Səttar Möhbalıyev: “Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır”
(9-06-2021, 14:56)


Səttar Möhbalıyev: “Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır”

“Bu gün ölkəmizin ən etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Xüsusilə ölkələrimizin dövlət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə məsul qurumların rəhbərlərinin davamlı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Nəticədə bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri bu gün ən yüksək səviyyəyə qalxmışdır.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha çox məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra inkişaf etdiyini vurğulayıb: “Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra həmin il noyabrın 9-da Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuşdur. Müstəqilliyimizin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Xalqın təkidilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiyası, regional təhlükəsizliyin qorunması, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşması kimi vacib istiqamətlərdə Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsini keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxardı və münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına yeni nəfəs verdi. Həmin tarixi səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən olan və “Bir millət, iki dövlət” konsepsiyası əsasında formalaşan Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə inkişaf etdirilir. Birmənalı olaraq demək lazımdır ki, hazırda hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın son dərəcə dərinləşməsinə nail olunmuşdur.”

Həmçinin Səttar Möhbalıyev iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətlərinin də mühüm rol oynadığını qeyd edib: “Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında olan şəxsi münasibətlər ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin güclənməsində son dərəcə böyük təsir gücünə malik olan əsas amil rolunu oynayır. Hər iki dövlətin başçıları ən çətin anlarda ölkələrinə və bir-birlərinə arxa durmaqla bütün millətə əsl ibrət verirlər. Təsadüfi deyil ki, qardaş ölkənin başçısına olan münasibətini ifadə edən möhtərəm Prezidentimiz məhz belə demişdir: “Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də, təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə də qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir.” Həmçinin diqqətəlayiq haldır ki, Azərbaycan və Türkiyə liderləri bütün beynəlxalq tədbirlərdə də həmişə birmənalı olaraq bir-birilərinə dəstək verirlər. Bu məqamda Ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2014-cü ilin aprel ayının 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilmiş və “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sərkisyana verdiyi möhtəşəm cavabı xatırlamaq yerinə düşər. Belə ki, Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti plenar iclasın mövzusundan kənara çıxaraq qondarma “soyqırımı” məsələsini yenidən gündəmə gətirmiş və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi. Serj Sərkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etmişdi. Buna cavab olaraq isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev plenar iclasda çıxış edərək belə demişdi: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.” Bunun ardınca möhtərəm dövlət başçımız hər zaman olduğu kimi, tutarlı dəlil və faktlar əsasında çıxışını davam etdirərək, erməni prezidentinin irəli sürdüyü bütün ittihamları darmadağın etmişdi. Budur əsl dostluq nümunəsi. Bu gün Azərbaycan və Türkiyə prezidentləri arasında olan birlik və həmrəylik, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri də xalqlarımız üçün və bütün Türk dünyası üçün ən dəyərli örnəkdir.”

Millət vəkili Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyin böyük önəm kəsb etdiyini vurğulayaraq bunları deyib: “Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini və yenilməzliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynamışdır. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim Azərbaycana öz dəstəyini ifadə etdilər. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Bu gün artıq bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.”

Daha sonra Səttar Möhbalıyev ölkələrimiz arasında getdikcə dərinləşən strateji-iqtisadi əməkdaşlığın həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edən əsas amillərdən biri olduğunu qeyd edib: “Bu gün Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni regional reallıqların fonunda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə Cənubi Qafqazda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Həmçinin bu gün Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Zəngəzur dəhlizinin, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası və bu dəmiryolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan Qars-İğdır-Culfa dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər. Göründüyü kimi,bu gün Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sülhün və sabitliyin əsas təminatçısına çevrilmişdir.”

AHİK sədri öz açıqlamasında bu məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da dərinləşməsində və möhkəmlənməsində hər iki ölkənin hakim partiyaları da əhəmiyyətli rol oynayırlar: “Ölkələrimiz arasında siyasi müstəvidə əməkdaşlığın güclənməsi baxımından bir neçə gün əvvəl YAP nümayəndə heyətinin Türkiyəyə səfəri və səfər zamanı aparılan müzakirələr, əldə edilən razılaşmalar böyük əhəmiyyət kəsb edir. Belə ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə iyunun 1-dən 3-ə qədər olan müddətdə YAP-ın nümayəndə heyəti Ankara şəhərində səfərdə olub. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan hər iki tərəfdən hakim partiyaların aparıcı roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd edib. Birmənalıdır ki, bu səfər hər iki ölkənin hakim partiyaları arasında uzun illərdir davam edən əməkdaşlığın yeni, daha üstün və məhsuldar mərhələyə qədəm qoyduğundan xəbər verir. Əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, ölkələrimiz arasında bütün digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dostluq və qardaşlıq əlaqələri bundan sonra daha dinamik şəkildə inkişaf edəcək

AİA.Az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti
Təqvim
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930