"Suyu başıma tökdü ki, yatmayım, amma su sifətimdən qana qarışıb aşağı gələndə içməyə başladım"
(25-01-2021, 12:00)



Qazi Şirinov Murad Vüqar 1995-ci ildə anadan olub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılan Murad, həm də aprel döyüşlərində iştirak edib. Xidməti dövründə fəxri fərman və təşəkkürnamə ilə təltif edilib. 

Vətən müharibəsində döyüşlərə qatılan Murad kəşfiyyatçı kimi əməliyyatlara başlayır.   

Qəhrəmanımız öz döyüş yolunu Moderator.az-a belə nəql edib:
“Vətən müharibəsində çox ağır döyüşlərimiz oldu. Döyüş heç bir halda asan deyil. Amma bizim qəhrəman oğullarımız isə bu çətinliyə dözəndir. Bizə əmr verildi ki, səhər tezdən əməliyyata başlayacaqsınız, hazır olun. Biz Cəbrayıl istiqamətinə getdik və gecə saatlarında maşında gözləyirdik, mən isə yatmışdım. İki dəfə gox güclü səs gəldi və yuxudan ayıldım. Düşmən artilleriyadan əraziyə atəş açmışdı. Uşaqlar dağların aşağı hissəsinə, mən isə yamaca tərəf uzandım. Bu zaman üçüncü bir mərmi gəlib yanıma düşdü, onun küləyi məni bir az silkələdi. Mən ordan durub komandirlərimə tərəf qaçdım, çünki onları qorumaq istəyirdim. Bizim kapitan Rəcəbov Heydər adlı komandirimiz var idi, çox yaxşı insan idi, hətta yaralandı, amma döyüşə davam etdi. Qolu sınmışdı. Onda bizə demişdilər ki, atəşkəs olacaq və ermənilər ərazidən meyitlərini çıxaracaqlar. Amma ermənilər yenə müharibə qaydalarını pozub bizi atəşə tutdular. 
Biz ordan Füzulinin arxa tərəfinə keçdik. “Kamaz”-dan yerə tullananda barmağım çıxdı, amma özüm barmağımı yerinə saldım. Orda üç yüksəklik vardı, birincisində bizim kapitan Rəcəbov Heydər dururdu, ora qərargah idi, üçrəngli bayrağımızı da ora taxıb bölmələriylə bizi də idarə edirdi. Birinci tağım birinci, ikinci tağım ikinci, üçüncü tağım isə üçüncü yüksəklikdə gözləyirdi. Gecəylə bütün səngərlər qazıldı, müşahidə məntəqələri quruldu. Bütün koordinatları isə kapitan H.Rəcəbov vermişdi. Səhər tezdən düşmənin artilleriyası bizi vurmağa başladı. Bizim üçüncü tağımın ətrafına mərmi düşdü və hamı hazır vəziyyətə gəldi. Daha sonra mənim tağımımı, birinci tağımı artilleriya vurdu. Səngərdə uzanmışdım və maskalanmışdım, özüm snayperçiyəm. Məndən başqa uşaqlar da maskalanmışdılar. 
Növbəti mərmi gəldi mənim 15-20 metr məsafəmə düşdü. Orda partlayış baş verdi və zərbənin təsirindən torpaq gəlib üstümə töküldü. Partlayışdan sonra baxdım ki, bir qəlpə gəlib ayağımın düz yanında torpağa girib. Orda düşmənlə şiddətli döyüşümüz oldu və biz ermənilərə gözləmədiyi cavabı verdik. Onda özümü tanıdım. Döyüş meydanı elə bir şeydir ki, insan həm də özünü tanıyır. Düşməni orda ağır itkilərə məruz qoyduq və yüksəklikləri azad etdik. Orda düşmənin bir keçi və danasını vurduq. Heyvanları kəsib kabab edib yedik. Bunu sizə qısa danışıram, amma bir neçə gün bizim o yüksəkliklər uğrunda döyüşlərimiz olub. 
