“Prezident İlham Əliyev Şah İsmayıldan sonra yeganə dövlət başçısıdır ki...”
(17-11-2020, 10:00)
Məlum olduğu kimi, son günlər media və sosial şəbəkələrdə prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltif edilməsi ilə bağlı çoxsaylı fikirlərə rast gəlinir.
Moderator.az-a açıqlama verən məlum təklifin müəllifi hərbi ekspert Şair Ramaldanov, bunu zəruri edən məqamlara diqqət çəkib:
“Azərbaycan Silahlı Qüvvələrinin inkişafındakı roluna, Azərbaycan ordusunun əks-hücum əməliyyatını yüksək səviyyədə idarə etdiyinə, böyük sərkərdəlik bacarığına, Azərbaycan ordusuna rəhbərlik edərək torpaqlarımızı işğaldan azad etdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmsi təklif olunur. Bu təklifi veteranlar adından mən irəli sürmüşəm. Bu gün bu təklifə qoşulanlar çoxdur. Prinsipcə, bu təklif xalqın ümumi rəyini əks etdirir. Ona görə ki, biz hər yerdə Ali Baş Komandanın adını eşidirik. Hər yerdə insnalarımız ona təşəkkür edir, onun xidmətlərini yüksək qiymətləndirir.
Azərbaycan tarixində oynadığı rola, əldə etdiyi uğurlara görə, Şah İsmayıl Xətaidən sonra cənab İlham Əliyevin adı çəkilir. Cənab İlham Əliyev Şah İsmayıldan sorna yeganə dövlət başçısıdır ki, torpaqlarımızı erməni işğalından azad edib, Azərbaycana qaytarıb. Bütün bunları nəzərə alaraq cənab İlham Əliyevə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi təklifi ilə çıxış edilib. Bir daha qeyd edirəm ki, bu təklif xalq tərəfindən də sevinclə qəbul edilib və cəmiyyət tərəfindən dəstəklənməkdədir”.