“Vətən savaşında biganəlik göstərmiş telekanal rəhbərləri ciddi cəzalandırlmalıdır...”
(12-01-2021, 12:30)
“Bir ictimaiyyət, televiziya, mətbuat adamı olaraq hesab edirəm ki, Azərbaycan dövlətinin müvafiq qurumları, telekanalların, eləcə də xəbər saytları və onların rəhbərlərinin son 44 günlük müzəffər savaşımız şəraitində göstərdikləri fəaliyyət ciddi şəkildə araşdırılmalıdır... Çünki arxiv materillarını diqqətlə izləsək, bəlli olar ki, həmin dövrdə hər bir televiziya kanalı, hər bir media vasitəsi, sayt lazımi fədakarlıq göstərməyib. Əksinə, o günlər bəzi media vasitələrində bütün varlıqlarıyla torpaqlarımız uğrunda savaşa köklənmiş insanlarımızı incidəcək kifayət qədər hallara rast gəlinib...”
Bu fikirləri açıqlamasında “Space” telekanalında “İnam” verilişinin idea müəllifi və aparıcısı Seyid Camal Əzimbəyli söyləyib.
Sözünün davamında cəmiyyətdə həm də bir mənəviyyat, din adamı kimi tanınan həmsöhbətimiz fikirlərini belə əsaslandırıb:
“Hətta elə telekanal rəhbərləri olub ki, döyüşlərin yüzlərlə övladlarımızın şəhid olduğu, yaralandığı ən qızğın çağlarında işğalçı Ermənistan üzərində qələbə çalmağımız üçün cəmiyyətə vətənpərvərlik, birlik ruhu təlqin edən verilişlərə “Artıq yetər! Bəsdir!” deyib. Və belə bir vəziyyətdə sanki Ali Baş Komandan bu müzəffər savaşla bağlı əksər informasiyaların yayılmasını öz üzərinə götürmüşdü. Prezident həm Ali Baş Komandan vəzifəsini həyata keçirir, sanki həm də öz çıxışları, müsahibələri ilə informasiyaları xaricə və daxilə transfer edirdi... Bu sahədə dövlət başçısının sözçüsü olaraq hörmətli Hikmət Hacıyevin də rolunu, fədakarlığını qeyd etməmək olmur. Hikmət müəllimin Azərbaycanın informasiya savaşındakı yorulmaz və dönməz fəaliyyəti bir çox telekanal və sayt rəhbərləri üçün ibrətamiz nümunə olmalıdır...”
“Xülasə, bütün deyilənlər ciddi şəkildə araşdırılıb təftiş edilərsə, bəlli olar ki, qalib olduğumuz Vətən müharibəsi dönəmində vətənpərlik ruhunun təbliği, ictimai rəyin formalaşdırılması, ümmumilli müqavimət gücünün bir araya gətirilməsi sahəsində işinə biganə yanaşanlar, xüsusən manqurtcasına “bezdik” deyərək bu müqəddəs işdən imtina edənlər ən sərt şəkildə cəzalandırılmalıdır. Bütövlükdə azad mediada, telekanallarda düşüncə adamları var ki, onların açıq şəkildə bu haqda mövqe sərgiləməsi vacibdir ki, gələcəkdə Vətənimiz, dövlətimiz, xalqımız üçün taleyüklü məqamlarda belə hallar təkrarlanmasın. Təsəvvür edin, elə olurdu ki, Prezidentin hər hansı çağırışı, müraciəti barədə biz yerli kanallarımızdan öncə xarici kanallardan xəbər tuturduq. Allah Türkiyə dövlət rəhbərliyi kimi, qardaş ölkənin telekanallarından da razı olsun. İş o yerə çatmışdı ki, Azərbaycan kanalları savaş zamanı bir çox olaylar, məsələn. Gəncədəki ballistik raket terroru barədə xəbərləri Türkiyə kanallarına istinadla verirdi. Axı dövlət başçısı bu dərəcədə bunları himayə edir, on illərlə dövlət büdcəsindən mediaya, xüsusən telekanallara yüz miyonlarla pul vəsait ayrılır. Və bütün bu qayğı və himayənin qarşılığında ölkənin, Vətənin taleyüklü məqamlarında bu kimi hallar heç də xoşagələn deyil və bu barədə mütləq dəqiq təhlillər, araşdırmalar, təftişlər aparılmalı və qəti tədbirlər görülməlidir. Çünki gələcəkdə də belə hallara rast gəlinərsə, informasiya savaşı sahəsində çox ciddi fəsadlarla üzləşə bilərik. Bu, bizim milli təhlükəsizliyimiz qədər vacib və ciddi bir məsələdir...” –deyə Seyid Camal vurğulayıb.
Ana səhifəyə qayıt
Oxunub: 16
Xəbər lenti
22-01-2021 17:00
22-01-2021 15:00
22-01-2021 13:30
22-01-2021 11:00
22-01-2021 09:30
Ən çox baxılanlar
Seçilənlər