“Qürbətdə böyük imtiyaz sahibi olmaqdansa vətənimdə orta səviyyəli vətəndaş olmağa üstünlük verərdim”
(5-03-2021, 10:00)

16 ildir İtaliyada ölkəmizi təbliğ edən kardioloq Bahar Yusifzadə...
16 ildir ki, qürbətdə yaşayır. İtaliyanın mühitinə, insanlarına öyrəşsə də ürəyinin bir qismi vətəndə döyünür. Milanda böyük bir kollektivdə kardioloq kimi tanınıb, məşhurlaşsa da deyir ki, burada qazandığı nüfuzu, hörməti vətənin bir havasına dəyişməz.
Moderator.az-ın qonağı İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadədir. O, San Rafael hospitalının kardiologiya şöbəsində çalışır. Deyir ki, 16 ildir yaşadığı ölkədə kifayət qədər ölkəmizi təmsil edib və 5000 -dən çox kollektivdə çalışan tək azərbaycanlıdır.
- Bahar xanım, İtaliyada hansı vaksindən istifadə edilir? Bəzən deyirlər ki, Amerikanın və Avropanın istehsal etdiyi vaksinlər daha təsirlidir, nəinki Çinin?
- Əslində istifadə üçün istehsal edilən vaksinlərin nə qədər etibarlı olduğu, necə təsir etdiyi ilə bağlı o qədər də geniş təcrübə yoxdur. Ancaq bu vaksin istifadəçilərinin heç bir xroniki xəsətliyi olmaması vacib şərtlərdəndir. İtaliyada PFİZER vaksinindən istifadə edilir. Çünki onlar birbaşa olaraq pasiyentlə əlaqədə olur və bunun üçün böyük risk daşıyıcısıdırlar. Bu vaksinlərin necə təsir edəcəyi tam bəlli deyil. Bu barədə dəqiq bir söz deyən yoxdur.
O ki, qaldı Çinin istehsal etdiyi vaksinlərə, yəqin ki, onların istehsal etdiyi məhsullar hansı keyfiyyətdədirsə vaksinləri də elə olar. Ancaq bu barədə konkret bir söz deyə bilmərəm.
- II Qarabağ döyüşlərində sizin xarici mediada bir çox məqalələrinizə və çıxışlarınıza rast gəldik. Təbii ki, bu addımınız diqqətdən kənarda qalmadı və Diaspora iş üzrə dövlət Komitəsi tərəfindən mükafata layiq görüldünüz.
- Bu vənim xaricdə yaşayan azərbaycanlı kimi vətəndaşlıq borcum idi. Mən bunu hər hansı təşəkkürnamə və ya mükafat almaq üçün etməmişdim. Hesab edirəm ki, bu zəfər üçün canından keçən, özünü vətən üçün qurban verməyə hazır olan qəhrəmanlarımız medala layiq görülməlidir ki, bunu Ali Baş Komandanımız lazımınca edib. Tovuz, Gəncə, Tərtər hadisələri zamanı mən çox narahat idim. 44 günlük müharibə dönəmində isə Azərbaycanın haqq səsinin daha böyük auditoriyadan çatdırmağa çalışdım. İtaliya Azərbaycan Assosasiyasının prezindeti olaraq “Facebook” səhifəsimizi açdım, “Youtube” kanalımızı aktivləşdirdim. Burada Azərbaycanın başına gətirilən hadisələri ingilis və italiyan dilində ermənilərin işğalçı olduğunu qeyd etdim. Yazdığım materiallar xarici medianın da diqqətini cəlb edirdi. Belə ki, Romada EurasiaticaNevs informasiya agentliyinin direktoru mənimlə əlaqə saxladı. Yazdığım materiallar həmin saytda dərc olundu.
44 günlük müharibə dönəmində İtaliyada yaşayan ermənilər senata üz tutdular ki, azərbaycanlılar işğalçı millətdir, onlar türklərlə birlikdə ermənilərə qarşı genesoid törədirlər. Mən 16 ildir eyni xəstənada işləyirəm və orada belə insanların qəribə reaksiyalarının şahidi olurdum. Mən onlara əslində hadisələrin necə baş verdiyini və hansı şəkildə cərəyan etdiyini bildirirdim. Elə bir həddə gəlib çatmışdım ki, sıxılırdım, hətta işimi itirməyi belə gözə almışdım.
Həmin ərəfələrdə ermənilərin bir media işçisi erməni futbolçusunu Romaya dəvət edib, müsahibə almışdı. O, da deyir ki, türklər geneosid törədir, onlar işğalçı millətdir və sair. Avropa Qafqazda yaşanan bu hadisələrdən, tarixin gedişatından xəbərsizdir. Mən buna etirazımı bildirdim və italyan dilində senata müraciət etdim. İki ölkə arasında qərəzli münasibətinə görə ona bir xatırlatma etdim. Qeyd etdim ki, İtaliyada 120 Azərbaycan əsgərinin qəhrəmancasına vuruşduğu və həlak olduğu qəbirstanlıq var. Oranın şəklini paylaşdım. Onunla birlikdə Milanın fəxri vətəndaşı əslən Qazaxlı Tahir İsayevin fotosunu paylaşdım. Dedim senyora, bu fotolara yaxşı baxın. Xatırladınızmı, yoxsa özünüzü bilməməzliyə qoyursunuz? Bilmirsinizsə hafizənizi təzələyin. Maddi maraq obyektinə çevrilməyin. Mənim bu şərhim marağa səbəb oldu.
- Səhv etmiriksə Fransanın prezindentinə də müraciət etmişdiniz.
- Fransanın przidentinə ingilis dilində açıq məktub yazmışdım. Qeyd etdim ki, cənab prezident, sizin o qeyri adi çıxışınıza görə “təşəkkür” edirəm. İstərdim ki, sizə tarixi xatırladım. Bu şərhi yazarkən Əhmədiyə Cəbrayılovun fotosunu paylaşdım. Qeyd etdim ki, bu adamı tanıyırsınız? Hansı ki, Əhmədiyə Cəbrayılov minlərlə fransızı xilas edən milli qəhrəmanımızdır. Şarl De Qonun yaxın dostu, Əhməd Mişelin oğlu erməni faşisti tərəfindən öldürülüb. Sizdə bugün onları müdafiə edirsiniz? Bu da sizin bizə təşəkkürünüzdür? Tarixi geriyə qaytarsaydılar yəqin ki, Şarl De Qo sizin əvəzinizdən bizdən üzr istəyərdi. Mən bunu səhər yazdıqdan sonra, İtaliya media nümayəndələri mənə istinad edərək bu məktubumu dərc etmişdilər. Sonra mənə digər ölkələrin media nümayəndələri yazdı. Mən faktlarla danışırdım. Dedim xalqını torpağını qoruyana qəhrəman deyirlər, başqalarının torpağında ölənə isə terrorist. İki cür ölən var, biri var torpağını qoruyaraq öləsən, biri də var başqasının torpağında terrorçu kimi.
Daha sonra Pekində “Euronews” portalının direktoru mənimlə əlaqə saxladı. Qarabağ mövzusunda kitab çap etdirmək istədədiyini və mənim fikirlərimi qeyd etməyi düşündüyünü bildirdi. Mən də bunun üçün Diaspora Komitəsinə müraciət etdim.
- İtaliyada azərbaycanlılar çoxdurmu?
- Burada azərbaycanlılar azdır, tələbələr üstünlük təşkil edir. Daimi yaşayan insanlar çox deyil. Sizə dəqiq statistika deyə bilmirəm.
- İtalyanlıların hansı milli-mənəvi dəyərləri var və onlar bizimlə eynilik təşkil edirmi?
- Bura ilk dəfə gələndə mənim siamamda Azərbaycanı tanıdılar. O zaman ingilis dilində danışırdım və italiyan dilini bilmirdim. Məndən haralı olduğumu soruşanda azərbaycanlı oldğumu bildirirdim, onlar da ilk dəfədir ki, belə bir ölkənin vətəndaşı ilə münasibətdə olduqlarını bildirirdilər. İtaliyan dilini öyrənməyə başladıqda isə onların suallarına daha ətraflı cavab verməyə başladım. Onlar bizi rus kimi tanıyırdılar. Mən də italiyan dilini öyrəndikdən sonra izah edirdim ki, biz rus deyilik. 16 il ərzində Azərbaycanın təqdimatı ilə məşğul oldum. Artıq yaşadığım çevrədə Azərbaycanı tanıyırlar.
İki ölkənin arasındakı fərqə qaldıqda isə hesab edirəm ki, biz daha qonaqpərvərik. Azərbaycana gələn xarici qonaq orada özünü yad hiss etmir(gözləri dolur-X.R.). İtaliya gözəl məmləkətdir, dünyanın moda, incəsənət mərkəzi burada yerləşir.
- Qürbət eldə yaş ötdükcə sanki insanı vətən səsləyir. Ömrünün son günlərində vətənində olmaq istəyi insana daha da güc gəlir. Siz necə, vətənə geri dönməyi istəyirsinizmi?
- Səmimi deyəcəm. İnanmıram ki, burada uzun müddət qala bilərəm. Hələ mən bura şanslı xarici kimi gəlmişəm. Avropada böyük bir səhiyyə ocağında işləyirəm, ətrafımda intllektual insanlar var. Böyük konqreslərdə çıxışlar edirəm, işimdə yenilikçiyəm. Hər bir xarici vətəndaş bu mövqedə olmağa çalışır. Düzdür, mən bu nailiyyəti çox çətinliklər əldə etmişəm, amma... Burada bir insanın xoşbəxt yaşaması üçün hər şey var.
- Bəs siz qürbətdə xoşbətsinizmi?
- Mən öz vətənimi istəyirəm. Qürbətdə böyük imtiyaz sahibi olmaqdansa vətənimdə orta səviyyədə yaşayan bir vətəndaş olmağa üstünlük verərdim. Yetər ki, milli yeməyimi dadım, vətənimin havasını udum. Mən İtaliyanın gözəlliyindən doymuşam, kariyeram üçün nə varsa etmişəm. Bu illər ərzində ölkəmi layiqincə təbliğ etmişəm. Artıq missiyamı başa vurmuşam.