“Türkiyə ərazi bütövlüyümüzü təmin etmək üçün savaşa belə hazır idi”
(14-11-2020, 12:00)
Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı Vətən Müharibəsində Türkiyənin ölkəmizə həm mənəvi, həm də siyasi baxımdan ciddi dəstək verdiyi birmənalıdır. Bəs bu dəstək düşmən üzərində qələbə əldə etməyimizdə nə dərəcədə həlledici rol oynadı? Habelə, Qarabağın azadlığı türk dünyasının bu günü və gələcəyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Türkiyənin ölkəmizə dəstəyinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“İlk əvvəl zəfərlə nəticələnən Qarabağ savaşımızla bağlı aşağıdakılar ifadə etmək lazımdır. Bu Azərbaycan Türklərinin tarixinin dövlət millət qaynaşması, milli gücün bütün elementlərinin səfərbər edilməsi, həmrəylik baxımında zirvə nöqtələrindən biridir. Tarixi günlərin içindən keçdiyimizin idrakı içində olmalıyıq.
Şübhəsiz, ordumuzun bu möhtəşəm qələbəsinin arxasında Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin ortaq güc formalaşdırmaq istiqamətindəki uzun müddətli fəaliyəti, müdrik və qətiyyətli siyasəti dayanır. Təsadüfi deyil ki prezident İlham Əliyev Türkiyəli nazirləri qəbul edərkən “bu bizim müştərək qələbəmizdir” demişdi. Çünkü başından bəri Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin bütün səlahiyyətliləri “Qarabağ eyni zamanda bizim də milli məsələmizdir” deyərək bir böyük dövlət qətiyyətiylə Azərbaycanın haqlı davasının yanında yer aldılar. Bütün Türkiyə cəmiyyəti bu müharibəni öz müharibəsi kimi görərək mənəvi dəstəyini əsirgəmədi. Xatırlayarsınız yəqin, Moskvada ilk atəşkəs çağrısıyla nəticələnən Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşü əsnasında TBMM başqanı M. Şəntop “əgər Azərbaycanı dayandırmaq üçün hər hansı bir xarici müdaxilə olarsa, biz də Qarabağa ordu yeritməkdən çəkinməyəcəyik” deyə bir bəyanat verdi. Bu, Türkiyəmizin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bir savaşı belə gözə aldığını göstərirdi. Qardaşlığımız adına hər zaman qürur duyacağımız möhtəşəm bir dəstəkdi.
Türkiyədən aldığımız SİHA və İHA -ların Erməni işğalçılarının necə qorxulu yuxusuna çevrildiklərini gördük. Dövlət başçımızın burada Azərbaycanda bizə mənəvi dəstək , hər hansı bir xarici aqressiya olmaması üçün gözləyən F- 16-larla bağlı sözləri də yadımızdadır. TRT başda olmaqla, Türkiyə mediası bizim haqq bağıran səsimiz oldu. Dünya əsl həqiqətləri, erməni işğalçılarının mülki əhaliyə qarşı həyaya keçirdiyi acımasız bombalamanı TRT, CNN Türk kimi kanallardan öyrəndi. Canlarını təhlükəyə ataraq cəbhədən xəbərlər verdilər. Yəni Qarabağ savaşı Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirdi, Cənubi Qafqazdakı geopolitik dəngələri də dəyişdi. Əlbəttə, bu yeni durumun bütün Türk Dünyasını əlaqədar edən nəticələri də olacaq. Nüvəsini Türkiyə-Azərbaycan ittifaqının formalaşdırdığı yeni bir Türk gücü ortaya çıxır. Bu güc bütün Avrasyada təhlükəsizlik, stabillik və əməkdaşlıq mühütünün yaradılması, ticarət yollarının yenidən canlandırılmasında da əhəmmiyətli rol oynayacaq”.