“Ermənilər kəndimizi dağıtmamışdılar, orada yaşayırdılar” - Polkovnik 30 il sonra yurdunda...
(4-10-2021, 15:58)

Müzəffər Ali Baş Komandan tərəfindən vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları uğurla icra olunub. Belə ki, döyüş əməliyyatlarının ilk günlərindən Azərbaycan sərhədçiləri tərəfindən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumunun hərb salnaməsinə yazılması, düşmənin yüzlərlə canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, qızıl yatağı yerləşən Vejnəli yaşayış məntəqəsi və Zəngilan şəhərində Dövlət bayrağımızın sancılması, Ermənistanla dövlət sərhədinsə “Bartaz”, "Sıqrıt", “Şükürataz” və digər strateji yüksəkliklərinin qəhrəmancasına azad edilməsinə nail olunub.
Moderator.az-ın əməkdaşı Dövlət Sərhəd Xidmətinin Raket-Artilleriya İdarəsinin rəisi, polkovnik Baxşəli Məmmədovla həmsöhbət olub. Keçmiş döyüşçü söhbətə kursantlıq illərindən danışmaqla başlayıb.

“Ukraynanın Odessa şəhərində ali hərbi məktəbi artilleriya üzrə oxuyub bitirmişəm. Almaniyada isə zabit kimi xidmətimi davam etdirmişəm. 1992-ci ildə 1-ci Qarabağ müharibəsi başlayanda öz ərizəmlə müraciət etdim ki, məni Azərbaycana göndərin, doğma vətənimdə xidmət keçmək istəyirəm. Çünki vətənim dar ayaqda idi. Mən Azərbaycana gələndə artıq müharibə başlamışdı. Artilleriya briqadasında divizion komandiri idim, cəbhə bölgəsinin müxtəlif istiqamətlərində bizim divizionlarımız var idi. Mən də gələndə divizion komandiri kimi Fizulidə, Ağdamda, Ağdərədə, Goranboyada, Qazaxda döyüşdə oldum. 1993-cü ilin may ayında artıq briqadaya qərargah rəisi təyin olunmuşdum. Əsas döyüş fəaliyyətim də Ağdamda olub. Mən Ağdamın Qızıllı- Kəngərli kəndindənəm, burada döyüşə-döyüşə ən son kəndi tərk edən biz olduq. Ağdamın Şelli kəndində olanda ermənilər bizim mövqeyi tankla vurdular, Taleh adında bir əsgərim var idi, elə yanımda şəhid oldu. Doğma qardaşım da Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. Təbii ki, çox ağır dərd idi, buna baxmayaraq sonuna qədər döyüşdük” deyə keçmiş döyüşçü bildirib.
Polkovnik Baxşəli Məmmədov 2-ci Qarabağ müharibəsindəki xidmətindən də danışıb.
“Düzdür, vətən həsrəti çəkdik, bu 30-ilə yaxın bir müddətdə bir gün də olmadı ki, doğma torpaqlarımızı düşünməyək. Böyük zəfərimizin başlanğıcının toxumları əslində 2016-cı ildə aprel döyüşləri ilə başlamışdı. Bu döyüşlərdə də Dövlət Sərhəd Xidmətinin zabiti kimi iştirak etmişəm. 2020-ci il 27 sentyabr döyüşləri isə sözün əsl mənasında tariximizə qızıl hərflərlə yazıldı. Düşmən hücumunun qarşısını almaq üçün mən də bütün əsgərlərimiz kimi ilk əks hücuma keçənlərdən biri oldum. Bizim əsas döyüşlərimiz Fizuli, Zəngilan, Qubadlı, Cəbrayıl bir sözlə Arazyanı ərazilərdə oldu. Təbii ki, Şuşa, Hadrut, Ağdam, Kəlbəcər istiqamətində də qüvvələrimiz var idi. Döyüşə-döyüşə gedib Xudafərini işğaldan azad etdik, daha sonra Həkəri çayı boyunca mövqeləndik. Tapşırıq gəldi ki, Zəngilana gedib, orada mövqelənməliyik. Oktyabrın 20-də isə Zəngilan rayonuna hücum edib, oranı azad etdik. Bütün xalq cənab prezidentin yumruğu altında birləşib, torpaqlarımızı azad etdi. Bu əks hücum əməliyyatının adı sonradan Ali Baş Komandan tərəfindən “dəmir yumruq” adlandırıldı. Siz bir bizim əsgərlərimizdə döyüş ruhunu, əhvalını görərdiniz. Bir əsgər düşmən bmp-sini vuranda, o biri artıq bizdən inciyirdi ki, komandir bizə də döyüş əmri verin. Biz də döyüşmək, düşmənin texnikalarını məhv etmək istəyirik” deyə müsahibimiz bildirib.
Polkovnik 30 ildən sonra Ağdama, doğma kəndi Qızıllı- Kəngərliyə getməyin sevincini də bizimlə bölüşüb.
“Kəndimiz işğal olunanda mən orada döyüşürdüm, amma işğaldan azad olunanda isə başqa istiqamətdə xidmət edirdim. İşğaldan sonra doğma kəndimizə, ata ocağıma gedib, oraları doyunca gəzdim. Yaxınlarımın uçurulmuş məzarını ziyarət etdim. Bu hissləri sözlərlə ifadə etmək çətindir. Bizim kəndimizin evləri qalmışdı, çox az hissəsini düşmən dağıtmışdı. Kəndimiz əlverişli ərazidə yerləşirdi, həm də təbiəti, relyefi gözəl idi. Ona görə də ermənilər orada abadlıq işləri görüb yaşayırdılar. Həyətimizə getdim... Uşaqlıq illərimdə əkdiyim 7 armud ağacından 4-ü qurumuşdu, 3-ü isə qalmışdı. O ağacların dibində dayanıb şəkil çəkdirdim. Həyat yoldaşım da bizim kənddəndir, onu da özümlə ora aparmışdım. Onların həyətində isə bir ağac salamat qalmışdı. Həyətimizdə bir qaya parçası boyda ağ daş var idi, daşın üstündə böyük oyuq açmışdıq. O vaxt ora diri duz töküb döyəcləyirdilər, duz narın olurdu. O daş necə var idisə elə də qalmışdı. Daşdan-torpaqdan əvəz çıxan düşmən nədənsə bu daşa dəyməmişdi. Kəndimiz səfalıdır, 7 bulağı var, Xaçınçayının üstündə yerləşir. Rəhmətlik qardaşımın evini isə ermənilər kəndi tərk edəndə yandırmışdılar, yalnız divarları qalmışdı. Hətta qəbirstanlıqdakı baş daşlarını da sındırıb ayaqaltı daşı etmişdilər. Düşmən evimizin bünövrəsini dağıtsa da, milli ruhumuzu o torpaqlardan silə bilmədi. İndi ən böyük arzum kəndimizə qayıtmaq, yarımçıq qalan gəncliyimi o torpaqlarda davam etdirməkdir. O günü səbirsizliklə gözləyirəm. O gün elə də uzaqda deyil” deyə polkovnik Baxşəli Məmmədov bildirib.
Qeyd edək ki, polkovnik Baxşəli Məmmədov cənab prezidentin sərəncamları ilə "Zəfər" ordeni 2020, “Vətən uğrunda” (2016), “Hərbi xidmətlərə görə” (2015), “İgidliyə görə” (2019), Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması medalları (2021)ilə təltif olunub.
Ana səhifəyə qayıt
Oxunub: 176
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar