Səhiyyə Nazirliyi 228 milyonu hara xərcləyib? - Hesablama Palatası ciddi pozuntular aşkarladı
(15-11-2022, 10:30)
Hesablama Palatası Səhiyyə Nazirliyinin yanında İnnovasiya və Təchizat Mərkəzində audit yoxlaması aparıb.
Adıçəkilən qurumun 2020-2021-ci illərdəki maliyyə-təsərrüfat fəaliyyəti audit edilib.
Bu maliyyə nəzarəti tədbiri toplam 228 milyon 100 min manat vəsaiti əhatə edib. Həmin vəsaitin 202 milyon 500 min manatı dərman vasitəsi, tibbi ləvazimat və materiallarının alınmasına xərclənib. Bu müddətdə 18 milyon 700 min manat tibbi gərəklərin alınmasına sərf edilib.
Daha 17 milyon 600 min manat məbləğində dərman vasitəsi, tibbi ləvazimat və avadanlığı beynəlxalq qurum və istehsalçılar əvəzsiz qaydada adıçəkilən quruma verib. Audit nəticəsində İnnovasiya və Təchizat Mərkəzində bir çox nöqsanlar aşkarlanıb.
İstifadəsiz qalacaqsa, niyə alınıb?
Hesablama Palatasının auditində ortaya çıxan məqamlardan biri alınan məhsullara dair proqnozların düzgün hazırlanmamasıdır. Tələbat proqnozlarının əsaslı şəkildə hazırlanmaması ucbatından bəzi hallarda illik tələbatdan daha çox dərman alınıb. Gerçək tələbat müəyyənləşdirilməyib və paylanışda nəzərə alınmayıb. Nəticədə xəstəxanalarda bir xəstəyə düşən vəsait məbləği gözəçarpan dərəcədə fərqlənib. Deməli, büdcə vəsaitləri səmərəsiz xərclənib.
Alınan tibbi avadanlıq, inventar və ehtiyatlar yararlı müddətləri bitənədək anbarlarda istifadəsiz saxlanılıb. İnnovasiya və Təchizat Mərkəzi buna 2018-2021-ci illərdə 3 milyon 343 min manat sərf edib. Bunlarla yanaşı, 2018-ci ildə mərkəzə humanitar qaydada verilmiş 623 min manat dəyərindəki hemodializ avadanlığı da istifadəsiz saxlanılıb.
Təlimatlar Azərbaycan dilinə çevrilməyib?
Hesablama Palatasının auditi dərman məhsulları ilə bağlı çatışmazlıqları da üzə çıxarıb. Palatanın açıqlamasında bildirilir ki, İnnovasiya və Təchizat Mərkəzi hüquqi aktların tələblərini pozaraq 1 milyon 200 min manat məbləğində dərman vasitəsinin istifadə təlimatlarını Azərbaycan dilinə çevirməyib.