Türkiyənin Karataş şəhərindəki mərkəzi küçələrdən birinə Milli Qəhrəmanımızın adı verildi...
(31-03-2021, 06:23)

Bu sabah Türkiyə xoş bir xəbərlə oyandı. Bu xəbər Azərbaycanın da sübh günəşini sevindirdi.Azərbaycanın Milli qəhramanı, “Türk Dünyasının Kahramanı” ordenli, “Azərbaycan Bayrağı” ordenli qazi İbad Hüseynli Türkiyə höküməti tərəfindən növbəti dəfə mükafatlandırılıb. Karataş Bələdiyyə Başkanı Necip Topuzun bələdiyyə məclisinə verdiyi təklif üzərinə alınan qərara əsasən, Karataş şəhərində mərkəzi küçələrdən biri Milli Qəhramanımızın şərəfli adını daşıyacaq, orda kölgəsinə qurban olduğum üç rəngli şanlı türk bayrağımız dalğalanacaq.Açıqlamasında Bələdiyyə Başkanı Necip Topuz İbad Hüseynlinin adınını Türk dünyası üçün çox önəmli olduğunu diqqətə çatdırıb. Bu şərəfli adın Karataşda da yaşadılmasını vacib hesab edib. Xatırladım ki, İbad Hüseynli adına Ankaranın Gölbaşı rayonunda, Kırşehirdə, Qaziantep şəhərində həm küçə, həm də əhalinin sıx yaşadığı bölgədə park var. Bu bir Azərbaycanlı qaziyə, onun döyüş yoluna olan yüksək diqqətin, hörmətin nümunəsidir. Onun vətən, millət üçün bitməyən savaşı, mübarizəsi qiymətləndirilib.İndi həmin küçələrin sakinləri öz kimliklərində İbad Hüseynlinin adını daşıyırlar, getdikləri ünvana Milli Qəhramanımızın adını verirlər, “İbad Hüseynli sokağı” deyə görüş yerlərini təyin edirlər. Bu, bir millət olaraq, bizim üçün qürurdu, fəxrdi, fərəhdi.
İbad Hüseynli əlinə silah alan gündən səngərdə, atəşkəs dövründə kürsülərdə savaşıb. Dəfələrlə İbad Hüseynli ilə daxili, xarici səfərlərdə olmuşam, onun Azərbaycanın haqqlı davasını necə apardığına şahidəm. O getdiyi hər yerdə Azərbaycan qazilərinin hünərini, cəsarətini, döyüş əzmini onu dinləyənlərə çatdırıb. Ölkəmizin mövqeyini göstərib, haqqlı davasına tərəfdaş yığıb. Mən heç vaxt onun özü haqqında danışdığını eşitmədim, söz İbad Hüseynlidən düşəndə o, sadəcə bir kəlmə deyir: “Biz danışmağı yox, savaşmağı öyrəndik”.Həqiqətən o, bütün cəbhələrdə vətənimiz, dövlətimiz üçün savaşıb.İbad Hüseynli sadəcə bir cəbhənin əsgəri deyil, görünən, görünməyən səngərlərdə ləyaqətlə xidmət edib. Bu gün də aldığı fəxri adların, mükafatların sərin kölgəsində dincəlmir, rahatlanmır.O, “mən həmişə əsgərəm” deyir.
Deyirlər, millət o vaxt böyük olur ki, onun qəhramanları lap uzaqdan görünsün, dağın zirvəsi kimi.Bir xalq haqqında onun qəhramanlarının adı, şanı sayəsində fikir, düçüncə formalaşır. Bu gün Karataşın “İbad Hüseynli sokağın”da yaşayan sadə adamların çoxu, bəlkə, bu adı ilk dəfə eşidəcəklər, onun şəklini küçənin başında ilk dəfə görənlər olacaq, amma bir ömür boyu hafizələrində, yaddaşlarında, sənədlərində qalacaq. Bu adın sayəsində Azərbaycan oğullarının vətən qeyrəti, sevgisi, onların şücayəti, mərdliyi o adamlarda Azərbaycana münasibəti formalaşdıracaq. Yadımdadır, biz Karataşda olanda İbad Heseynlinin bu şəhərə gəldiyini bilənlər ilk olaraq ondan Qarabağ müharibəsini soruşurdular. Onlar da eynən bizim kimi bu torpaqların nə vaxt geri qaytarılacağını bilmək istəyirdilər. İbad Hüseynli onlara anlayacaqları dildə ümumi vəziyyəti elə izah edirdi ki,hamı öz payını götürürdü. Açığını deyim, mən də heç inanmazdım ki, dünya işğalçılarının əlində iyirmi yeddi il əsir qalan Qarabağı bu qədər tez bir vaxtda azad etmək olarmış.Amma İbad Hüseynli Qarabağın yaxın vaxtlarda azad olacağını deyirdi. Həmişə ümidli, inamlı danışırdı.Onunla danışanda adam dünyayla savaşmaq istəyir. O da istəyirdi Azərbaycan dövlətinin gücünə, ordusunun hazırlığına, oğullarının igidliyinə bir nəfər də şübhə eləməsin.
Karataşda İbad Hüseynlinin yanında durmaq, onunla danışmaq, şəkil çəkdirmək elə bil o ürəyibillur adamların çoxdankı arzuları imiş. İndi onun adına verilmiş küçənin sakini olmaq qismətlərinə yazıldı.
Milli Qərəmanımızın adı bizim and yerimizdi, şərəfimizdi. O, öz adıyla bərabər bayrağımızı daşıyır, ən mübarək yerdə ucaldır.Karataşdakı bu küçə bizim üçün qürur küçəsidir. Ümid edirəm ki, tezliklə yolum Karataşa düşər. Bax, onda bir taksiyə oturub sürücüyə fəxarətlə ünvanı verəcəm; “İbad Hüseynli sokağı”
Ana səhifəyə qayıt
Oxunub: 117
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar