Nəqliyyat eksperti: "Əgər o qədər də peşəkar sürücü deyilsinizsə yola çıxmayın...”
(24-02-2021, 16:00)

Nəhayət ki, səbrsizliklə gözlədiyimiz gün gəlib çatdı. O qar Bakıya da yağdı. Yağdı yağmasında da di gəl ki, Bakı qara hazır idimi? Dünəndən etibarən paytaxt ərazisində fasiləsiz olaraq yağan qar nəqliyyatın hərəkətini demək olar ki, iflic vəziyyətinə salıb. Paytaxtın bir çox yollarında zəncirvari avtomobil qəzaları baş verib. Elə bu sabah Bakı Qazax magistralının Lökbatan dairəsinin yaxınlığında 30 avqomobil toqquşub.
Bakıya qar yaraşır, amma görünən mənzərə uşaqların sevincinə səbəb olsa da yollarda qəza şərait yaradır.
Mövzu ilə bağlı nəqliyyat məsələləri ilə bağlı ekspert Ərşad Hüseynovla danışdıq. Ekpert qeyd edir ki, paytaxtda yaranan vəziyyətlə bağlı peşəkar olmayan sürücülər mümkün qədər yola çıxmamalıdır:
“Paytaxta yağan qardan sonra avtomobillə yola çıxmaq bir qədər risklidir. Əvəllər Bakıda, Abşeron yarımadasında çox nadir hallarda qar yağırdı. İndi isə yaranan vəziyyət bir qədər çətindir. Avtomobil nəqliyyatının istifadəsi üçün ilk növbədə qar təmizlənməli, xüsusi qum, kimyəvi məhsulların səpilməlidir ki, yollarda təhlükəsiz vəziyyət yaransın. Hər nə qədər yollar təmizlənsə də yenə də 1 saatdan sonra yerdə qar əmələ gəlir. Şaxta olduğu üçün qarı yollardan təmizləmək olmur, belə hallarda sürücülərin peşəkarlığı və hazırlıq təchizatı əsas söz deyir”.
Ə.Hüseynov qeyd edir ki, belə günlərdə hər avtomobillə yola çıxmaq doğru deyil: “Avtomobilin qış təkəri olmalıdır. Çünki bu şəraitdə avtomobilin təkəri sürüşə bilər. Məhz bu şərait üçün nəzərdə tutulmuş, digər texniki təchizatlardan istifadə edilməlidir. Qış təkərləri və təkər corablarından istifadə edilsə bu cür qəzalara az rastlamaq olar. Qar təmizlənməyən yerlərdə zəncirlərdən istifadə edilməlidir. Sürücülər şəraitə uyğun asta sürətlə və asta manevrlə tormuzlanma olmamaq şərti ilə yalnız mühərrikdən yavaşıtma, asta sürətlənmə ara məsafələrlə hərəkət etməlidir. Əgər sürücülərimiz peşəkar olsaydı şaxtalı günləri qəzasız keçirmək olardı. Əziz sürücülər, əgər avtomobiliniz belə şərait üçün uyğunlaşdırılmayıbsa və siz o qədər də peşəkar sürücü deyilsinizsə imkan tapıb yola çıxmayın”.