2783…
(11-12-2020, 17:30)



instagram.com/changa


 

Şəhidlərə...

 

Müharibə mərhələsiydi. İctimai nəqliyyatda gedərkən qarşımda durmuş orta yaşlı bir qadın diqqətimi cəlb etdi. Üzünün ifadəsi daşa dönmüşdü, gözləri donmuşdu, hərəkətsiz halda bir nöqtəyə baxırdı. Avtobusun pəncərəsindən görünən xarici mənzərə sürətlə dəyişsə də, qadının baxışları tərpənmirdi. O, hardasa, çox uzaqlarda idi.

 

İnsanları müşahidə etməyi xoşlayıram. Hərəkətləri, üzlərinin mimik cizgiləri, danışıq tərzləri onların hər birinin xarakterini, yaşadıqları həyatı qısa zaman kəsiyində olsa da, təxmin etməyə imkan verir. İnsan mənzərələri çox maraqlı bir sosial tablodur. Rənglər eyni olsa da, onlar bir-birlərinə heç oxşamırlar və bu müxtəlifliyin sonu yoxdur. Sən bu tablonun hansı bucağındasan? O bucağ iki yanaşı yola bənzəyir. İrəliyə baxanda uzaq üfüqdə yolların birləşməsini görürsən. Lakin təbiətin cazibə qüvvəsi insanı ilkin başlanğıcına nə qədər bağlayırsa, paralel olaraq bir o qədər özəl gözəlliyi geniş göstərir. Paralel yollar heç zaman birləşmir. Fərdilik özəl gözəllik olsa da, insanları bir-birindən uzaqlaşdırır, uzaqlaşdıqca dünya da genişlənir və yadlaşır. Bu bizim aşkar sezmədiyimiz uzun və təzadlı bir prosesdir.

 

Qarşımda durmuş qadın həmin paralel yolların sərnişininə bənzəyirdi. O, özünün mənə yad olan dünyasında idi. Onu daş heykələ döndərərək, ətrafından tamamilə təcrid etmiş dünyasının obyekti nə idisə, çox ciddi və qeyri-adi bir səbəb olmalıydı.

 

Elə bu dəm mobil telefonu zəng çaldı. Qadın sanki yuxudan ayıldı, əlində tutmuş telefonu açıb tələsik qulağına çatdırdı. Həyəcanlı “hay can”a xəttin o başından cavab verdi kimsə. O kimsənin səsini eşitcək, daş heykəl canlandı, gözlərinin buzu əridi, doldu, dodaqları kövrəldi, titrək səslə yalnız bir neçə dəfə eyni cümləni ürəkdolusu təkrar etdi: “Səsinə qurban olum!..” Danışıq çox tez bitdi, amma “səsinə qurban olum”u vücudunda qaldı. O kimsənin səsini eşitmək çox vacib idi qadın üçün, o səs qadının həyatının bir parçası idi, yox, daha dəqiq desəm, həyatının özü idi.

İnsan ən kiçik gözləntisinə belə çatdıqda xoşbəxt olmağı bacarır, onu bölüşməyə can atır. Qadın ətrafına göz gəzdirdi, istəyirdi ki, hamı onun sevincini görsün, şərik olsun. Ən yaxınlığında durmuş sərnişin mən idim. Üzünü sözlü adam kimi mənə çevirdi, nəsə soruşmağımı gözlədi. Məsələni anladım, o qadın ana, səsinə qurban olduğu o kəs isə oğlu olmalıydı, yəqin ki, cəbhədən zəng etmişdi. Onu daşa döndərmiş, baxışlarını uzaq bir nöqtədə dondurmuş dünyası sən demə cəbhədəki oğluna bağlıymış. Hətta ictimai nəqliyyatın qayğıları belə oğlunda yaşayan dünyasına bir anlığa da olsa soxula bilmirdi. Əgər belə anda deyilmiş xoş bir söz qarşındakının narahatlığını, təşvişini bir misqal da olsa azalda biləcəksə və ya yaşadığı xoşbəxt anı uzadacaqsa onda gərək nə qədər biganə, duyğusuz, qəddar adam olmalısan ki, bunu etməyəsən. Təxmin etdiyimi bir daha soruşmadan, sadəcə təsdiqlədim: “Oğlunuz ordadır, sağ-salamat, qələbə ilə qayıtsın!” Qadın cavabında hamıının eşidə biləcəyi səslə ucadan: “Sağ ol, başına dönüm, amin! Cəmi gedənlərimiz qayıtsın!” söylədi. O anda özüm də yüngülləşdim, elə bildim ki, qadına da, əsgər oğluna da qüvvət verdim, qoruyucu mələklər oğlanı qanadlarının altına aldılar, müqəddəs missiyasında ona zaval olmayacaq.

 

Deyirlər ki, övlad heç zaman valideyninin borcundan çıxa bilməz. Həmişə düşünmüşəm ki, axı o hansı borcdur ki, onu ödəmək mümkün deyil? Nəhayətdə gəldiyim qənaət budur ki, övladın valideyninə qaytara bilməyəcəyi borc ana südü, ata iliyidir. Siz anasının verdiyi südü anasına, atasının sümüyündən ötürdüyü iliyi atasına qaytarmaqla borcundan çıxmış övlad görmüsünüzmü? Mümkünsüz! Lakin Uca Yaradan mərhəmətlidir, heç zaman insanı naümid qoymur. O, yaratdığına bir şans tanıyıb: övlad vaxtı çatanda özünə yuva qursun, ocaq tiksin, dünyaya öz övladını gətirsin, valideyninin ona verdiyni övladına ötürsün.Valideynin borcundan yalnız bu yolla çıxmaq olur. Ağlımıza da gətirmədiyiniz bir fəlsəfə, Yaradanın mümkün olmayana eyni zamanda bir işıq ucu verməsi. Nə qədər qəribə olsa da, zənnimcə, bu belədir. Bu, Yaradanın yazdığı həyatın hökmüdür. Gerisi bizlikdir.

 

Bəs bu borcu ödəyə BİLMƏYƏNLƏRİN Yaradan qarşısında hesabatı nə olacaq, necə olacaq? Bu hökmü yerinə yetirə bilməyən şəhidlərimiz var axı. Həyatı boyu heç nədən qorxmayan atanı hər dəfə telefon zəngi ilə diksindirmiş, “Bir-iki gün də qal, gedərsən” deyən anaya “qala bilmərəm, məni gözləyirlər” demiş, “Rəfail dayı, Ülvini Beyləqan xəstəxanasına apardılar, yaralanıb (çox qan itirdiyindən xilas etmək mümkün olmadı). İmkanınız varsa, təcili ora gəlin. Ona aid nə varsa, məndədir. Əgər sağ qalsam, gətirib verəcəm, Şəhid olsam, sağ qalan dostlar gətirib verəcəklər, haqqınızı halal edin”, “A bala, əsgərliyini bitirməyinə day bir ay qaldı” deyən ataya “yox hələ, qarşıda görüləsi işlərimiz var” söyləmiş, ana çiynində son mənzilə gedən şəhidlər necə, borclu qaldılarmı?

 

Xoşbəxt o valideyndir ki, son mənzilə övladının çiynində gedir. Bəs övladını son mənzilə çiynində yola salan valideyn? Bircəsinin əzabını, sarsıntısını qalan ömürdə daşımaq hansı hökmün ayağına yazılır? Yaradanın buna da çarəsi vardı, valideynlərə çəkisi heç nəylə ödənməyəcək yoxluğu daşıya bilmək gücü verdi, “Təki Vətən sağ olsun!” dedirtməklə. VƏTƏN Yaradanın verdiyi hökmün güzəştinə çevrildi, VƏTƏN şəhidə borcundan çıxmalı olduğu valideyni əvəz etdi. VƏTƏN övlad borcu gözləyən valideynə övladının şəhidliyinin təsəllisi, təskinliyi oldu həm də.

 

2783 övlad... 2783 şəhid... 2783 yarımçıq kəsilmiş insan taleyi... 2783 portret... Onların arasında çiçəyi hələ çırtlamamış çoxlu gənc oğlan da vardı. O uşaqların hər birinə baxanda fikirləşdirdim ki, aman Allah, onlar nə vaxt böyüdülər? Bu necə oldu ki, biz hiss etmədik? Onlar şəhid olanda birdən-birə ayıldıq, birqəfil gördük ki, “çəlimsiz uşaq” dediyimiz o uşaqlar necə də ərən, cüssəli, yaraşıqlı, nursimalı, hərəsi yüz igidə dəyən İGİDlərmiş.

2783 igid... Bu rəqəmə onların əzizlərinin, doğmalarının göz yaşlarını, sarsıntılarını da əlavə edin. O zaman hər bir saniyənin hökm oxuduğu dəhşətli müharibənin məzmunu tam aydın və real təsəvvür olunar. Filosof Uilyam Tekerrey haqlı demişdi: “Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır...”

2783 şəhid 2783 dastan, 2783 əfsanə, 2783 qəhrəmanlıq tablosu deməkdir. Lakin o qorxunc, vahiməli müharibə tablolarında həmişə bir işıq da təsvir olunacaq. Bu işıq 2783 şəhidin sonsuz VƏTƏN SEVGİSİDİR.

 

VƏTƏN anadır, VƏTƏN atadır, nəhayətdə, VƏTƏN valideyndir. Valideyn borcundan çıxmağa imkan tapmayanlar VƏTƏNin övladları oldular. Şəhidlik zirvəsinə ucalmaqla, yazdıqları dastanları özlərindən sonrakı nəslə ötürməklə VƏTƏNin borcundan çıxmaqla, həm də valideyinlərinin borcundan çıxmış oldular. VƏTƏN uğrunda bir nəğməyə döndülər, VƏTƏNin özü oldular.

Onların arasında bir ovlad da vardı, səngərdə “Vətən yaxşıdır” deyib Vətəninə-valideyninə mahnı da oxumuşdu:

 

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir

xeymə qurdum,

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar içində duman görünür.

 

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsan üçün laləzar

Vətən yaxşıdır,

Şair, sorma

Vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm xəndan görünür.

 

O şirin səsin əks-sədası Qarabağa yayıldı, cingiltisi çaylara qarışdı, dağlarda dolandı, göylərə qalxdı…

 

“Səsinə qurban olum” deyən ananınsa səsi hələ də qulağımdadır…

 

Arzu Qazıyeva

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 173

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930