AHİK sədri Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi
(7-01-2021, 13:04)


AHİK sədri Səttar Möhbalıyev öz şəxsi vəsaiti hesabına şəhid ailəsinin evini təmir etdirdi




Birmənalı olaraq deyə bilərik ki, artıq tarixə çevrilmiş 2020-ci il bütün dünya dövlətləri və xalqları üçün çox çətin bir sınaq dövrü oldu. Həm də bu çətinliyin mahiyyətində duran COVİD-19 pandemiyası hələ də bəşəriyyəti təhdid etməkdə davam edir. Lakin bütün bu çətinliklərə rəğmən ötən il Azərbaycan üçün eyni zamanda möhtəşəm tarixi qələbə ili kimi tarixə düşdü. Xalqımız bəlkə də indiyədək müşahidə olunmamış böyük bir miqyasda birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda müharibə apardı və bu müharibədən qalib çıxdı.

Bu gün biz artıq qalib ölkə, qalib xalq kimi azad edilmiş torpaqlarımızda quruculuq işləri aparırıq. Əlbəttə ki, zaman keçdikcə erməni işğalının nəticəsi olan dağıntılar aradan qaldırıldıqca müharibənin ağrı-acıları da getdikcə unudulacaq. Lakin bir həqiqət xalqımızın yaddaşında əbədi olaraq qalacaq ki, bu da bizə qələbəni qazandıran şəhidlərimizin və qazilərimizin xatirəsi olacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, biz torpaqlarımızı şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına azad etmişik.

Heç şübhəsiz Azərbaycan dövləti hər zaman olduğu kimi, hər bir şəhid ailəsini, hər bir qazimizi böyük qayğı ilə əhatə edir. Bu insanların maddi təminatlarından tutmuş bütün sosial-məişət problemlərinin həllinə qədər hər bir ehtiyaclarının ödənilməsini dövlətimiz xüsusi diqqət mərkəzində saxlayır. Bununla belə müxtəlif qurum və təşkilatların, eləcə də ayrı-ayrı insanların bu yönümdə gördükləri xeyriyyə işləri də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da bir müstəqil qurum olaraq daima dövlətimizin irəli sürdüyü bütün çağırışlara ilk cavab verən, müxtəlif layihələrə dəstək verən bir təşkilatdır. Lakin bizim bugünkü mövzumuz qurumun deyil, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin xeyirxah əməli barədədir. Bu əməl isə ondan ibarətdir ki, Səttar müəllimin öz şəxsi vəsaitləri hesabına şəhid zabitimiz, polkovnik-leytenant Sədi Musayevin ailəsinin yaşadığı evi təmir etdirib.



Qeyd edək ki, şəhid Musayev Sədi Süleyman oğlu 1979-cu ildə anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Peşəkar hərbiçi zabit idi. Sədi Musayevi tanıyanlar deyirlər ki, onun əsl peşəkar hərbiçi keyfiyyətləri tabeliyində vuruşan şəxsi heyətin komandirinə olan inam hissini artırmaqla yanaşı, onların döyüş ruhunun yüksəksəlməsinə də öz müsbət təsirini göstərirdi. Tərtər, Füzuli, Beyləqanda şərəflə xidmət edən Sədi Musayev polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdi. 2016-cı ildə Sədi Musayev Aprel döyüşlərinin iştirakçısı da olmuşdu.

Bu gün Xətai rayonu, Çingizxan Kərimov küçəsində yerləşən evdə şəhid Sədi Musayevin bizlərə əmanət qoyub getdiyi ailəsi – həyat yoldaşı və şəhidimizin yadigarları olan bir oğul və bir qız övladı yaşayır. Elə Səttar Möhbalıyevin öz vəsaitləri hesabına təmir etdirdiyi ev də məhz həmin evdir.

Bu sətirlərin müəllifi olaraq mən xüsusilə qeyd etmək istəyirəm ki, əslində bu kimi xeyir işlərin mahiyyətində sadəcə maddi dəstəkdən qat-qat daha böyük və əhəmiyyətli məqamlar durur. Məsələ bundadır ki, bizim müharibə dövründə nail olduğumuz birliyimizi və həmrəyliyimizi bu gün də yaşatmağımız son dərəcə vacib şərtdir. Əgər biz bunu bacara bilməsək şəhidlərimizin ruhu bizdən küsər. Əgər biz birliyimizi qoruyub saxlaya, hətta daha da gücləndirə bilməsək qazilərimizin yaraları sağalmaz. Şəhidlərimizin sona çatdıra bilmədikləri işləri tamamlamaq, onların yadigarlarına qayğı göstərmək də bizim bu birliyimizin bir göstərisi olmalıdır.

aia.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031