"Bu 80 yaşa kimi onu verməyiblərsə, bundan sonra heç mənə lazım da deyil, amma..."
(5-04-2021, 16:30)


Onu musiqişünaslar “Qocalmayan mahnıların müəllifi” adlandırırlar.  “Anam Azərbaycanım”, “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?” və digər qəlb oxşayan mahnıları bəstəkarın fitri istedadının parlaq nümayişinə çevrilib. O həmçinin Azərbaycan musiqi sənətində bir çox operaların, musiqili komediyaların, simfonik əsərlər, məqalə və kitabların müəllifidir. Söhbət məşhur azərbaycanlı bəstəkar Oqtay Rəcəbovdan gedir. Bu gün sənətkarın 80 yaşı tamam olur.
 
Sənətkar doğum günündə Moderator.az-ın suallarını cavablandırıb.
 
- Oqtay müəllim, bu gün sizin doğum gününüzdür. Sizi ürəkdən tərbik edirəm. Necəsiz?
 
- Bəli, elə deyirlər, belə bir şayə yayılıb şəhərə (gülür). Necəyəm? Əla! Mən cavanlıqda idmanla çox məşğul olmuşam, o da özünü indi göstərir. Ona görə cavanlara da məsləhət görərdim ki, idmanla məşğul olsunlar, qocalanda bu onların çox köməyinə gələcək. Yadıma gəlir ki, hər gün 5 kilometr yol qət edirdim. Bu məndə adət ən-ənə halına çevrilmişdi. İndi qaçmaq, insanların arasına çıxmaq məhdudlaşıb, amma yenə də evdə idmanla məşğul oluram ki, xəstələnməyim. Ən böyük dərman elə idmandır.
 
- Belə başa düşdüm ki, özünüzü 80 yaşda hiss etmirsiz.
- Mənim babam da çox yaşayıb. Ana tərəfim Quba, ata tərəfim Şamaxıdandır. Şamaxıdakı cümə məscidini mənim ulu babalarım 743-cü ildə tikdiriblər, orada da axund olublar. 1918-ci ildə ermənilər Şamaxıya hücum edəndə onda babam nəvələrini də götürüb Bakıya qaçıb ki, onları öldürməsinlər. Bakıya gələndə, indiki Baksovetdə 134-saylı məktəb var, o binanı özü üçün yaşayış binası kimi tikdirib. Sovet höküməti gələndə həmin binanı milliləşdirib və ulu babamı ermənilər axtarıb tapıb, qılıncla öldürüblər. O cür böyük nəslin nümayəndələri, atam, əmilərim uşaq evində böyüyüblər. Orada tərbiyə alan uşaqlara ali məktəbdə də oxumaları üçün şərait yaradırdılar. Onlar da ali məktəbi bitirib, ailə həyatı qurublar. Alın yazısı deyilən bir şey var. İnsan doğulanda hər biri onun üçün yazılır. Görünür, mənim üçün də belə yazılıb, gəlib 80 yaşıma çatmışam. Mənim ana babam 140 il yaşayıb. 
 
- Sizi adətən “Qocalmayan mahnıların müəllifi” adlandırırlar. Nəğmələriniz hər zaman gündəmdədir.
 
- Mən çox şadam ki, xalqım üçün nəsə etmişəm. Məni hər şeydən ayrımaq olar, amma musiqidən yox. Bu günlərdə də 9-cu simfoniyanı da bitirmişəm, 7 operanın müəllifiyəm. Onlardan 5-i uşaqlara aiddir. 22 filmə mən musiqi yazmışam. Onlardan 4-nü İran sifariş vermişdi mənə, birini isə Rusiya. Az iş görməmişəm, çalışmışam ki, nəsə edim, bacardıqlarımı da etmişəm. Nə qədər etsəm yenə də azdır.
 
- Uzun illər öncə bir müsahibə vermişdiniz ki, əsl bəstəkarlar qalıb kənarda, yerindən duranlar mahnı yazır. İndi də həmin fikirdəsiz?
 
- Mən telekanallara baxa bilmirəm, o mahnıları ki, mən eşidirəm əsəbləşirəm, həmin mahnılar tez də yaddan çıxır. Bizim oxuyan xanım müğənnilər də özlərini efirdə azərbaycanlılara məxsus olmayan kimi aparırlar. Səsi olmayanlar oxuyur, mahnı yaza bilməyən mahnı yazır. Əgər mahnı yazan bəstəkarlarımızı yada salsalar, mənim 500-dən çox mahnım var, yarısı da uşaqlara həsr olunub. Bilirsiz ki, 1-ci sinifdən 9-cu sinfə qədər bütün musiqi dərsliklərinin də müəllifi mənəm. Çalışıram ki, xalqın mədəniyyəti üçün töhfələrim olsun. Neft bu gün var 50 ildən sonra olmayacaq, amma təhsil, mədəniyyət hər zaman olacaq. Yaponiyanın, İsrailin nə nefti var, nə də qazı. Lakin yeni texnikalarla onlar neftdən daha çox qazanırlar. Mən güman edirəm ki, gələcəyinə bizim Azərbaycan da elə olacaq, təkcə neftdən asılı olmayacağıq.
- Düşünürsünüz ki, savadlı insanlar üçün yaradıcı mühit vacibdir amma onlara meydan verilmir?
 
- Sovet dövründə əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq lazımdır. Nə olar Sovet dövrü olanda? 1941-1951 ci illərdə Azərbaycanda 15 musiqili səhnə əsərləri, baletlər yaradılıb. Son 30 ildə isə 3-4 opera və balet yazılıb ki, o da düzgün təbliğ edilmədiyindən çoxdan yaddan çıxıb, operamız da görürsünüz ki, nə vəziyyətdədir? Bəstəkarlara yaxşı maddi kömək olmalıdır dövlət tərəfindən ki, onlar maliyyə cəhətdən çətinlik çəkməsinlər, yaradıcı imkanlarını istifadə etsinlər.
 
- Bir müddət əvvəl Xalq artisti Xuraman Qasımova müsahibə verərək Opera və Balet teatrının direktorunu kəskin tənqid etmişdi. O həmin teatrda rolların pulla satıldığını bildirmişdi.
 
- Xuraman xanım nə deyirsə düz deyir. Vaxtilə bir çox teatr binalarını bizim milyonçularımız tikdirib. Eləcə də Opera və Balet teatrının binasını da. O vaxt məmurlar görün nə işlər görüblər, indikilər nə işlər? İndiki məmurlar özlərini çəkiblər kənara. Bunlar başa düşmürlər ki, xalqın gələcəyi onun mədəniyyətindən asılıdır. Bu saat Opera və Balet teatrı boş qalıb. Pandemiya olmayanda da ora heç kim getmirdi. 10 faiz gələn olurdu, ya da yox. Ondansa Opera və Balet teatrını restorana çevirsəydilər, dövlətə daha çox gəlir gətirərdi. Nədənsə mənəvi dəyərlərimizi getdikcə itiririk, onları inkişaf etdirmək lazımdır.
 
- Musiqi sənətimiz üçün bu qədər işlər görən bir bəstəkarın niyə hələ də “Xalq artisti” fəxri adı yoxdur?
 
- Mənim 11 titulum var. 1998-ci ildə Tofiq Quliyev məni çağırdı yanına ki, sənin üçün prezidentə təqdimat göndərmişəm, birbaşa sənə “Xalq artisti” fəxri adı versinlər. Dedim çox sağ olun! Təqdimat getdi, amma prezidentə çatdırmadılar həmin təqdimatı. Ondan sonra Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı dəfələrlə mənim haqqımda Prezident Aparatına təqdimat versələr də, yenə də həmin təqdimatlar hörmətli prezidentimizə çatdırılmayıb. Təqdimat çatdırılmayıbsa prezident haradan bilsin? Fəxri ad insanı ucaltmır, insanın öz adı özünü ucaldır. Mən yazdığım əsərlərlə fəxr edirəm, camaat da məni tanıyır, gələcəkdə də vətənim üçün yeni-yeni əsərlər yaratmaq istəyirəm.
 
- Yeni Mədəniyyət nazirimizə fəxri adla bağlı müraciət etmisiniz?
- Xeyr, mən belə şeyləri xoşlamıram. Görürlər də, mahnılarımı nəinki azərbaycanlı müğənnilər, hətta Türkiyədə, İranda da oxuyurlar. Görünən dağa bələdçi lazım deyil. Qoy bir az da onlar görsünlər, araşdırsınlar ki, Oqtay Rəcəbov kimdir? Mən nazirin yanına gedən deyiləm ki, mənə “Xalq artisti” fəxri adı ver. Bu 80 yaşa kimi verməyiblərsə bundan sonra heç mənə lazım da deyil. Amma onu da deyim ki, mənim ev şəraitim pis vəziyyətdə idi, prezidentə elektron poçt vasitəsilə müraciət ünvanladım, 3 gün ərzində mənə Nərimanov metrosu yaxınlığında 3 otaqlı ev hədiyyə etdi. Cənab prezidentə hər şeyə görə təşəkkür edirəm, amma bu gün prezidentdən aşağı vəzifədə işləyənlər özlərini prezident kimi aparırlar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 5

Xəbər lenti
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930