"Atam gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil" - Neft milyonçusunun nəvəsi
(24-05-2021, 08:30)


“Neft milyonçusu Ağa Musa Nağıyev 1919-cu ildə vəfat edəndə atamın 16 yaşı olub. Atamın adı Ələsgər olub, Ağa Musa 2 aydan sonra oğlu İsmayılın xatirəsinə ona Fərəc adını verib və atamı, yəni qardaşı oğlunu oğulluğa götürüb. Fərəc "Kədərdən sonra gələn sevinc" deməkdir. Atam babamla bağlı heç nə danışmırdı, az danışıb çox qulaq asırdı. Yaxud da danışmaq istəmirdi, heç nə deyə bilmirdi".
 
Bunu Moderator.az-açıqlamasında bu gün doğum gününü qeyd edən Ağa Musa Nağıyevin nəvəsi, yazıçı-publisist, AMEA-nın Tarix İnstitunun dissertantı Dilarə Ağamusa Nağıyeva deyib. 
Dilarə xanım daha sonra əlavə edib:
 
 
"Məndən soruşurdular ki, Ağamusa Nağıyevi necə təsəvvür edirsiz? Mən onun şəkilinə baxdım və elə bil ki, üzündəki cizgilərin nişanələrini mənə ötürdü. Ağbəniz, uzun sifəti, xırda qara gözləri və iti baxışları çox yaraşıqlı, cazibədar olduğunu göstərirdi. Bunu hər zaman mən onun əl ağacı ilə çəkdirdiyi fotosunda müşahidə edib, görmüşəm. Sonradan babam haqqında bəzi məlumatlar əldə etdim, sən demə, o düşbərə və qutabı çox sevib, ev yeməklərinə böyük sevgisi olub. İçki içən olmayıb, buxara papaq geyər, amma bəzən yüksək səviyyəli məclislərə gedəndə başına şlyapa da qoyardı. Atam deyirdi ki, o, siqaret çəkən olmasa da əl ağacının üstündəki düyməni basanda ordan bahalı siqaret çıxardı. O, bu siqaretlərə başqalarını qonaq edərdi".
 
Dilarə xanım Ağamusa Nağıyevin irsini araşdırdığını da bildirib:
 
"Mən 1992-dən artıq 28 ildən çoxdur ki, onun irsini araşdırıram. Arxivlərdə tapdığım sənədlərə əsasən, atamın ədəbiyyat fondunda olan kitablardan, ordan yığdığım baza əsasında 8 kitab yazmışam, 9-cu kitabım artıq çapa verilib. Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatı mənim kitabımı çap etmək üzrədir. Kitab "Hər tamaşa bir ömürdür" adlanır. Bu yaxınlarda mən Mühəndislər İnstitunun müəllimi, dosent, tarix elmləri üzrə fəlsəfə doktoru Bilal Dədəyevlə tanış oldum və o mənə böyük bir tapıntını bəxş etdi. Ağamusa Nağıyevin ayaqüstə fotosunda mən indiyə qədər onun yaxasında 3 medal olduğunu bilirdim, sən demə, medalların sayı 4-dür. Türklər tərəfindən ona "Məcidi" döş  nişanı da verilib. Bilal bəyin tarixi sənədləri araşdırmasına görə məlum olmuşdur ki, Rus-Osmanlı müharibəsi dövründə Ərzurumda dağıdılmış bir yerdə tapılan müqəddəs Qurani-Kərim kitabını Ağa Musa Nağıyev satın alaraq qoruyub saxlamış, sonradan onu 5-ci Sultan Mehmet Rəşada hədiyyə etmişdir. Bunun qarşılığında onu "Məcidi" nişanı ilə təltif ediblər. Planlarım böyükdür, Allah ömür versə, onları yerinə yetirəcəyəm. İki film çəkdirmişəm, birincisi onun xeyriyyəçiliyi haqqındadır, onun xeyriyyəçiliklərini saymaqla bitməz. Filmin adı "Nurlu əməllərin işığında"dır. Ölkədə ilk poçt, xəstəxana tikdirən babam Ağa Musa Nağıyev olub. İkinci film "Mənəviyyat carçısı" adlanır. Bu film də sənədli janrda çəkilib. Filmdə dövlət adamları, millət vəkilləri, akademik və alimlər mənim Ağa Musa Nağıyev irsi haqqında araşdırdığım faktlara yüksək qiymət veriblər. Tarix heç vaxt yaddan çıxmır, yaşamalıdır, onu biz yaşatmalıyıq”.
 
 
Dilarə Ağa Musa Nağıyeva babasını xəsis milyonçu adlandıranlara da bizim vasitəmizlə cavab verib:
 
"Manaf Süleymanov onun haqda "xəsis" kəlməsini yazmışdı və Sovet illərində bu kəlmə ona eybəcərlik gətirmişdi. Təbii ki, illər sonra o, xəsis sözünü  Sovet təsiri altında yazdığını etiraf etdi. Sonradan elə Manaf Süleymanov yazdığını təkzib etmişdi. Mən buna son qoydum. Sübuta yetirdim, babamın tikdirdiyi 98 binadan 81-ni tapdım. Bu binalardan 41-də siyasi-ictimai, elm, təhsil ocaqları, xəstəxanalar yerləşir. Babamın tikdirdiyi binaları tapdıqca uşaq kimi sevinirdim. Sanki atam bunu mənə vəsiyyət etmişdi. Amma əslində atam mənə bu haqda vəsiyyət etməyib. Atam dövrünün tanınmış aktyor, rəssam və rejissoru olub.
 
Ağa Musa atamı çox istəyirdi. Biz balacaydıq, xarici bankdan atamın adına Ağa Musanın əmanətdəki pulunun vərəsəlik sənədi gəlmişdi. Səhəri gün atamı NKVD-yə çağırdılar. Özü danışırdı: deyirdi, bütün gecəni yatmadım, səhəri dirigözlü açdım. Durub gedəndə evdəkilərlə vidalaşdım ki, bilmək olmaz, bəlkə, heç geri qayıtmadım. Atam NKVD-də yaxın qohumumuza rast gəlir. Həmin adam sakitcə yaxınlaşıb deyir ki, pulu başından elə, yoxsa pis olacaq.  Atam da gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil, hamısını yetimxanalara verir. Amma o vaxt özümüzün pula ehtiyacı vardı. Nəyimiz vardısa, hamısını talayıb aparmışdılar. Soyadımız başımıza çox bəla olmuşdu”.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930