Tarixi səhvləri təkrar etməmək üçün qazandığımız qələbəni məntiqi sonluğa çatdırmalıyıq...
(30-11-2020, 09:30)
Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutunyan Qarabağda əsgəri xidmətdə olanların valideynləri ilə İrəvanda görüş zamanı bildirib ki, “Qarabağdan silahli qüvvələrin çıxarılması istisna olunur”.
Onun sözlərinə görə, döyüşlərdə iştirak etmiş bütün əsgərlərə və Qarabağda döyüş xidmətlərini davam etdirənlərə məzuniyyət veriləcək. Bu zaman onları başqaları əvəz edəcək. Nazir Qarabağdan bütün qoşunların çıxarılmasını mümkünsüz olduğunu bildirib və onların təhlükəsizliyinə zəmanət verib.
Buna bənzər informasiyalar 10 noyabr Bəyanatından sonra səsləndirilsə də, Azərbaycan cəmiyyətini narahat edən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanı tərk edib-etməməsi sonadək aydın olmayan məqamlardan biri olaraq qalır. Bu çox təhlükəli və perspektivdə Azərbaycan üçün ciddi problemlər yaradacaq situasiyadır. Bu o deməkdir ki, Ermənistan tərəfdən Azərbaycan torpaqlarını işğalı davam edir. Bu o deməkdir ki, Laçın dəhlizinin sonundakı Azərbaycan-Ermənistan dövlət sərhədinə bizim sərhəd qoşunları nəzarət etməyəcək. Bu sərhəddən Ermənistan silahlı qüvvələrində xidmət edən Ermənistan vətəndaşları maneəsiz keçəcək və Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüş mövqeyində dayanacaq.
Azərbaycan Şuşa rayon mərkəzini azad edəndən sonra ermənilərin necə köç etdiyini videolardan görürdük, amma Ermənistan ordusunun kütləvi çıxışının şahidi olmadıq. Müdafiə nazirinin bəyanatı da sübut edir ki, Ermənistan silahlı qüvvələri hələ də Qarabağda geniş kontingetə malikdir. Onların dəqiq dislokasiya yerləri də əvvəldən məlumdur.
Əsgərandakı motoatıcı alay və tank batalyonu həmişə Ağdam istiqamətində bizim mümkün hücumun qarşısını almaq üçün saxlanırdı. Bu alayın şəxsi heyəti, texnikası son günlərədək ehtiyat qüvvəsi funksiyasını yerinə yetirirdi. Əsgəran alayının və tank batalyonunun Qarabağdan çıxarılmasını heç kim görməyib. Deməli, Rusiya ilə razılaşdırılıb ki, Qarabağda Ermənistan silahlı qüvvələri qalsın.
Hal-hazirda Ermənistan ordusu işgal olunmuş Azərbaycan torpaqlarında - Xankəndi, Əsgəran, Aranzəmin, Naxcıvanik, Pircamal, Pirəməki, Horov, Dagdagan, Ballıca, Malibəyli, Quşcular, Meşəli, Agdərə, Sərsəng SES, Canyataq, Gülyataq, Qalayçılar, Qazançı, Sırxavənd, Vəng, Xandnazor, Kosalar, Kərkicahan, Cəmilli istiqamətlərində oldugu kimi qalir, gizlədilir. 2016-cı il aprel döyüşlərindən sonra ermənilər Talış və Suqovuşanda, Sərsəng SES-də daha müasir bunkerlər və müdafiə istehkamları yaratmışdılar. Nəzərə almaq lazımdır ki, sabah bu yerlərin bəzilərinə məcburi köçkünlərimiz qayıtmalıdır. Erməni silahlı qüvvələrinin yerləşdiyi Şuşanın kəndlərinə, Ağdərənin bəzi kəndlərinə necə qayıtmaq olacaq? Əgər bu qoşunlar Qarabağdan çıxarılmayıbsa, deməli, problemlərimizin əsas hissəsi hələ qarşıdadır.
Dekabrın 1-dən guya sülh monitorinq mərkəzi fəaliyyətə başlayacaq və Türkiyə əsgərləri də burda iştirak edəcək. Bu mərkəzin əsas işi məhz Ermənistan ordusunu son nəfərinədək Qarabağdan çıxarılması olmalıdır. Əks tədqirdə ya beş ildən, ya da 10 ildən sonra daha bir qanlı müharibə qaçılmazdır. Rusiya sülhməramlılarının beşillik missiyası kağız üzərində qalmaması üçün, daha doğrusu, separatçı rejimin hələ də sülhməramlı adı altında fəaliyyət göstərənlərlə birgə idarəetməsinə son vermək məqsədilə Azərbaycan dövləti dekabrın 1-dən ən qəti addımlarını atmalıdır. Strateji hədəfə çatmaq üçün bütün mümkün taktiki addımlar atılmalı və düşmənin qeyri-müəyyənlik içində olmasından, təlaşından yararlanmalıyıq.
Bu gün geriyə dönmüş Xankəndi erməniləri sosial şəbəkələrdə Azərbaycanın bayrağı altında yaşamayacaqlarını birmənalı şəkildə bildirirlər. Rusiya əsgərinə tort bişirib aparan erməni qadının ”Biz istəyirik ki, siz həmişə bizimlə olasınız” deməsi, Rusiya siyasətinin və erməni diasporasının siyasi xəttidir. Qarabağ münaqişəsi yarandığı gündən buraxdığımız tarixi səhvləri təkrar etməmək üçün qazandığımız qələbəni məntiqi sonluğa çatdırmalıyıq.
Ana səhifəyə qayıt
Oxunub: 81
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər