"Bu günə qədər yaşatdığınız Ermənistanda da çoxluq sizə nifrət edir..."
(16-11-2020, 11:00)
Sizin Dağlıq Qarabağla bağlı mövcud duruma baxışlarınız əksər hallarda birtərəflidir və qərəzlidir. Təbii ki, belə yanaşım bu günkü reallıqları obyektiv əks etdirə bilməz. Azərbaycan öz haqq işi uğrunda mübarizə aparır. Sizlərsə bunu görməzdən gəlməyi qəhrəmanlıq hesab edib, bir rus adamı kimi Rusiya reallıqlarını görmək belə istəmirsiniz. Mən bunu başa düşürəm, adətən adam özü özünü yaxşı görə bilmir, ancaq onu kənardan müşahidə edənlər daha yaxşı xarakterizə edə bilirlər. Mən bu gün Sizlərə bu reallıqları əks etdirən o məqamlardan bəhs edəcəm ki, sonda Rusiyanın Dağlıq Qarabağda olduğu kimi digər ölkələrdə yaratdığı münaqişə ocaqlarının taleyinin necə olacağını real anlaya biləsiniz. Ona görə də bu yazımda mən Sizlərə Sizin deyil, bizim görə bildiyimiz Rusiya reallıqlarını çatdırmaq istəyirəm.
Rusiyanın yalnız atom silahına söykənən bu günkü varlığı çox böyük bir təhlükə altındadır. Deməzdim ki, Sizlərin bundan xəbəriniz yoxdur. Normal düşüncəyə sahib olan hər bir rus adamı ölkəsinin bu günkü durumunu çox gözəl bilir. Ancaq nədənsə Rusiya media məkanında bu vəziyyətə lazımi qiymət verənlər çox azdır.
Bu gün Rusiyada demoqrafik vəziyyət katostrafik bir haldadır. Rusiya bu dərin çuxurdan hələlik keçmiş ittifaq ölkələrindən və Çindən gələn miqrantların hesabına çıxmağa çalışır. Miqrant axını sizi müvəqqəti xilas etsə də sonda bunun Rusiyaya nə verəcəyini yaxşı bilirsiniz. Uzun illər Rusiyada yaşamış və Rusiya elitası ilə daimi təmaslarda olmuş biri kimi yadınıza salım ki, Rusiya ərazisində artıq Urala qədər bütün məsələlər pərdə arxasında Çinlilər tərəfindən həll olunur. Bura ilk növbədə Çinlilərin bütün səviyyədən olan dövlət vəzifələrinə seçilən kadrların təyinatındakı xüsusi rolu aiddir. Son 20 ildə ölkənizdəki demoqrafik vəziyyəti düzəltmək üçün nə qədər çalışsanız da hər il Rusiya əhalisi 500-600 min nəfər təbii azalır və bu say ildən ilə daha da artır.
