"Anar Kərimov diplomat olsa da UNESCO-da mədəniyyət sahəsi ilə sıx işləyib" - MÜRACİƏT
(14-01-2021, 11:00)
Yeni il yeni başlanğıclar, yeni nəfəs, yeni layihələrin gəlişi deməkdir. Hələ ki, bu yeni ildə yeni islahatlar, yeni kadrlarla başalanğıc etmişik. Ötən ilin son günlərində hər kəsin uzun müddətdir ki, gözlədiyi an yetişdi və nəhayət Mədəniyyət nazirliyində yeni nazir- Anar Kərimov təyin edildi.
Moderator.az mədəniyyət yazarları arasında sorğu keçirərək onlardan yeni nazirdən gözləntirlərini xəbər alıb.
“Yeni nazir bu yanaşmanı dəyişməyə cəhd etsin”

Tanınmış yazar Etibar Cəbrayıloğlu bizimlə söhbətində bəzilərinin, hətta sənət adamlarının da Mədəniyyət Nazirliyinə ancaq fəxri ad, mükafat üçün təqdimat yazan idarə kimi baxıdığını bildirdi: “Təxminən 6-7 ay öncə sosial şəbəkələrdə “Yeni mədəniyyət naziri kim ola bilər?” sorğusu keçiriləndə mən mümkün namizədlərin arasında Anar Kərimovun adını çəkmişdim. Müşahidələrimdən, aldığım məlumatlardan əmin idim ki, Anar Kərimovun Azərbaycanın UNESCO-dakı nümayəndəsi kimi fəaliyyəti ölkə rəhbərinin, xüsusi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətini çəkib.
Anar Kərimov diplomat olsa da, qeyd etdiyim kimi, UNESCO-dakı fəaliyyəti dövründə mədəniyyət sahəsi ilə sıx işləyib, nazirin vəzifəsini müvəqqəti icra etdiyi bu aylar ərzində nazirlik sistemi ilə yaxından tanış olmaq imkanı əldə edib. Amma ölkədə davam edən karantin rejimi mədəniyyət müəssisələrinin geniş şəkildə fəaliyyətinə imkan vermir, bu da nazirin kadrların işini necə deyərlər birbaşa izləməyə çətinlik yaradır”.
E.Cəbrayıloğlu nazirlə şəxsi tanışlığının olmadığını, bunun üçün konkret fikir bildirməkdə çətinlik çəkdiyini bildirdi: “Sadəcə istəyimi dilə gətirə bilərəm, çox istərdim ki, Anar Kərimov kadr dəyişikliyi edərkən obyektivliyi mümkün qədər qoruya bilsin və peşəkar, bu sahəyə yaxşı bələd olan insanlara üstünlük versin. Niyə bu məsələni önə çəkirəm? Çünki Stalinin fikri hələ də aktuallığını saxlayır-Kadrlar hər şeyi həll edir.
Təəssüf ki, bəziləri, hətta sənət adamları da Mədəniyyət Nazirliyinə ancaq fəxri ad, mükafat üçün təqdimat yazan idarə kimi baxır. İstərdim ki, yeni nazir bu yanaşmanı dəyişməyə cəhd etsin, nazirliyin daha ciddi, konseptual məsələlərlə məşğul olan qurum olduğunu ictimaiyyətə çatdıra bilsin”.
“Azərbaycan mədəniyyəti özünün yeni təşəkkül inkişaf dövrünü yaşamış olacaq”

Tanınmış mədəniyyət, teatr yazarı Həmidə Rüstəmova yeni quruculuq dövrünün başlandığını və onun öncəliyinin isə işğaldan azad olunmuş torpaqlarımız olduğunu qeyd etdi: “Mədəniyyət yazarından daha çox vətəninə bağlı olan bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Azərbaycanın bu yeni dövründə təyin olunan, ölkə başçısının qarşısına tələblər qoyduğu dövlət məmurlarından gözləntilərim çoxdur. Artıq yeni quruculuq dövrü başlayır. Onun da əsasında, önündə işğaldan azad olunmuş torpaqlarımızla bağlı layihələr dayanır. İnanıram ki, yeni dönəm mədəniyyət sahəsi üçün də məhsuldar və dolğun olacaq. İşğaldan azad olunmuş rayonlarda həyat coşacaq, abadlıq, yenidənqurma işləri başlayacaq. İnanıram ki, bu yenidənqurma işlərinin içərisinə Ağdamda, Füzulidə, Şuşada zamanında fəaliyyət göstərən teatrların binası bərpası da daxil olacaq və teatrların yaradıcı heyətləri ilk səhnələrinə qayıdacaqlar. İndi onların ilk səhnəyə çıxdıqları o teatr binaları xarabazara çevrilib. Çox istərdim ki, o dağıntıların üzərində bir muzey və ya anım guşələri yaradılsın. Bununla tamaşaçılar teatrların dəbdəbəli salonlarına daxil olarkən həmin o dağıntıların qarşından keçib gedəcək və vəhşiliyin izlərini görəcəklər. Həmin ərazilərdə daha çox qalereyaların, muzeylərin fəaliyyət göstərməsini arzu edərdim. Ümumən o ərazilərdə ermənilərin dağıdıcı siyasətini göstərmək üçün açıq hava muzeyi yəqin ki, olacaq. Çox istərdim ki, işğaldan azad olunmuş hər bir rayonumuzda o rayonun azadlığı uğrunda canından keçən igidlərin ümumiləşmiş obrazı – abidələri olsun. Bunu mövcud və yaradılacaq tarix-diyarşünaslıq muzeylərinin tərkibində ekspozisiya zalı kimi də eləmək mümkündür. Bu yolla ziyarətçilər həm də qəhrəmanlarımızı da tanımış olacaqlar”.
