"Ola bilsin ki, Köçəryan parlamentə seçilsin, lakin onun baş nazir olacağına inanmıram”
(30-01-2021, 15:00)
Ermənistanın 44 günlük II Qarabağ savaşındakı darmadağınından sonra təcavüzkar ölkədə baş qaldıran siyasi gərginlik səngimək bilmir. Xüsusilə erməni baş nazir Nikol Paşinyanın erkən parlament seçkiləri keçirməyə hazır olduğunu bəyan etməsi proseslərə əlavə rəng qatıb.
Bu istiqamətdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın son açıqlamaları diqqətləri daha çox cəlb edib. O, iddialı çıxış edərək elan edib ki, seçkilərdə iştirak edib qələbə qazanacaqlar: “İndiki vəziyyətdə Ermənistanda seçkilərin keçirilməsi təhlükəlidir. Seçkilərin ölkədə vəziyyət sabitləşdikdən sonra və daha sakit bir mühitdə keçirilməsinin doğru olacağını düşünürəm. Ancaq olacağı təqdirdə də iştirak edib, qələbə qazanacağam”.
Köçəryan həmçinin siyasi mübarizə və komanda üçün lazımlı vasitələrə sahib olduğunu qeyd edib.
Xocalı cəlladının Paşinyanı devirib yeni baş nazir olma şansları ilə bağlı fərqli fikirlərə, ehtimallara, proqnozlara rast gəlinir. Xüsusilə, burada Rusiya faktoru daha çox qabardılır. Şimal qonşumuz Ermənistandakı proseslərə müdaxilə edib, Köçəryana stavka edəcəkmi?
Tofiq Zülfüqarov: “Putin onu dost hesab etmir, çünki...”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Köçəryanın şanslarını bu cür dəyərləndirdi:
“Birinci onu qeyd etmək lazımdır ki, ona qarşı hələ də tənqidlər qalır. Əvvəlki Ermənistan rəhbərlərinə qarşı olan bu tənqidlərin əksəriyyəti ona aiddir. Vaxtilə Köçəryan Ermənistanı yanlış yola çəkən şəxslərdən idi. Təxribatçı hərəkətlərin önündə gedirdi. Biz bunu başa düşməliyik ki, o özbaşına deyil, sadəcə olaraq orqanların tapşırıqlarını yerinə yetirərkən bu yola gedib. Özü də bir neçə dəfə etiraf etmişdi ki, gedib xüsusi yerlərdə hazırlıqlar keçib. Hətta şəxsən mən şahidi olmuşam ki, dövlət başçılarının toplantılarının birində dedi ki, guya o, Novosibirskdə suyun altında xüsusi təlimlər keçib. Novosibirskdə sualtı təxribatçı diversant hazırlamaq üçün mərkəz var idi. Yəni o bunu da etiraf edib”.
Sabiq nazir Köçəryanın hələ də tənqidlər hədəfi olduğunu qeyd etdi:
“Ermənistanda olan prosesləri təkcə Paşinyan dövrü ilə deyil, əvvəlki dövrlərlə də qiymətləndirirlər. Belə suallar dolaşır ki, birinci müharibədə yeddi min itkilər verdik, ikinci müharibədə bu rəqəmə yaxın itkilərimiz oldu, bizə lazım idi? Çoxlu sayda erməni bu hadisələrdə həyatını, sağlamlığını itirib. Bu baxımdan ona qarşı tənqid üçün əsaslar çoxdur. Doğrudur, o təqdim edir ki, Putinin dostudur. Amma onun özü də bir dəfə etiraf etmişdi ki, o dost-dost deyəndə ona Kremldən xəbər göndəriblər ki, bu məsələləri çox şişirtməsin, söhbət şəxsi dostluqdan deyil, rəhbər olduğu dönəmlərdəki isti münasibətlərdən gedir. Heç də Putin onu dost hesab etmir. O, həbsdə olarkən səfəri vaxtı Kreml sahibinin onun ailəsinə baş çəkməsi sadəcə siyasətin bir tərkib hissəsi idi. Açığı, o fikirdən uzağam ki, Putinin onunla çox dərin dost münasibətləri var. Amma ortaya elə siyasi maraqlar çıxa bilər ki, hansısa dairələr Köçəryanı irəli buraxarlar. Lakin Rusiyanın onu yeganə namizəd kimi görüb, ona stavka edəcəyini zənn etmirəm. Burada çoxlu problemlər ortaya çıxacaq. İndiki baş verən proseslər bu və ya digər şəkildə maneçiliklər törədəcək. Amma dediyim kimi, Rusiyanın buna heç bir marağı yoxdur. Ola bilsin ki, Köçəryan parlamentə seçilsin, lakin onun baş nazir olacağına açığı, inanmıram”.
Elxan Şahinoğlu: “Paşinyanın yığacağı səslər Köçəryanın səslərindən çox olacaq”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Köçəryanın seçkilərdə qələbə qazanmaq şanslarını yüksək qiymətləndirmirəm. Paşinyan məğlub ölkənin baş naziri olsa da, onun reytinqi Köçəryandan yüksəkdir. Köçəryan iqtidarı korrupsiya içərisində itib-batmışdı. Bunu erməni cəmiyyəti hələ də unutmayıb. Sabiq prezidentin reytinqi I Qarabağ müharibəsi üzərində qurulmuşdu. Amma indi bu reytinq yoxdur. Azərbaycan Ordusu həmin qələbəni darmadağın etdi. Ona görə də, Köçəryanın böyük reytinqi yoxdur. Seçkilərə qatılsa belə, ciddi səslər yığacağını düşünmürəm. Onun əsas iddiası ana müxalifətə çevrilmək ola bilər. Bu da müəyyən qədər Paşinyana başağrısı olar. Amma Köçəryanın seçkilərdə qələbə qazanıb, hökumət qurma şansları az ehtimal olunur. Gələcəkdə Paşinyan qələbə qazanmasa belə onun yığacağı səslər Köçəryanın səslərindən çox olacaq”.
“Yeni Müsavat”
Ana səhifəyə qayıt
Oxunub: 113
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar