“Xarici dövlətlər bizə əmr verməsin, bu bizim sistemdir, bizim öz qərarlarımız var” – “Taliban”ın ali lideri Axundzadə
(12-07-2022, 13:30)
Qəndəhardakı “Eid Gah” Məscidində qılınan bayram namazında “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə Əfqanıstanda İslam qanunlarını tətbiq edəcəyini bəyan edib.
“Tolo News”un xəbərinə görə, H.Axundzadə deyib ki, əvvəlki hakimiyyətdə şəriətə əsaslanmayan qanunlar ləğv ediləcək: “Mən Əşrəf Qani və Kərzai hökumətləri dövründə və ya hazırda din xadimlərinin nəzarətində olan son 20 ildə qəbul edilmiş bütün nazirliklərin prosedurları və siyasətləri barədə, şəriətə və ya xalqın maraqlarına zidd hər hansı bir şey olub-olmadığını soruşmuşam. Biz Əfqanıstana təmiz İslam sistemi gətirəcəyik”.
Ali lider bundan əvvəl Kabildə keçirilən tədbirdə əcnəbilərə Əfqanıstanın işlərinə və siyasətinə qarışmamaq barədə xəbərdarlıq edib. 3000 nəfərin iştirak etdiyi üç günlük dini toplantıda səsləndirilən səs yazısında H.Axundzadə deyib Əfqanıstan müstəqil olmadan inkişaf edə bilməz: “Şükür Allaha, biz indi müstəqil ölkəyik. Xarici dövlətlər bizə əmr verməsin, bu bizim sistemdir, bizim öz qərarlarımız var”.