"Sığorta haqqı niyə 8 min manatlıq əməkhaqqına görə müəyyən olunmalıdır? - Deputatdan etiraz
(6-07-2022, 17:00)
"Mühüm məqamlardan biri sığorta haqqlarının necə müəyyənləşdirilməsi və hansı meyarlara uyğunlaşdırılması ilə bağlıdır. Ötən il orta aylıq əmək haqqı 732,1 manat olub. Amma sığorta haqqlarında əsas dəyər meyarı 8 min manatdır. 8 min manat meyarı gəlir vergisində güzəştlər də tətbiq olunur. Belə ki, işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Amma ölkədə orta aylıq əmək haqqı 731 manatdırsa o zaman nə üçün sığorta haqqlarında meyar 8 min manat nəzərdə tutulmalıdır?"
Bunu deputat, iqtisadçı Vüqar Bayramov Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin birgə iclasında deyib. Millət vəkili hesab edir ki, ödənilən məbləğə uyğun premium paketlərin də təklif olunmasına ehtiyac var.
"Yüksək gəlirli sektorlarda çalışan 8 min manat əmək haqqı alan vətəndaşın aylıq tibii sığorta ödənişi 160 manatdır. Bu illik 1920 manat deməkdir. Həmin vətəndaşımız bu vəsaitə əksər halları əhatə edən könüllü həyat sığortası ala bilərsə o zaman nə üçün o icbari tibii sığorta daha geniş xidmətlərdən istifadə edə bilməsin?", - iqtisadçı sual edir.V.Bayramovun sözlərinə görə, icbari tibbi sığortanın maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi və şaxələndirilməsinə ehtiyac var: "İcbari tibii sığorta xərclərin 60 faizindən çoxu dövlət büdcəsi hesabına ödənilir. İkinci əsas mənbə vətəndaşların ödədiyi vəsaitlərdir. Bu sığortanın maliyyə mənbələrinin dayanıqlığına təsir edir. Sığortanın maliyyə mənbələrinin dayanıqlığını gücləndirmək üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsinə ehtiyac var. Təəssüf ki, “re-financing” kimi alələtlərdən istifadə etməklə digər mənbələrdən əldə edilən vəsaitlərin həcmi olduqca azdır. Xüsusən, büdcədən asıllığın azaldılması zərurudur. Çünkü mövcud vəziyyət sığorta mexanizimi büdcə imkanlarından asılı edir".