“Fransalı həmsədri yenidən görsəm, deyərdim ki, indi gördün müharibənin real nəticəsini...”
(12-11-2020, 11:30)
“2019-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş zamanı Qarabağın azərbaycanlı icmasının üzvü kimi onlara sual verdim ki, artıq neçənci ildir sülh danışıqları gedir və siz neçənci həmsədrsiniz ki, bu işlə məşğul olursuz, bəs 30 ilə yaxındır haqqı-hüququ tapdanmış bir milyona yaxın məcburi köçkün nə vaxt öz yurd-yuvasına qaytarılacaq. Ermənistan isə torpaqları boşaltmaq əvəzinə, yenidən bizi müharibəyə təhrik etmək istəyir. Amma siz bu işğalçı ölkəyə yenə bir söz demirsiniz... Fransalı həmsədr Stefan Viskonti dərhal cavab verdi ki, müharibənin də nəticəsini əvvəlcədən bilmək olmur...”
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyətinin olmaması, Fransa rəsmilərinin əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürməsi haqda son şərhi barədə Moderator.az-a açıqlama verən sabiq millət vəkili, Qarabağın azərbaycanlı icmasının üzvü, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımova söyləyib.
Davamında Qarabağ icmasının üzvü belə deyib:
“Anladım ki, bu fransız həmsədrin Ermənistanın bu neçə on illər ərzində öz ərazisində və işğal altındakı Azərbaycan torpaqlarında elə Fransa kimi havadarları sayəsində topladığı külli miqdarda silah-sursatdan xəbəri var. Ona görə bu cür arxayın danışır. Yəni öz aləmində arxayındır ki, Ermənistan müharibədə qalib gələcək. Bu gün - Ali Baş Komandan başda olmaqla müzəffər ordumuzun torpaqlarımızın böyük bir hissəsini azad edərək Şuşaya bayraq sancmasından sonra kaş həmin fransalı həmsədri yenidən görəydim və ona deyəydim ki, indi gördün müharibənin real nəticəsini... Cənab Prezidentin təbirincə desək, bəs deyirdiniz ki, məsələnin hərbi həlli yoxdur... Nə oldu?..”
“Həmin vaxt oxşar sualla Rusiyadan olan həmsədr Oleq Popova da müraciət etdim. Dedim ki, Rusiya ilə biz yaxın qonşuyuq, uzun müddət eyni dövlətin tərkibində yaşamışıq. Bəs siz niyə belə ədalətsiz yanaşırsız Qarabağ məsələsinə? O susdu, heç bir cavab vermədi. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə də sual etdim ki, siz 20 ildən çoxdur ki, eyni vəzifədə Qarabağa gəlib-gedirsiz, bəlkə sizin ayağınız düşmür deyə, bu məsələ ədalətlə həll olmur. O, bir az gülümsəyərək dodaqaltı nəsə dedisə də, anlamadım... Bir sözlə, həmin ATƏT nümayəndələri öz davranışları, suallara cavablarıyla sübut edirdilər ki, onlar Azərbaycana, Qarabağa, sadəcə, ermənilərin xeyrinə olaraq vaxtı uzatmaq məqsədi ilə gəlib-gediblər... Nəhayət, Ali Baş Komandan, Prezident İlham Əliyevin çox uğurlu xarici siyasəti, diplomatik fəaliyyəti nəticəsində yetişmiş bir şəraitdə ordumuzun müzəffər yürüşü sayəsində işğalçı və terrorçu Ermənistan dövləti ilə yanaşı, onun Minsk Qrupundakı və digər havadarları da gözlənilməz zərbə aldılar və haqq öz yerini tapdı. Və tezliklə bu proses xalqımızın, dövlətimizin tam qələbəsi ilə başa çatacaq. Ondan sonra Ermənistanla, onun və Qarabağdan qaçmış separatçı rejimin cinayətkar, terrorçu rəhbərləri ilə bərabər Minsk Qrupunun həmsədrləri də mühakimə olunmalıdırlar...”- deyə Milli Qəhrəman xanımı vurğulayıb.
Ana səhifəyə qayıt
Oxunub: 69
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər