“ŞƏRƏFSİZ, SƏNƏ NƏ ETMİŞDİM Kİ...” - Generalla zərərçəkənlər məhkəmədə dalaşdı
(9-09-2022, 12:30)



Zərərçəkən: “Mövlam Şıxəliyev dedi ki, 3 zərərçəkənin pulunu Eldar Mahmudov verəcək”

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hazırda prosesdə iş üzrə zərərçəkən şəxslərin çıxış mərhələsidir.

Sentyabrın 8-nə təyn olunan proses təqsirləndirilən Mövlam Şıxəliyevlə zərərçəkənlərin söz davasından sonra pozulub.

Məhkəmə nəzarətçiləri Mövlam Şıxəliyevi məhkəmə zalına gətirib, onun üçün ayrılan qəfəsə salıblar. Bundan sonra zərərçəkən Hüseyn Səfərov üzünü arestant generala tutaraq deyib:

“Bunun ədasına bax. Utan eee. Abrın-həyan olsun, kişiyəm deyirdin. Sənsən kişi? "Kişi kimi söz verirəm" deyənə bax. Sənin mənliyin, kişiliyin yoxdur. Sən kişilikdən daha danışma..."

Mövlam Şıxəliyev Hüseyn Səfərova cavab vermək istəyib, bu zaman digər zərərçəkən Bahəddin Sultanov ona imkan verməyib:

“Sənin burada özünü ədalı aparmağa haqqın yoxdur. Sən bizlərə qarşı ağır cinayət eləmisən. Bizim evlərimizi yıxmısan. Mənim oğlumu ləkələmisən, məni ağır duruma salmısan. Şərəfsiz, mən sənə nə etmişdim? Atanı öldürmüşdüm? Mənim oğlumu niyə ləkələdin? Kişilikdən danışma, sənin buna haqqın yoxdur. Bizə vurduğun zərərləri qaytarmasan, səndən əl çəkən deyilik. Sən şərəfsizsən”.

Bundan sonra Mövlam Şıxəliyev zərərçəkənlərə ağır sözlər deməyə başlayıb. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirməyə çalışıblar. Lakin buna nail olmayıblar. Nəzarətçilər aranı sakitləşdirmək üçün arestant generalı tez-tələsik məhkəmə zalından çıxarıblar.

Məhkəmə zalında dava düşdü, "MTN işi" təxirə salındı.

Hakim Elbəy Allahverdiyev tərəflərə xəbərdarlıq etməklə, onları sakitliyə riayət etməyə çağırıb. Əks təqdirdə, məhkəmə zalından çıxarılacaqlarını deyib.
Bundan sonra zalda olan digər 3 təqsirləndirilən şəxsə və zərərçəkənlərə müraciət etməklə çıxış etmələrini istəyib. Təqsirləndirilənlər və zalda olan zərərçəkənlər çıxışa hazır olmadıqlarını bildiriblər. Hakim bu səbəbdən məhkəmənin sentyabrın 13-nə qədər təxirə salındığını elan edib.
Xatırladaq ki, sentyabrın 6-da keçirilən prosesdə Bahəddin Sultanov MTN-də üzləşdiyi qanunsuzluqlardan danışmışdı.
Zərərçəkən bildirmişdi ki, Vüsal Ələkbərov onun oğlunu qanunsuz olaraq tutub. Bundan sonra ondan Vüsal Ələkbərovun kabinetində oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb ediblər. Pulu vermək istəməyib, buna görə onun özünü də 2 gün qanunsuz olaraq saxlayıblar. Bundan sonra kabinetində şəxsən Mövlam Şıxəliyevə 350 min dollar verib. Bundan sonra oğlunu azad ediblər. Zərərçəkən ona vurulan ziyanın geri qaytarılmasını tələb edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 109

Xəbər lenti