Əsl müəllim, əsl ziyalı - foto
(5-11-2021, 08:09)

 
Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi… Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir. Ömrünün 40 ilindən çoxunu gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim haqqında söhbət açmaq istəyirəm. Vətənpərvər, xeyirxah, mərhəmətli, alicənab bir ziyalı haqqında…
Əliyev Maarif Əlibala oğlu 1958-ci ildə Kazımabad kəndində anadan olub. 1980-cı ildə Bakı Pedoqoji Universitetinin “riyaziyyat” fakültəsini bitirib. Cəlilabad rayon Kazımabad tam orta məktəbin direktoru vəzifəsində şərəflə çalışır. 35 müəllim, 16 texniki işçi var. Məktəbdə 333 nəfər şagird təhsil alır.
Ailəlidir, 3 övladı var.
“Məktəb sizin üçün nədir?” – sualına, Maarif müəllim belə cavab verir:
– Məktəb – bir insan, vətəndaş yetişdirmə ocağıdır. Məktəbdə insan, şəxsiyyət yetişir, formalaşır, inkişaf edir.
Öz sənətimi və şagirdlərimi çox sevirəm. Onlar həyatımın bir parçasıdır. Çalışdığım illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub.
Bir tədris ocağının müdiri olmaq olduqca çətin və məsuliyyətli işdir. Mən hər şagirdin iç dünyasına daxil olmağı bacarmalıyam. Onları hər yöndən tanımağa çalışmalıyam. Əlbəttə ki, müəllim eyni zamanda, psixoloq olmalıdır. Hər bir uşağa özünə uyğun şəkildə yanaşmalıdır. Birinci sinifdə şagirdi tam mənada tanımaq olmur. Ancaq növbəti illərdə hər bir uşağı kəşf etmək mümkündür. Hər gün dərsdən sonra şagirdlər haqqında düşünürəm. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəftar edim, hansı şagird hansı yükü götürə bilər.
Bütün bunları müəllim ilk növbədə bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir.
Hər şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu həm də onun xasiyyətini formalaşdırır. Təhqirə, təzyiqə əl atan müəllimdən şagird nə öyrənə bilər? Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır.
Təcrübəli, tələbkar, mehriban müəllimləri şagirdlər də çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar.
Eyni zamanda valideynlər də müəllimlə həmişə əlaqə saxlamalı və övladı, onun dərsə davamiyyəti ilə daima maraqlanmalıdır.
Təəssüflər olsun ki, indi gündəlik xəbərlərin içində şagirdlərin intihar xəbəri yer almaqdadır. Bu bir ziyalı kimi mənə çox təsir edir. Ümumiyyətlə, ailənin övlada təsiri çox önəmlidir. Təcrübəmə əsasən deyim ki, biz şagirdə baxdığımız anda, artıq onun necə bir ailədən çıxdığını görürük. Valideynlər həyatlarını uşaqlarına, onların düzgün təlim-tərbiyəsinə həsr etməlidirlər.
Uşaqlar ətirli gül kimidir. Bağban gülə qulluq etməsə, onlar saralar, solar və məhv olar. Uşaqlar da belədir. Onalara dəyər verilməzsə, ruh düşkünlüyü, inamsızlıq yarana bilər.
Bacarıqlı, istedadlı uşaqları müəllim tez hiss edir və onları daha da həvəsləndirməklə, daimi irəliyə addımlamalarına həvəs və inam yaratmalıdır. Müəllimin uşaqlara dərsi əzbərlətməsi, məncə, düzgün deyil. Şagirdlərin sərbəst düşünməsinə imkan verilməli, dərsdə fəal iştirakına şərait yaradılmalı və həvəsləndirilməlidir. Şagirdlərə kiçik vaxtlarından tariximiz, ədəbiyyatımız, coğrafiyamız öyrədilməli, tarixi şəxsiyyətlərimiz haqqında məlumat verilməlidir. Müəllimlər hər zaman axtarışda olmalıdır. Çünki hazırlıqlı müəllim şagirdin qarşısında bir ideala çevrilməlidir.
Cəlilabad rayon Kazımabad tam orta məktəbin direktoru Maarif Əliyev son dərəcə vətənpərvər ziyalıdır. Onun rəhbərlik etdiyi orta məktəbdən hər il ali məktəblərə qəbul göstəricisi yüksəkdir.
Ömrünü təhsilə həsr edən Maarif müəllimi qarşıdan gələn, tarixin özü qədər dəyərli olan “ZƏFƏR” bayramı münasibətilə ürəkdən təbrik edirik!
Neçə gözəl illərə ailənizlə, sevdiklərinizlə, doğma şagirdlərinizlə birlikdə!шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 255

Xəbər lenti