Qənirə Paşayeva “Şöhrət” ordenli Xalq artistini yubileyi münasibətilə təbrik etdi
(3-10-2020, 10:00)



1 Oktyabrda tanınmış müğənni (tenor), “Şöhrət” ordenli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun 60 yaşı tamam oldu.
Hörmətli Xalq artistimizi təbrik edir, yeni sənət uğurları diləyirik!
İnanırıq ki, müzəffər ordumuzun öncəbhədə əldə etdiyi ciddi hərbi uğurlaqr, torpaqlarımızın azad edilməsi Mənsum müəllim üçün ən yaxşı yubiley hədiyyəsidir. İnşallah Xalq artistinin növbəti adgününü doğma Ağdamda, musiqi beşiyimiz Şuşada keçirəcəyik.
Mənsum İsrafil oğlu İbrahimov (01.10.1960; İmamqulubəyli, Ağdam) – 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində,1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni Maarif” fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Bəy Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb. Xalq artisti Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. “Leyli və Məcnun” operasında Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə yanaşı həm də xalq və bəstəkar mahnılarının, muğamların gözəl ifaçısıdır; dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini yaxın və uzaq ölkələrdə - Türkiyə, İran, İraq, Fransa, Belçika, Lüksemburq, Kıprıs, ABŞ və Kanadada ləyaqətlə təmsil edib.
Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi olaraq, gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edir.
Sənətkar 1998-ci ildə “Əməkdar artist”, 2005-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ali “Şöhrət” ordeni ilə təltif olunub.
2012, 2014, 2015, 2016-cı illərdə Prezident Mükafatına, 2017-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
“Güllələnmiş heykəllər” (2002), “Biz qayıdacağıq” (2007) filmlərində çəkilib.
Hörmətli Xalq artistimizi yubileyi münasibəti ilə bir daha təbrik edir, yeni sənət uğurları arzulayırıq!

Qənirə Paşayeva, Millət vəkili
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 89

Xəbər lenti