Azərbaycanda ilk - Canlıdan-canlıya qaraciyər köçürüldü
(6-05-2025, 12:30)
TƏBİB-dən dovrunnabzi.az-a bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı icra olunub.
Dəyəri kifayət qədər yüksək olan əməliyyat zamanı 26 yaşlı qadına 30 yaşlı qardaşından qaraciyər köçürülüb. Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda, ümumi cərrahlar Ceyhun İsayev, Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva, ürək-damar cərrahları Mətin Hadizadə, Elgin Hacızadə, anestezioloq Mayıl Sədiyev, transplantasiya üzrə koordinator həkim İntizar Məmmədovanın iştirakı ilə uğurla icra olunub.
Əməliyyatdan sonra resipiyent və donorun vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hər ikisinin bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Cərrahiyyədə ən mürəkkəb müdaxilələrdən biri hesab edilən qaraciyər transplantasiyası yüksəksəviyyəli təcrübə tələb edən bir prosedurdur. Uğurlu nəticə üçün xəstənin dəqiq qiymətləndirilməsi, uyğun donor seçilməsi, cərrahiyyənin düzgün aparılması, reanimasiya dəstəyi və əməliyyatdan sonrakı təqib olduqca vacib hesab olunur.
Qeyd edək ki, 2 ay əvvəl Yeni Klinikada canlıdan-canlıya böyrək transplantasiyası da icra olunmuşdu və əməliyyat uğurla başa çatmışdı. Hazırda tibb müəssisəsində hər iki əməliyyatın icrası üçün bütün imkanlar mövcuddur.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il avqustun 20-si tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.
Ana səhifəyə qayıt
Oxunub: 31
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar