TAM SÜQUT - Taliblər Əfqanıstanı bir neçə gün ərzində ələ keçirdi - TƏHLİL
(16-08-2021, 15:09)


TAM SÜQUT - Taliblər Əfqanıstanı bir neçə gün ərzində ələ keçirdi - TƏHLİL

Əfqanıstanda vətəndaş müharibəsinin növbəti mərhələsini tamamlanmış hesab etmək olar. Amerika Birləşmiş Ştatlarının ölkədə ekstremistlərlə effektiv mübarizə apara biləcək bir rejimin qurulmasını təmin etmək cəhdi uğursuzluqla nəticələndi.

Müharibə bitdi?

Moderator.az xarici mənbələrə istinadla xəbər verir ki, müharibənin bitdiyini “Əl-Cəzirə” telekanalına “Taliban” hərəkatının siyasi qanadının nümayəndələrindən biri elan etdi. Bu vaxta qədər Əfqanıstanda hamı “Taliban”a qarşı müqavimətə fokuslanmışdı: bəzi əyalətlərdə hərbi hissələr də hələ təslim olmayıb, amma hazırkı vəziyyətdə bu maksimum bir neçə günün işidir.

Avqustun 15-i Əşrəf Qəni rejiminin son günü oldu. 2014-cü ildə Əfqanıstan prezidenti olduqdan, 2019-cu ildə isə ikinci müddətə yenidən seçildikdən sonra Qəni Amerika qoşunlarının ölkədən çıxarılması fonunda “Taliban”la uğurla mübarizə apara bilmədi.

Əfqanıstan prezidenti son ana qədər “Taliban”la hərbi yolla mübarizə aparmağa hazır olduğunu bəyan edirdi, lakin hərəkat dəstələrinin Kabil yaxınlığında görünməsi Qənini planlarını kəskin şəkildə dəyişməyə məcbur etdi. Artıq keçmiş ölkə başçısı yaxın əhatəsi ilə birlkdə xaricə uçub. Eyni zamanda yeni hökumətə kimin rəhbərlik edəcəyi ilə bağlı heç bir aydınlıq yoxdur. Başlanğıcda hakimiyyəti təhvil vermək funksiyasını öz üzərinə götürəcək bir növ keçid hökuməti qurulacağına dair məlumatlar var idi, lakin “Taliban” hərəkatı rəsmiyyətə ehtiyac olmadığını, Əfqanıstanı özünün idarə etməyə hazır olduğunu açıq şəkildə bildirdi.

"Taliban”ı üzəinə götürdüyü öhdəliklər baxımından izləyəcəyik"

2021-ci il aprelin ortalarında ABŞ prezidenti Co Bayden Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətində olduğunu bildirdi.

"Mən bizim Əfqanıstanda olmağımızın ilk növbədə ora hanslı səbəbdən getməyimizdən asılı olduğuna inanırdım: Əfqanıstandan yenidən vətənimizə hücum etmək üçün bir baza kimi istifadə edilməməsini təmin etməliydik. Biz buna nail olduq, bu məqsədə çatdıq”, - deyə TASS agentliyi Amerika liderindən sitat gətirib. Bayden qoşunların çıxarlmasının 11 sentyabr terror hücumunun 20-ci ildönümünə, yəni 11 sentyabr 2021-ci ilə qədər tamamlanacağını söyləmişdi.

"ABŞ ordunun tam çıxarılmasını mayın 1-də başa çatdıracaq. Biz bunu tələsik həyata keçirməyəcəyik, ancaq məsuliyyətlə, düşünülmüş və təhlükəsiz hərəkət edəcəyik" - deyən Bayden" ardından söyləmişdi: "Bölgədən çıxışımızı müttəfiqlərimiz və tərəfdaşlarımızla tam koordinasiyalı şəkildə həyata keçirəcəyik. “Taliban” bilməlidir: çıxan zaman bizə hücum edərlərsə, biz özümüzü və tərəfdaşlarımızı bütün vasitələrdən istifadə edərək qoruyacağıq... Biz terrorçuların Əfqanıstan ərazisindən ABŞ-ı və müttəfiqlərini təhdid etməsinə imkan verməmək öhdəliyi baxımından “Taliban” üzərində nəzarət edəcəyik".

Qoşunların çıxarılmasını nəzərdə tutan “Taliban”la barışıq müqaviləsi əvvəlki prezident Donald Trampın administrasiyası tərəfindən 2020-ci ildə imzalanmışdı, lakin praktiki həyata keçirilməsi Co Baydenin payına düşdü.

"Əfqanıstandakı ABŞ səfirliyinin damından insanların çıxarılmasını görməyəcəksiniz"

Eyni zamanda Vaşinqton Qəni rəhbərliyinin Əfqanıstanda hakimiyyəti tamamilə əlində saxlaya bilməyəcəyi təqdirdə “Taliban”ın hücumlarının qarşısını uzun müddət ala biləcəyinə əmin idi.

Vaşinqtonun müqavilənin şərtlərini pozan ekstremistlərə zərbə vurmağa hazır olduğu barədə qorxuducu bəyanatlarına baxmayaraq, “Taliban” hücumlara may ayında başladı. Artıq iyun ayında Tacikistan-Əfqanıstan sərhədindəki sərhəd postları taliblərin nəzarətinə keçdi.

2 iyul 2021-ci ildə NATO silahlı birləşmələri “Taliban” üçün hücumun yeni mərhələsi baxımından bir siqnal olan Baqram aviabazasını tərk etdi. Əvvəlcə söhbət kənd ərazilərinin ələ keçirilməsindən gedirdi, çünki hökumət qoşunları böyük şəhərlərə hücumları az-çox uğurla dəf edə bilmişdi.

8 iyul 2021-ci ildə Ağ evdə keçirdiyi mətbuat konfransında Co Bayden inamla dedi ki, taliblərin qələbəsi hələ son demək deyil: “Əfqanıstan qoşunlarının yaxşı təchiz olunmuş 300 min əsgəri və təxminən 75.000-lik “Taliban”a qarşı hərbi hava qüvvəsi var. Mən daha yaxşı təlim almış, daha yaxşı təchiz edilmiş və müharibə baxımından daha bacarıqlı Əfqanıstan ordusuna güvənirəm. Əfqanıstan hökumətinin bir araya gəlməsi lazımdır. Açıq-aşkar mövqelərini qorumaq qabiliyyətinə malikdirlər. Söhbət onların buna imkanlarının olub-olmamasından yox, birləşə biləcəklərindən gedir".

Jurnalistlər Baydenə Cənubi Vyetnamdakı amerikapərəst rejimin necə çökdüyünü xatırlatdılar, amma ABŞ prezidenti bu cür müqayisəni rədd etdi: “Taliban” Şimali Vyetnam ordusu deyil. Onlar belə bacarıqlardan çox uzaqdırlar. ABŞ-ın Əfqanıstandakı səfirliyinin damından insanların çıxarılmasını görməyəcəksiniz. Bunlar müqayisə olunmaz vəziyyətlərdir".

Bir neçə gün ərzində hər şeyi itirmək

Lakin avqustun əvvəlində “Taliban” inanılmaz rahatlıqla Əfqanıstan əyalətlərinin mərkəzlərini ələ keçirməyə başladı. Belə şəraitdə Qəninin bir aydan üç aya qədər duruş gətirə biləcəyi ilə bağlı bədbin proqnozlar verilirdi. Reallıqda isə hər şey bir neçə gün ərzində bitdi.

Avqustun 14-ü axşam ölkənin “Taliban” tərəfindən nəzarət edilməyən ikinci böyük şəhəri Məzari-Şərif ələ keçirildi. Karyerasına sovetpərəst Əfqanıstanda başlayan əfsanəvi əfqan hərbi lideri Əbdül Rəşid Dostum bölmələrini tərk edərək Özbəkistan ərazisinə keçdi. Eyni zamanda məlum oldu ki, “Taliban” Kabilin 11 km yaxınlığındadır.

Paytaxtda çaxnaşma hökm sürürdü. Amerikalıların nəzarəti altında Əfqanıstan hökumətində çalışan insanlar “Taliban” hakimiyyəti ələ keçirməzdən əvvəl ölkəni tərk etmək ümidi ilə hava limanına axışdılar. Hər yerdə olduğu kimi, burada da qarət və talanlarla müşayiət olunan çaxnaşma taliblərin öz qoşunlarını paytaxta yerləşdirməsinə fürsət yaratdı.

Həmin vaxt Amerika Birləşmiş Ştatları əməkdaşlarının Kabildən təxliyəsini hələ başa çatdırmamışdı. Amerikalıların səfirlikdən paytaxt hava limanına köçürülməsi hərbi helikopterlər tərəfindən həyata keçirildi və bu, Co Baydenin inkar etməsinə baxmayaraq, eynilə Sayqondan çıxmağı xatırlatdı.

"Xalqın dostu və azadlığın tərəfdarı": talibləri sevsələr də, hamı onlara inanmır

Hazırda Kabil hava limanı vətəndaşlarının ölkədən təhlükəsiz şəkildə çıxarılmasını təmin edən ABŞ və NATO qüvvələrinin bölmələri tərəfindən qorunur. Sosial şəbəkələrdə videogörüntülər ortaya çıxdı: Amerikalı əsgərlər “Taliban”dan qaçan əfqanların uçuş zolağına girməməsi üçün havaya atəş açırlar.

“Taliban” nümayəndələri əcnəbilərin Əfqanıstandan çıxarılmasına müdaxilə etmirlər və eyni zamanda əvvəlki rejimin adi işçilərini kütləvi şəkildə təqib etməyəcəklərini bəyan edirlər.

"İnsanları əmin edirəm ki, “Taliban” xalqın dostudur və azadlığın tərəfdarıdır", - deyə hərəkatın sözçüsü Milli televiziyada bəyan etdi. Taliblər böyük şəhərlərdə yaraqlıların törətdiyi vəhşiliklərlə bağlı şikayətlərə baxmaq üçün strukturlar qurur. Bunun sadə izahı var: “Taliban” beynəlxalq aləmdə tanınmaqda maraqlıdır, amma kütləvi terror kampaniyasının başlaması ehtimalı da istisna olunmur.

Ancaq indi ölkəni tərk etmək istəyənlər ”Taliban”ın iyirmi il əvvəl nə olduğunu yaxşı xatırlayır və terrorçuların sehrli şəkildə humanistə çevrilməsinə inanmırlar. Üstəlik, böyük şəhərlərin ələ keçirilməsindən sonra “Taliban” üzvlərinin edam səhnələri cəmi bir neçə gün əvvəl baş verib.

Hər necə də olsa, Əfqanıstan yeni bir reallığa girdi. Sovet tərəfdarı Nəcibullah hökuməti bir neçə il ərzində müstəqil olaraq silahlılara müqavimət göstərə bilmişdisə, amerikapərəst Qəni hökuməti amerikalıların öz qoşunlarını Əfqanıstandan tam çıxarmağa macal tapmamış çökdü.

Vyetnamdan bəri ABŞ-ın ən böyük məğlubiyyətinin acı nəticələrini bütün dünya dadacaq. Bu arada ABŞ-ın keçmiş prezidenti Donald Tramp xələfinin fəaliyyətinin bəhrələrini təsvir etmək fürsətini qaçırmadı: “Co Baydenin Əfqanıstanla etdikləri əfsanədir. Bu, Amerika tarixinin ən böyük məğlubiyyətlərindən biri olacaq".

Tərcümə və təqdim etdi: Miraslan

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 141

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031