Bir neçə saat sonra xəbər gəldi ki, İlandağ tərəfdə döyüşlər gedir və hazır olun, ora dəstəyə gedəcəyik. Biz hazırlaşdıq. Dostlarla bu döyüşə gedəndə hamı bir-biriylə qucaqlaşıb gedirdi. Çünki bilirsən ki, bir neçə saatdan sonra kimsə şəhid olacaq. Maşınlara minib yola düşdük. Bu bizim axırıncı missiyamız idi, bunu tamamlayıb başqa istiqmətdə irəliləyəcəkdik, ya da arxaya çəkilib dincələcəkdik. Qarşımızda düşmənin iki yüksəkliyi var idi və artilleriyanı da orda yerləşdirib yuxarıdan aşağı bizi asanlıqla vururdular. Hardansa elə bildim ki, mənim getdiyim “Kamaz”ı vuracaqlar. Yavaşca kəlmeyi-şəhadətimi deməyə başladım. Uşaqları başıma yığıb yolboyu söhbət edirdik. Kəlmeyi-şəhadəti uşaqlar da təkrarlayırdılar. Sonuncu cümləni deyəndə bir də gördüm ki, artıq qıc olmuşam, səsdən qulağım batmışdı. Sən demə, həmin vaxt bizi vurublar. Maşını düz mən oturduğum yerin altından vurmuşdular. Gözlərimi açdım baxırdım, amma ayıla bilmirdim. Ətrafa baxanda gördüm ki, yanımda yaralı əsgər yoldaşlarım var. Maşının içində qalmağımdan heç kimin xəbəri yox idi. Artıq elə bildim ki, şəhid oluram və kəlmeyi-şəhadətimi gülə-gülə oxuyurdum. Bir anın içində gözlərimin önündən övladım, anam, yaxınlarım gəlib keçdi. Əlimi göyə qaldırıb bölük-bölük deyəndə düşmən yenə maşına yaylım atəşi açmağa başladı. İkinci mərmi əraziyə düşdü və valı məni maşının içindən götürüb o biri tərəfə çırpdı. Çağırsam da səsdən heç kim eşitmirdi. Bronjiletimi əynimdən çıxaranda gördüm qəlpə bədənimə girib qalıb, amma ağrıya dözüb qəlpəni bədənimdən çıxardım. Növbəti dəfə əraziyə mərmi düşdü və zərbə məni “Kamaz”dan yerə tulladı. Yerdə hərəkətsiz vəziyyətdə qalsam da əlimi qaldırıb bölük-bölük deyə çağırırdım və mənim səsimi eşitdilər. İki əsgərimiz gəldi və məni ərazidən çıxardılar. Zərbənin təsirindən bel kəmərim də belimə keçmişdi. Uşaqlara dedim ki, kəmərimi kəsib şalvarımı çıxarın. Daha sonra üşüməyə başladım və uşaqlara dedim ki, üstümü örtün. Yanımdakı döyüş yoldaşlarımın çoxu şəhid olmuşdu. Mən ağır yaralandığım üçün qan itirirdim və buna görə halım pisləşirdi. 
Düşmən yenə əraziyə yaylım atəşi açdı və uşaqlara dedim ki, mənim qoyub çıxıb gedin. Siz məni necə aparacaqsınız? Onları yola saldım və söz verdim ki, ərazidən çıxacam. Yerdə uzanmışdım və gördüm ki, artıq özümdən gedirəm. Birtəhər ayağa durdum və düşmən isə qarşıdakı yüksəklikdə idi. Bilirəm ki, mən burdan çıxmalıyam. Sürünə-sürünə getməyə başladım. Daha sonra yeriməyə başladım və halsızlıqdan yerə yıxılan kimi yanımda minamyot qəlpəsi partladı. Özümdən də xəbərim yoxdur ki, sən demə, mən düşmənin üstünə gedirəm. Daha sonra bunu bilib istiqaməti dəyişdim. Gördüm ki, “Kamaz” gəlir, əlimi qaldırdım ki, məni görsün, amma keçib getdi. Fikirləşdim ki, məni görmədi, keçdi. Sonra gördüm ki, hərbçi yoldaşım “Kamaz”ı dərəyə salıb gizlətdi və geri qayıtdı. Mənə dedi ki, narahat olma, bir az kömək etdi yeridim, amma gördü ki, belə aparmaq mümkün olmayacaq, məni boynuna götürüb maşına mindirdi. Daha sonra məni sillələdi ki, yatmayım. Su istədim, dedi ki, olmaz, suyu başıma tökdü ki, yatmayım, amma su sifətimdən qana qarışıb aşağı gələndə içməyə başladım. Ordan məni bölüyə çatdırdı və orda həkimlər ilkin tibbi yardımı göstərib hospitala gətirdilər”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 68

Xəbər lenti