Məhərrəm ayı başlayır - QMİ müraciət yayıb
(29-07-2022, 09:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb.
Müraciətdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm mömin qardaş və bacılar!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir.
Əsrlər boyu Azərbaycanda ənənəvi olaraq qeyd edilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir. Peyğəmbərimiz Məhəmməd salavatullahın əziz nəvəsi Həzrət Hüseynin (ə) bu mənəvi qələbəsi dünyada zülm və haqsızlığa qarşı mübarizənin bariz nümunəsidir. İslam fəlsəfi məktəbinə görə, Aşura - insana İman şüarı olan “Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur” zikrini əməli halda sübuta yetirən və İslam dininin yaşadılmasını təmin edən özəl günlərdən biridir.