“İgidlik göstərənlərə elə döyüş gedə-gedə yüksək fəxri ad, mükafat verilsə, yaxşı olar...”
(15-10-2020, 13:30)

“Artıq ermənilər dinc əhaliyə atəş açaraq “qəhrəmanlıq” göstərən hərbçilərinə mükafatlar verir...”




“Müharibədə qələbənin əsas amillərindən biri də arxa cəbhə ilə ön cəbhənin birliyi, vəhdətidir. Bu gün xalqımızın Ali Baş Komandanın, ordumuzun ətrafındakı birliyi göz önündədir. Səngərdə savaşan əsgər də arxadakı xalqın, dövlətin güclü dayağını daim hiss edərək düşmənlərə döyüşlərə böyük ruh yüksəkliyi ilə atılmalıdır”.
Bu fikirləri açıqlamasında sabiq Müdafiə naziri, istefada olan general-mayor Tacəddin Mehdiyev söyləyib.

“İnanırıq ki, döyüşən əsgərlərin ailə problemlərini dövlət qurumlarımız öncədən həll edir ki,  əsgər onun arxadakı ailəsinin hansısa ciddi sosial çətinliklər qarşısında qalması haqda düşünməsin. Hesab edirəm ki, bu haqda yeni qərarları da tezləşdirmək lazımdır. Hazırda  döyüşən əsgərlərimizdə döyüş ruhu çox yüksəkdir, onlar torpaqlarımız, Vətən uğrunda hər çeyə hazırdırlar. Onların bu ağır, fədakar zəhmətinə indidən yüksək qiymət verilməli,  ailələrinə yüksək səviyyədə qayğı göstərilməlidir. Çox güman ki, qələbə günləri yaxınlaşdıqca hökumətimiz şəhidlərə, ağır yaralılara, əlillərə hansı təzminatlar ödəniləcəyini, hansı yeni güzəştlər veriləcəyini dəqiqliklə müəyyən   edəcək.  Bu gün keçmiş Qarabağ veteranlarına cəmi 80 manat verilir. Yəqin ki, bu məbləğin dəfələrlə artırılması üçün də tədbirlər görüləcək. Yəni  Vətən uğrunda canını, qanını vermiş insanlar adi insanlardan seçilməlidir.  Sovet dövründə Vətən müharibəsi iştirakçılarına bəzi sosial xidmətlər pulsuz,   bir sıra xidmətlər isə, məsələn, komunal xərclər, nəqliyyat və s. 50 faiz güzəştlə idi. İnşallah, Qarabağdakı böyük qələbəmizdən sonra bu kimi məsələlərə, yəqin ki, yenidən baxılacaq...” – Tacəddin Mehdiyev belə deyib. 

“Bundan əlavə, hesab edirəm ki, ordumuzun, bütövlükdə xalqımızın, eləcə də gənclərimizin daha da ruhlanması üçün qəhrəmanlıq göstərən hərbçilərimizə elə döyüşlər gedə-gedə yüksək fəxri adlar, mükafatlar verilsə, yaxşı olar. O gün xəbər verilir ki, bir gizirimiz 7 düşmən tankı vurub. Daha sonra başqa bir oxşar xəbər eşidirik. Əgər hansısa döyüşçümüz doğrudan da belə bir qəhrəmanlıqlar göstəribsə, ona dərhal hansısa yüksək ad, yaxud mükafat verilməlidir ki, digər döyüşçülərimiz düşmənin üzərinə getməyə daha da həvəslənsin. Bunun üçün, zənnimcə, müvafiq qanunlara dəyişiklik edilməlidir.  Məsələn, bilinməlidir ki, düşmənin neçə zirehli texnikasını, yaxud canlı qüvvəsini məhv edənə Milli Qəhrəman və ya digər fəxri ad, orden, medal, yaxud pul mükafatı veriləcək... Bildiyimə görə,  artıq ermənilər öz  üzdəniraq işğalçı və məğlub ordusunun bizim dinc əhaliyə atəş açaraq “qəhrəmanlıq” göstərən hərbçilərinə mükafatlar verir. Biz niyə öz gerçək qəhrəmanlarımızı mükafatlandırmayaq.? Düşünürəm ki, bu kimi məsələlər, inşallah, böyük Qələbəmizi tezləşdirən amillərdən ola bilər”- deyə general-mayor vurğulayıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 136

Xəbər lenti