H.Rüstəmova işağaldan azad olunan torpaqlarda xalq teatrlarının yenidən fəaliyyət göstərməsini və orada yeni festivalların keçirilməsini arzuladı: “Karantin bitdikdən sonra işğaldan azad olunan torpaqlara media turların təşkil edilməsini və orada açıq hava, səyyar tamaşaların hazırlanmasını, eyni zamanda yüksək səviyyəli festivalların keçirilməsini də istərdim. Ölkəmizdə özünəməxsus teatr festivalları ənənəsi var bunu yeni dövrün tələbinə uyğun da təşkil etmək olar. Bu beynəlxalq tədbirlər sayəsində müxtəlif ölkələrdən gələn sənətçilər, sənətşünaslar mədəniyyətimizlə yanaşı, müasir tariximizlə də tanış olacaqlar. Məhz bundan sonra Azərbaycan mədəniyyəti özünün yeni təşəkkül inkişaf dövrünü yaşamış olacaq. Teatr, musiqi, kino sahəsində mütəxəssislərlə, beynəlxalq miqyasda tanınan sənət xadimləri ilə ustad dərslərinin təşkili də arzuolunandır. Buraya texniki heyətlərin təkmilləşmə kurslarını da aid etmək olar. Ümumən çağdaş dünya təcrübəsinin mədəniyyətin ayrı-ayrı istiqamətlərində tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi, xüsusən də teatr mütəxəssislərinin dəvət əsasında yaradıcı prosesə cəlb olunması da işin xeyrinə olar”.
H. Rüstəmova ssenari və dram əsərləri ilə bağlı müsabiqələr, xüsusən yaradıcı təşəbbüslərə dəstəyi də vacib saydı. Sonda isə Mədəniyyət nazirinə yeni vəzifəsində uğurlar arzu etdi.
“Sovet dövründən qalma ənənələrdən qurtula bilməmişik”

“Yeni Müsavat” qəzetinin müxbiri, musiqiçi Xalidə Gəray mədəniyyətimizdə uzun illərdir ki, durğunluq yaşandığını vurğuladı: “Bu durğunluq mədəniyyətin bütün sahələrində özünü göstərir. Pandemiya isə mövcud vəziyyəti daha da “zəlil” edib. Yeni mədəniyyət nazirindən xeyli gözləntilərim var.
Ümid edirəm ki, bu il, “Qarabağa qayıdış” ilində işğaldan azad olunan torpaqlarımızda ən yüksək peşəkarlıqla mədəni tədbirlər, festivallar təşkil olunacaq. Keçirilən tədbirlərdə nəinki musiqimiz, poeziyamız, eyni zamanda müxtəlif texnalogiyalar ilə tarixi həqiqətlərimiz, o cümlədən 200 ildir ki, Azərbaycanın başına gətirilən oyunlar, yaşadığı faciələr, apardığı azadlıq mücadiləsi öz əksini tapmalıdır. Biz Vətən müharibəsindən qalib gəldik, indi isə növbə informasiya müharibəsindədir. Ermənilər qazandığımız zəfərə kölgə salmağa, öz yalanları ilə dünyanı çaşdırmağa, dünyada “qorxulu türk birliyinin” yarandığını, bunun bütün dövlətlər üçün təhlükəli olduğunu inandırmağa çalışırlar. Çox təəssüf ki, bu mənfur məqsədlərinə bəzən nail ola bilirlər. Beləliklə, təşkil olunan tədbirlərdə bu məsələnin də öz əksini tapacağına ümid edirəm.
Məlum faktdır ki, kino mədəniyyətimiz uzun illərdir öz tənəzzül dövrünü yaşayır. Doğrudur, hər il dövlət büdcəsindən maliyyələşən filmlər çəkilir. Lakin o filmləri biz deyil, beynəlxlaq film festivalı iştirakçıları görür. Təqdim olunan filmlərdə də sanki Azərbaycan həqiqətlərini əks etdirməyə çəkinirik. Düşünürəm ki, filmlərimizdə baş verən hadisələri, müharibələri çox incə şəkildə, dünyanın diqqətini cəlb edəcək formada əks olunmalıdır. Təəsüflə qeyd edim ki, düşmən bunu yaxşı bacarır.
