Təhsildə 11 il davam edən Stalin “islahatı”: qızlar və oğlanlar ayrı-ayrı siniflərdə oxuyublar
(7-09-2021, 09:17)


Təhsildə 11 il davam edən Stalin “islahatı”: qızlar və oğlanlar ayrı-ayrı siniflərdə oxuyublar
1953-cü ilin sentyabr ayında, yeni tədris ilinin başlanması ilə bağlı Nikita Xruşovun ölkənin elm və təhsil işçiləri ilə görüşündəki çıxışı, təhsil mövzusundan daha çox siyasi xarakter, Stalin hakimiyyətinin tənqid etmək səciyyəsi daşıyıb. Altı saatdan artıq davam edən müşavirədə Xruşovun çıxışı iki saat çəkib. Çıxış edənlərin məruzələrinə baş katibin şərh və münasibətlərini də əlavə etsək, belə qənaətə gələ bilərik ki, müşavirə yalnız Xruşovun “ürəyini boşaltmaq” üçün keçirilib. Baş katib çıxışına Stalinin sovet təhsilini acınacaqlı vəziyyətə qoyması ilə başlayıb:
 
“Bu gün sovet təhsili böyük problemlərlə üz-üzə qalıb. Artıq neçə illərdiri ki, SSRİ-nin təhsil sistemi dövlət qayğısından kənardadır. Bu məsələ bir tərəfə, dəhşətli fakt oldur ki, dövlət təhsilin qayğısına qalmamaqla yanaşı, onun işinə şüurlu surətdə əngəl törədib. Məqsəd nə imiş? 1920-ci illərdəki savadsızlığı geri qaytarmaq? Yoxsa savadsız bir cəmiyyətdə daha asan bir şəkildə liderlik etmək? Tarixə nəzər yetirin. Hətta müharibə gedən ölkələrdə dövlət başçıları təhsilin qayğısına qalıblar. Bu sahəyə xüsusi diqqət ayırıblar. Bəs biz nə etdik? Nə müharibə illərində, nə də müharibədən sonrakı dövrdə təhsilə sonuncu məsələ kimi yanaşdıq. Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. 16 iyul 1943-cü ildə Stalin sərəncam imzaladı. Sərəncamda qızlar və oğlanların ayrı təhsili nəzərdə tutulurdu. Bununla da Moskvada, Leninqradda, müttəfiq respublikaların paytaxtlarında, diyar və vilayətlərin mərkəzlərində, böyük şəhərlərdə məktəblər iki yerə bölündü, qızlar və oğlanlar ayrı təhsil aldılar. Bu absurddur. Bu, heç bir məntiqə sığımayan islahatdır...”
 
Söhbət hansı sərəncamdan gedir, Xruşov müşavirə iştirakçılarına Stalinin hansı qərarını çatdırıb?
 
SSRİ Xalq Komissarları Sovetinin 16 iyul 1943-cü il tarixli 789 nömrəli qərarı ilə SSRİ-nin böyük şəhərlərində, müttəffiq respublikaların paytaxtlarında, diyar və vilayət mərkəzlərində birinci sinifdən başlayaraq qızların və oğlanların ayrı təhsil alması göstərilib. Qərar rayon, qəsəbə və kənd məktəblərinə şamil olunmayıb. Ayrı təhsil üçün müttəfiq respublikaların, diyar və vilayətlərin partiya komitələri rəhbərlərinə məktəblərin də ayrı fəaliyyət göstərməsi tapşırılıb. Bu “məktəb islahatı”nın ilk problemi də məhz bu məsələdən başlanıb. Onsuz da ağır müharibə vəziyyətində, o cümlədən elə müharibədən sonrakı çətin durumda əlavə məktəblərin inşası mümkünsüz məsələ sayılıb. Mərkəzi Komitəyə daxil olan yüzlərlə məktubdan sonra qərarın bu hissəsi “yumşaldılıb”. Qızlar və oğlanlar eyni məktəbdə oxuyublar, amma ayrı-ayrı növbələrdə. Elə məktəblər olub ki, dərslər üç növbədə keçirilib.
 
1024px-Урок_в_мужской_начальной_школе,_Саратов,_1949_год.jpg (133 KB)
 
İkinci bir problem pedaqoji kadrların çatışmazlığı olub ki, qızların və oğlanların ayrı təhsil alması dərs yükünü artırıb.
 
Stalinin bu “məktəb islahatı” sovet təhsilini digər problemlərlə də üzləşdirib. Amma buna baxmayaraq mərkəzi qəzetlər ayrı təhsilin daha keyfiyyətli olmasından səhifələrlə yazılar veriblər.
 
unnamed.jpg (70 KB)
 
18 avqust 1943-cü ildə “Pionerskaya pravda” qəzeti Stalinin sözügedən sərəncamını belə şərh edib:
“Məktəblərdə qızların və oğlanların ayrı təhsil alması ilə bağlı hökumətin qərarı sovet təhsil sisteminə yenilik gətirəcək. Məktəb elə birinci sinifdən oğlanları orduya hazırlamalıdır, qızlardan fərqli olaraq oğlan məktəblilərin təhsilində fiziki və hərbi hazırlıq daha çox üstünlük təşkil etməlidir...”
 
Mərkəzi Komitə müvafiq qərarla bağlı mətbuatda tanınımış təhsil işçilərinin yazılarının getməsini də təşkil edib. Rusiya Maarif Komissarlığının (nazirliyinin) məktəblər idarəsinin rəisi, dövrün tanınmış pedaqoqlarından biri sayılan Nadejda Parfyonova “Pravda” qəzetində Stalinin qərarını təhsil sistemində ən böyük islahat kimi qiymətləndirib:
 
109016000_RRSSRRRyoR_SRRRRRSRRR_f124de89.jpg (71 KB)
 
“Mən bir pedaqoq kimi əminəm ki, qızların və oğlanların ayrı təhsili ilə bağlı yoldaş Stalinin imzaladığı qərar sovet təhsil sisteminin inkişafına, keyfiyyətinə böyük töhfələr verəcək. Gərək bu islahat hələ müharibədən əvvəl həyata keçiriləydi. Əslində 1941-ci ildə Mərkəzi Komitədə keçirilən iclasda Stalin bu məsələyə toxunmuşdu. Amma müharibə bu işi yarımçıq qoydu. Məktəblərdə oğlanların və qızların təhsilində fərq olmalıdır. Bütün səhələrdə belədir. Orduda qızlar həkim, tibb bacısı, sanitar, rabitəçi kimi xidmət edir, oğlanlar isə döyüşçü kimi. Demək məktəblərdə də tədris buna müvafiq qurulmalıdır...”
 
789 nömrəli qərar pedaqoji ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Təxmini statistikaya görə, ölkənin təhsil sahəsində çalışanların 70 faizi bu qərarı yanlış addım kimi dəyərləndirib.
 
11-4.jpg (95 KB)
 
1950-ci ildə “Literaturnaya qazeta”da qızların və oğlanların ayrı təhsili mövzusunda geniş diskussiya keçirilib. Cəmiyyətin ayrı-ayrı təbəqələrindən redaksiyaya 800-dən artıq məktub daxil olub. Məktublarda birgə təhsil sisteminin bərpa olunması xahişi və tələbi öz əksini tapıb. Redaksiya məktubların ümumi xülasəsini hazırlayıb Mərkəzi Komitəyə təqdim edib. Kreml çoxsaylı müraciətlərə heç bir reaksiya verməyib.
 
Stalinin “məktəb islahatı”nın ömrü 11 il çəkib. Nikita Xruşov hakimiyyətə gəldikdən sonra 789 nömrəli qərar ləğv edilib, SSRİ-də birgə təhsil sistemi yenidən bərpa olunub.(Musavat.com)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 209

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930