Minlərlə ukraynalı necə yoxa çıxıb? – Rusiya uzun illərdir eyni terror taktikasından istifadə edir
(9-07-2022, 09:30)
“Fevral ayında Rusiya Kiyev vilayətində yerləşən Buça şəhərini işğal etdikdən sonra sakinlərin əksəriyyəti bu bölgəni tərk etdilər. Lakin Matviy adlı çörəkçi qonşularına kömək etmək üçün Buçada qaldı. Martviyin bacısı Natalya deyir ki, martın 18-də rus hərbçiləri zorla onun evinə soxularaq, qardaşını silah gücüylə naməlum istiqamətə aparıblar. Natalya o vaxtdan bəri qardaşından heç bir xəbər ala bilmədiyini deyir”.
Bunlar Britaniyanın “The Economist” nəşrinin rus hərbçilərinin Ukraynada oğurladığı insanlarla bağlı hazırladığı məqalədə yer alıb. Britaniya nəşri yazır ki, Buçada baş verənlər aysberqin görünən tərəfidir. Aralarında jurnalistlərin, siyasi fəalların və əhaliyə könüllü yardım göstərənlərin olduğu minlərlə ukraynalının sürgünə, həbsxanaya göndərildiyi və öldürüldüyü bildirilir.
Jurnalistlər Sergey Tsıhipa və Oleq Baturinin martın 12-də Rusiya qüvvələrinin törətdiyi vəhşiliklər barədə reportaj hazırlayarkən rus hərbçiləri tərəfindən qaçırıldığı deyilir. Tsıhipanın ögey qızı Anastasiya deyir ki, ruslar onların başlarına torba keçirərək, naməlum bir yerə aparıblar.