abutalıbovun xidmətləri çox böyükdür. O, əsl ziyalılığın nümayəndəsi idi. Ramiz müəllimin istər sovet dönəmində, istərsə müstəqillik dövründə gördüyü işlər çox böyük əhəmiyyət kəsb edir. Allah rəhmət eləsin!”
Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli deyir ki, əslində Ramiz Abutalıbov adının özü bir rəmzdir, simvoldur: “Bizim mənəvi simvollarımızdan biridir. Ramiz Abutalıbov çox ibrətamiz bir ömür yaşayıb və hansı dərəcədə, hansı ideallıqda azərbaycanlı olmaq mümkündürsə, onu nümayiş etdirib: özünün əməlləri, düşüncəsi ilə, Azərbaycanı, dəyərləri təbliğ etməklə... Azərbaycan Cümhuriyyətinin, bizim siyasi mühacirətin tarixini, bizim siyasi xadimlərin - Topçubaşovun, Rəsulzadənin, digərlərinin arxivini toplayıb, Azərbaycana gətirib. Bizim legionerlər haqqında çox maraqlı kitabçası var, biz onu Azərbaycan dilində çap etmək istəyirdik, son məqamda özü razı olmadı. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə ilə bağlı, görkəmli yazıçımız Ümmülbanu ilə bağlı yazdıqları məqalələr, onun görüşləri, yaradıcılığı haqda məqalələri çox qiymətli əsərlərdir”.
Q.Məhərrəmli bildirdi ki, “Əbədi ezamiyyət” filmində bu arxiv materiallarına istinad edilib: “Onun ən böyük xidməti Azərbaycan Cümhuriyyəti dövrü və bizim siyasi mühacirətin formalaşması haqqında silsilə kitabları ərsəyə gətirməsidir. Böyük dostumuz Georgi Mamuliya ilə birlikdə buraxdığı 4 cildlik əsər hesab edirəm ki, bizim siyasi mühacirət tariximizin təməl daşıdır. Ramiz Abutalıbovun vəfatı bizlər üçün çox ağır itkidir . Allah rəhmət eləsin!”
Azərbaycan diasporunun nəhəng nümayəndələrindən olan Ramiz müəllim barədə Diaspor üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da Musavat.com-a fikirlərini bölüşür:
“Allah rəhmət eləsin! Ramiz müəllimlə bizim bir çox ideyalarımız var idi. İki il bundan öncə biz Üzeyir Hacıbəyovun ailəsinin – bu ailənin bir neçə qolları var idi, Ceyhun Hacıbəylinin ailəsini, Ramiz müəllimin təşəbbüsü ilə Bakıya dəvət etmişdik. Ondan sonra Ceyhun Hacıbəylinin əlyazmaları əsasında – Ramiz müəllimin redaktəsi ilə - Paris dövrünə aid kitab nəşr edildi, Diaspor Komitəsinin dəstəyi ilə. Bir neçə böyük planlarımız var idi. Son ildə səhhəti ilə bağlı bir az narahat idi. Amma planlaşdırmışdıq ki, onunla bağlı bir neçə layihəni reallaşdıraq...” Komitə sədri qeyd etdi ki, Ramiz müəllim həm Cümhuriyyət varisləri, həm mühacir həyatı, həm diaspor quruculuğu ilə bağlı böyük işlərə imza atmış şəxsiyyətdir: “Azərbaycan dövləti də hər zaman Ramiz müəllimə dəstək olub, diqqət göstərib”. F.Muradov bildirdi ki, R.Abutalbovun işıq üzü görməyən çoxlu əlyazmaları qalıb: “Biz çalışacağıq ki, gələcəkdə onları da nəşr etdirək”. Komitə sədri Ramiz müəllimin itkisini Azərbaycan üçün böyük itki olaraq qiymətləndirdi: “Ramiz müəllim həm Fransanı, həm Rusiyanı yaxşı tanıyırdı, çox yaxşı əlaqələri var idi. Allah rəhmət eləsin! Bütün ailə üzvlərinə başsağlığı verirəm”.
Fikirlərinin sonunda Fuad Muradov hamımızı duyğulandıran bir məlumatı açıqladı. Bildirdi ki, əvvəlcədən əldə olunan razılaşmaya əsasən, bu gün – 4 yanvarda Diaspor Komitəsinin təşkilatçılığı ilə “zoom” müşavirə keçirilməliymiş. Ramiz Abutalıbov da müşavirədə iştirak etməyə söz veribmiş. Əcəl aman vermədi...
Xatırladaq ki, Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də, Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 1980-1984-cü illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb. 1–ci dərəcəli müşavir-diplomat, ictimai xadim, H.Z.Tağıyev adına Milli mükafat laureatı (1994) olan R.Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib. Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R.Abutalıbovun böyük zəhməti olub. Bu barədə xatirələrində bildirirdi ki, YUNESKO-dakı araşdırmalar aparan zaman əldə etdiyi 240 kiloqramdan çox arxiv materiallarını Bakıya göndərib. YUNESKO katibliyinin sabiq işlər müdiri olan Ramiz Abutalıbov Əlimərdan Topçubaşov, Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu haqqında materialları Azərbaycan Demokratik Respublikası haqqında Fransa mətbuatında çap olunan məqalələri, nadir fotoşəkilləri ilk dəfə üzə çıxarıb.
R.Abutalıbov əldə etdiyi sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir. Parisdə 1989-cu ildə “Azərbaycan evi” assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, “İçərişəhər” (2000-ci il) və "Muğam"(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub. Bakı Media Mərkəzi 2016-cı ildə R.Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında “Əbədi ezamiyyət” sənədli filmi çəkilib və “Qərib məzarlar” kitab-albomu nəşr edilib. Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.
Və sonda:
Razmiz Abutalıbov 2020-ci ildə Parlament Jurnalistlər Birliyinin təsis etdiyi “Şirməmməd Hüseynov” Mükafatının qalibi olmuşdu. Ömrü boyu Azərbaycana təmənnasız xidmət göstərən böyük aydınımız bu, rəmzi məna daşıyan mükafata layiq görülməsini məmnunluqla qarşılayaraq yüksək alicənablıqla minnətdarlığını bildirmişdi. Keçən ilin mayında Bakıya gəlməyi planlaşdırırdı və dostunun, əqidədaşının adını daşıyan mükafatı da 28 May Cümhuriyyət günündə təqdim etmək niyyəti var idi, ancaq pandemiya imkan vermədi. Sonrakı aylardakı telefon danışıqlarımız zamanı qocalıq və xəstəlik səbəbindən Vətənə gələcəyinə ümidinin az olduğunu deyirdi. Görünür qismət beləymiş, canından artıq sevdiyi və həyatı boyu uğrunda çalışdığı Azərbaycan torpağına əbədi qovuşdu, sinəsi üzərində üçrəngli, ay-ulduzlu bayrağımız...Taleyin yazısına baxın ki, iki dost, yoldaş, sirdaş, əqidədaş Şirməmməd Hüseynov və Ramiz Abutalıbov bir məzarlıqda uyuyur.
Allah hər ikisinə rəhmət eləsin, məkanı cənnət olsun Cümhuriyyət tariximizin yorulmaz və təmənnasız araşdırmaçılarının!