“Dünyanın heç bir ölkəsində istənilən qiymət artımına pozitiv yanaşma olmur, amma...”
(5-01-2021, 19:59)

"44 günlük savaşın hər günü dövlətimizə orta hesabla 100 milyon manata  başa gəlib ki, bu da təxminən 4,5 milyard manat planlaşdırılmamış əlavə xərc deməkdir…”
“Yanacağın qiymətlərinin dəyişdirilməsinin şərtləndirən səbəblər əsaslıdır…”


“Bir çox hallarda belə suallar verilir ki, Azərbaycan neft-qaz hasil olunan ölkə olduğu halda bizdə yanacaq qiymətləri niyə qalxmalıdır. Ancaq unutmayaq ki, MDB məkanında Azərbaycan kimi neft və qaz hasil edən Rusiya və Qazaxstanda eyni qiymətlər bizdəkindən yüksəkdir”.

Bu fikirləri Moderator.az-a Tarif Şurasının yanacaq qiymətlərində son artımla bağlı qərarı haqda açıqlama verən  sabiq Maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib.


“Tarif Şurası bir sıra istehlak məhsullarının qiymətlərinə yenidən baxaraq onlarda müəyyən dəyişikliklər etdi. Cəmiyyətmiz Tarif Şurasının bu addımlarını birmənalı qarşılamadı. Bu, anlaşılandır. Dünyanın heç bir ölkəsində istənilən qiymət artımına pozitiv yanaşma olmur. Lakin qiymətləırin qaldırılmasının əsasları  kifayət qədər inandırıcı olduqda cəmiyyət bu addımların zərurət olduğunu anlayır və onu normal qarşılayır. Bəs Azərbaycanda indiki halda son qiymət artımını şərtləndirən əsas səbəblər hansılardır?   Əslində  reallıq nədən ibarətdir?.. 

Bu gün bir araşdırma apardım. Məlum oldu ki,  benzinin və dizel yanacağının qiymətləri qaldırıldıqdan sonra bu qiymətlərin səviyyəsinə görə Azərbaycan dünyanın 167 ölkəsi arasında yanacağın qiymətinin ən ucuz olduğu 23 ölkədən biridir. Yəni hazırda dünyanın 144 ölkəsində yanacağın qiyməti bizdə olan anoloji qiymətlərdən yüksəkdir. Bir çox hallarda belə suallar verilir ki, Azərbaycan neft-qaz hasil olunan ölkə olduğu halda bizdə yanacaq qiymətləri niyə qalxmalıdır. Ancaq unutmayaq ki, MDB məkanında Azərbaycan kimi neft və qaz hasil edən Rusiya və Qazaxstanda bu qiymətlər bizdəkindən yüksəkdir…” -deyə professor bildirib. 

İqtisadçı alim koronavirus pandemiyası və sonuncu Qarabağ savaşının da ölkəmizdəki iqtisadi-sosial və maliyyə problemlərinə gerçək təsirini  də əsaslandırmağa çalışıb:

“Onu da deyək ki, ölkəmizdə dizel yanacağının və benzinin qiymətləri sonuncu dəfə müvafiq olaraq 2013 və 2017-ci illərdə dəyişdirilib. Əslində bizdə yanacağın qiymətlərinin ötən ilin əvvəllərində, təxminən 8 ay öncə baxılması gözlənilirdi. Lakin dünyada baş verən koronavirus pandemiyası və sonradan torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız müzəffər Vətən Müharibəsi və ondan sonra ölkəmizdə “COVİD-19” yoluxmasının pik həddə çatması bu məsələni bir qədər arxa plana keçirtdi…

Müəyyən obyektiv səbəblər ucbatından sözügedən artım real olaraq olaraq gözlənlirdi. Pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı gərginliklər Azərbaycan iqtisadiyyatından da yan keçmədi. İqtisadi aktivliyin aşağı düşməsi bir qayda olaraq büdcə gəlirlərinin azalmasına yol açır. Bu isə öz növbəsində dövlət xərclərinin, o cümlədən, sosial xərclərin maliyyələşdirilməsi ilə bağlı müəyyən çətinliklərin yaranmasına aparıb çıxarır. Belə bir vəziyyətdə dövlətimizin büdcənin gəlirlərinin tamamlanması istiqamətində atdığı hər bir əsaslandırılmış addım vətəndaşlarımız tərəfində başa düşülməlidir. 

Eyni zamanda son illər ərzində dövlətin xərclərinə nəzər yetirək. 2019-cu ildə iki böyük sosial zərf qəbul olundu. Çünki  2020-ci ildə pandemiya baş verəcəyini heç kəs proqnozlaşdıra bilməzdi. Onu da nəzərə alaq ki, pandemiya səbəbindən baş verən itkilərin və sahibkarlara dəyən ziyanın ödənilməsi ilə bağlı dövlətin çəkdiyi planlaşdırılmayan xərclər sırasına, torpaqlarımızın işğaldan azad edilməsi yolunda apardığımız müharibənin xərclərini də əlavə etmək lazımdır. Bu səbəblərdən dövlət  milyardlarla manat əlavə vəsait xərcləməli oldu.   Mənfur qonşularımızın bizi məcbur etdikləri Vətən Müharibəsinin hər günü dövlətimizə orta hesabla 100 milyon manat xərcə başa gəlib ki, bu da bütövlükdə 44 günlük savaş üçün təxminən 4,5 milyard manat planlaşdırılmamış əlavə xərc deməkdir.  Bunların heç biri dövlət tərəfindən proqnozlaşdırılmamışdı… Amma həmin xərclər dövlətin boynunda oturdu. Digər tərəfdən  də qeyd etdiyimiz kimi, pandemiya ilə bağlı iqtisadiyyatın normal şəkildə çalışmaması və büdcəyə yetərincə vəsaitin daxil olmaması da hökumət  üçün yanacaq qiymətlərinin artımıyla bağlı addımlar atmağı zəruri etdi…”

“Dövlət yanacağın qiymətlərinin özəl sektora və vətəndaşlarımızın ailə büdcələrinə təsirini minimallaşdırmaq üçün kompensasiya mexanizmlətinin işə salınmasını da nəzərdə tutur. Sərnişin daşınmasıyla bağlı  müvafiq müəssisələrə subsidiyaların verilməsi məsələsi yanvarın sonunadək həllini tapmalıdır. Məqsəd həmin müəssisələrin ictimai nəqliyyatda gediş haqqının artırılmaması müqabilində onlara dəyən ziyanı qarşılaya bilməsinə şərait yaratmaqdır. Nəticə etibarı ilə bu o deməkdir ki, avtobuslarda gediş haqqı tarifləri artırılmayacaq. Bu da əhalinin sosial müddafiəsini bir qədər təmin etmiş olacaq.  Eyni zamanda aqrar sektorda fermerlərin yanacağa görə aldığı subsidiyaların həcminə yenidən baxılması haqda qərar qəbul olunub. Hesab edirəm ki, hökumət bu kontekstdə  daha həssas məsələləri  nizamlamağa çalışır”- deyə keçmiş nazir vurğulayıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 91

Xəbər lenti