İndi Qarabağ mövzusunda çoxlu sayda filmlərin çəkilməsinə ehtiyac var. Bu mövzuda “Fəryad”, “Nabat”, “Sarı gəlin”, “Biz qayıdacağıq”, “Dolu” kimi filmlərimiz var. Lakin onların arasında bir tək “Nabat” beynəlxalq festivallara çıxa bilib. Möhtəşəm film çəkmək üçün beynəlxalq film fondlarına üzv olmalıyıq, hansı ki, ermənilər 10 ilə yaxındır ki, bu cür fondlara üzv olmağı bacarıb. Düşünürəm ki, yeni mədəniyyət nazirimiz kino sahəsini yenidən böyük islahatlar apara biləcək. Teatr sahəsində də xeyli durğunluq müşahidə olunur. İndi tamaşaları ən yeni, müasir formada təqdim etməyin vaxtı çatıb. Məsələn, dünya ölkələrində opera tamaşaları çox gözəl, ən müasir texnalogiyalar ilə səhnələşdirilir. Biz isə tamaşaların təqdimatında sovet dövründən qalma ənənələrdən qurtula bilməmişik.
Daha bir məsələ, son illərdə xeyli sayda peşəkar aktyor və aktrisalarımız az qala səfil vəziyyətində dünyasını dəyişdi. Halbuki həmin sənətkarlarımız həm kino, həm də teatr mədəniyyətimizə çox gözəl töhfələr verib. Bu, hər birimizin gözü önündə baş verən, çox ağrılı məsələdir. Ümid edirəm ki, heç olmasa bundan sonra peşəkar sənətkarlarımız öz dəyərli qiymətini ala biləcək, onların peşəkarlığından istifadə olunacaq.
Musiqi sahəsinə gəldikdə isə, hesab edirəm ki, istedadlı gənc bəstəkarların, musiqiçilərin ortalığa çıxması üçün daha yaxşı şəkildə təşkil olunmuş, daha çox festivallara ehtiyac var”.
“Elə bil AYB tarixi abidədir, biz onu qorumağa borcluyuq”

APA-nın mədəniyyət yazarı Mirmehdi Ağaoğlu Mədəniyyət Nazirliyin fəaliyyəti ilə bağlı daha çox təklif vermək istədiyini vurğuladı: “Yaşadığımız dünya artıq əvvəlki dünya deyil. Dünyada mədəniyyət sahəsindıə yeni mexanizmlər azadlıq şərtləri çərçivəsində baş verir. Arzu edərdim ki, Mədəniyyət nazirliyi də köhnə sovet dövründəki ənənləri bir kəanara qoyaraq, yeni dünyada müasir, modern dəyişiklikləri, tendensiyaları tətbiq etsin. Bu yöndə işlər görülsün. Əgər bu yöndə işlər görüləcəksə mədəniyyətimiz inkişaf edəcək. Yoxsa biz sovet ənənələri ilə işləyəcəyiksə heç bir yenilik olmayacaq”.
Eyni zamanda tanınmış yazar olan Mirmehdi Ağaoğlu Ədəbiyyatada keçmişin qalığı olan yaradıcı insanların əvvəlki münasibətlərinin hələ də davam etdiyini bildirdi: “Bu ənənlərdən vaz keçilməli və yeni müasir dünyadakı tendensiyaları maraqlanıb onları tətbiq edilməlidir. Ümid edirəm ki, yeni tendensiyaları tez bir zamanda tətbiq edəcəyik. Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə münasibətlərdə hələ də köhnə sovet ənənlərindən istifadə edirik. O ənənələr dəyişməlidir. Dövlətlə yaradıcı adamların xüsusən yazıçıların münasibətləri AYB səviyyəsində qurulmamalıdır. Çünki AYB ötən əsrin 30–cu illərinin qurumudur. Dünyada artıq o cür qurumlar yoxdur. Bütün o keçmiş Possovet ölkələrdə bu qurumların fəaliyyəti məhdudlaşıb və daha yeni modern münasibətlərə keçid ediblər. Tək biz fəxr edirik ki, AYB-ni qoruyub saxlamışıq, başqaları saxlaya bilməyib. Elə bil AYB tarixi abidədir, biz onu qorumağa borcluyuq. AYB köhnəlmiş idarəetmə mexnimizidir. XXI əsrdə bu işlək deyil. Yeni yaradıcı insanlarla dünyanın hər yerində olduğu kimi əlaqələr qurulmalıdır. Yaradıcı insanlara müəyyən layihələr şəklində əlaqələr yaradılmalıdır. Bu əlaqələr çərçivəsində yaradıcı insanlar öz ideyalarını həyata keçirməlidirlər”.
Ana səhifəyə qayıt
Oxunub: 71
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər