"Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib" - Səhiyyə Nazirliyi
(6-09-2022, 07:00)
"Qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblərin, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.
O bildirib ki, COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir: "Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur. COVID-19-un bilavasitə hematopoetik sistemə təsir nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib".
Həkim əlavə edib ki, COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxıb: “İnfeksiya simptomsuz şəkildə keçibsə, müəyyən müddətdən sonra koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər. Əgər infeksiyanın simptomları ortaya çıxıbsa, o zaman simptomlar tam keçdikdən 14 gün sonra qan donoru olmaq mümkündür. Koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər. Trombotik ağırlaşmalar, xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir”.