“Moskva görüşü 10 noyabr bəyanatının möhkəmlənməsi baxımından olduqca vacibdir”
(11-01-2021, 11:30)
Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək.
Maraqlıdır, bu görüş və məlum görüş əsnasında əldə ediləcək razılaşmalar Ermənistanın Qarabağdakı təxribatları üçün siyasi sədd rolu oynaya bilərmi? Ümumiyyətlə, indiki situasiyada belə bir görüşün keçirilməsi Qarabağdakı proseslərə necə təsir göstərəcək?
Moderator.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov görüşlə bağlı ehtimallarını dilə gətirib:
“Moskvada görüş bundan əvvəl baş tutan 10 noyabr Bəyanatının möhkəmləndirilməsi istiqamətində çox vacibdir. Məsələ burasındadır kı, Bəyanatda yer alan və almayan müxtəlif problemlərin dialoq və danışıqlar nəticəsində həlli olduqca vacibdir. Çox güman kı, Moskvada Ermənistan tərəfinə tələb qoyulacaq kı, Bəyanatda da qeyd edildiyi kimi, erməni hərbi birləşmələri müəyyən təqvim əsasında Qarabağı tərk etsinlər. Eyni zamanda, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Mehri vasitəsilə kommunikasiyanın bərpa edilməsi ilə bağlı konkret iş təqvimi və anlaşmanın olacağını da gözləyirəm. Rusiya dəmir yolları ilə Azərbaycan arasında da bu istiqamətdə qərarlar qəbul edilməlidir.
Digər vacib məqam 6 formatlı iqtisadi layihələrlə bağlı ola bilər.
Hər halda, Moskva görüşü olduqca vacibdir və ehtimal olunan anlaşma tarixi əhəmiyyət daşıyır.