Dünyanın dörddən birinə sahib olan ABŞ-ın yeni prezidenti C. Bayden isə Rusiyaya indiyə qədər tətbiq olunan sanksiyaların daha dəhşətli olanlarını tətbiq etmək istəyindədir. Bu sırada Rusiyanın əsas banklarına ABŞ dolları satışının dayandırılması, neftin qiymətlərinin tarixi minimuma qədər azaldılması, Rusiyanı SWIFT hesablaşmalar sistemindən çıxarılması qədər ölümcül addımlar durur. A. Navalnının zəhərlənməsi yetərli olacaq ki, ABŞ Rusiyaya qarşı bu addımları atsın. Heç şübhəsiz, Trampdan fərqli olaraq Bayden Rusiyanın əbədi mehriban düşməni olan Çinin imkanlarından da Rusiyaya qarşı məharətlə yararlanmağa çalışacaq. Ən dəhşətlisi isə budur ki, ABŞ-n yeni administrasiyası Rusiyanı dünyada terroçu bir dövlət kimi tanımaq qədər öldürücü bir addım atmağı düşünür. Krım, Donbas, Abxaziya, Osetiya, Dağlıq Qarabağ, Prednistroviya kimi məkanlarda Rusiyanın Beynəlxalq Hüquqa zidd hərəkətləri belə bir qərarın qəbul edilməsi üçün yetərli olacaqdır. Bu gün özünə Suriyada, Liviyada, İraqda münaqişə cəbhələri açmış, sanksiyalar və Pandemiya səbəbindən ağır iqtisadi duruma düşmüş Rusiya Dağlıq Qarabağda və ümumiyyətlə Qafqazda öz mövqeyini necə qoruya biləcək? Yadıma 1998-ci ilin avqust ayında Rusiyada baş vermis defoltun onu olumla və ölüm arasında necə qoyduğu, o vaxtkı Rusiya prezidenti B.Yeltsenin Beynəlxalq Valyuta Fondunun rəhbərliyi qarşısında necə diz çöküb yalvarması düşdü. Həmin vaxtlar mən Azərbaycanda yüksək dövlət vəzifəsində çalışırdım. Bakıya gələn İngiltərə xarici işlər nazirinin Rusiyadakı vəziyyətlə bağlı görüşdüyü üç – dörd adamdan biri də mən oldum. O yalnız bir suala cavab almaq üçün gəlmişdi. Sual isə belə idi: - Qərb kömək etməsə Rusiya dağılacaq, siz necə düşünürsünüz Qərb bu vəziyyətdə Rusiyanın dağılmasına razı olmalıdır, yoxsa borc verməklə kömək edib onu bu durumdan çıxartmalıdır? Mənim cavabım da qısa oldu. Dedim ki, əgər Rusiya dağılarsa bütün Avropa on milyonlarla qaçqının ayaqları altında qala bilər. Sizin qorxacağınız əsas məsələ bu olmalıdı. O, etiraf etdi ki, biz də belə düşünürük. Dedim ki, bu səbəbdən Rusiyaya kömək edib onu bu durumdan çıxarmağa məhkumsunuz və o mənimlə razı olduğunu təsdiqlədi. İndi bu duruma doğru gedirsiniz! Durun! Ambisiyalarınızın qurbanına çevrilməyin, necə ki, Ermənistan çevrildi!
Və sonda hörmətli cənab siyasi şərhçilər təklif edirəm ki, bir dəfə də olsa özünüzə sual verin – bu gün Rusiyanın dostu kimdir dünyada? Rusiya özünə heç olmasa bir dost ölkə, bir dost xalq saxlayıbmı beynəlxalq miqyasda? Yox! Siz əllərinizlə Azərbaycan torpaqlarında yaratdığınız və bu günə qədər yaşatdığınız Ermənistanda da çoxluq sizə nifrət edir. Bu nifrət təkcə Dağlıq Qarabağ müharibəsində onlara, onların düşündüyü kimi kömək etmək istəməməyinizlə bağlı deyil. Ermənistanda sizə olan bu münasibət artıq çoxdandır və bu müharibə onu ciddi şəkildə dərinləşdirdi. Sizə öz övladınız nifrət edirsə, onda sizi kim sevə bilər? Zorən sevgi isə payız çiçəyi kimi bir gün solub quruyur. Rusiya bu gün dünyada və qonşuları ilə yartdığı bu abu-havanın fərqində olmalıdır. Əks halda, rus adamı ayağa qalxan kimi, içində 20-dən çox muxtariyyət olan Federasiya adlı bir bomba partlayacaq! Bunun ilkin simptomları Xabarovsk, Moskva və Sankt-Peterburqda baş verən olaylardır. Nə qədər ki, gec deyil dəyişin, dəyişmək zamanıdır! Dünyanın yeni düzənində köhnə, məkirli və ədalətsiz iddialarla yaşamaq mümkün deyil! Buna dünya yol verməyəcək!
Fikrət Yusifov
Iqtisad elmləri doktoru,
Professor
P.S. Bu yazı rus dilinə tərcümə olunaraq bu gün Rusiya media məkanında Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqedən çıxış edən hər bir yaramaza göndəriləcək...
Ana səhifəyə qayıt
Oxunub: 70
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər