"Məni toylara da qoyurdu, efirlərə də, üzümə də deyirdilər ki, bəxtəvərsən, ərindən yarımısan..."
(2-04-2021, 11:00)


 Əməkdar artist Gülbahar Şükürlü Moderator.az-ın suallarını cavablandırıb.
 
- Gülbahar xanım, salam! Necəsiz?
 
- Çox sağ olun, şükür Allaha yaxşıyam.
 
- Artıq ikinci ildir ki, bütün sənətçilər pandemiyanın gətirdiyi ziyanlardan əziyyət çəkir. Bəs Gülbahar xanımda vəziyyət necədir?
- Məndə də vəziyyət bütün sənətçilərdə olduğu kimidir. Hətta deyərdim ki, bir az da artıqdır. Xəstəliyimə görə müalicə alıram, xərclərim çoxdur. Gəlir yeri yoxdur, vəziyyət çox pisdir. Amma Allaha qurban olum, birtəhər dolanırıq. Pandemiyadır da, adam heç bilmir ki, kimdə günah görsün. Deyirlər ki, yenidən qapanmalar olacaq, amma hələ ki, rəsmi xəbərlər yoxdur. Camaat necə, biz də elə. Allahdan əlimizi yenə də üzmürük!
 
- Pandemiya daha çox kimlərə təsir edib?
 
- Bir çox insanlara mənfi təsir göstərib bu pandemiya. Siz bilirsiz ki, bizim xalqın çox hissəsi toylardan qazanc əldə edir, həmçinin də sənətçilər. Məsələn toy olmasa kimdir müğənni dəvət edən, gül, qızıl, bahalı libas, mebel alan, bahalı xonça və şokolad alan? Restoranlar bağlıdır, musiqiçilər, aşbazlar və ofisiantlar işsiz qalıb. Bu hələ toy biznesində işsiz qalan insanlardır. Hər qaranlıq gecənin bir sabahı var. Deyərdim ki, pandemiya Allahın bizə bir cəzasıdır. Çünki bəzi insanlar çox çaşdı itirdi özünü, Allahı görmədilər, şükür etmədilər, əndazəni aşdılar. Gərək insan tapdığı bir tikə çörəyə görə şükür etsin. 
 
- Bir müddət əvvəl əməliyyat keçirmişdiniz. Səhhətiniz necədir?
 
- Əməliyyat olunandan sonra səhhətim şükür yaxşıdır, amma müalicələrimi davam etdirirəm. İnsan bilmir ki, bu gündən sabaha başına nə gələcək. Allah cavanlara dəyməsin, o qədər intihar edənlər var ki. Bütün bunlar mənə çox pis təsir edir. Qazilərə, şəhidlərə baxıram çox pis oluram. Hər yemək hazırlayanda onları yada salıram. Həyatdan gedənlərlə onsuz da heç bir zaman barışmaq olmur. Həkim də deyir ki, bu ağır əməliyyatdan sonra çalış stress yaşama, əsəbləşmə. O qədər şəhidlər üçün ağlamışam ki. Allahdan qazilərimizə şəfa istəyirəm, hamısı bizim balalarımızdır. Vallah toylar olsaydı, imkan tapıb şəhid ailələrinə, qazilərimizin yanına gedərdim.
- Hal-hazırda qazancınız haradandır?
 
- 100 manat fəxri adıma görə məvacib alıram. Təbii ki, bununla dolanmaq qeyri-mümkündür. Vaxtında az da olsa qazandıqlarımdan yığmışam, o da artıq bitir. Qızım, oğlum köməklik edir, birtəhər dolanıram. Allah yaxşı dostların canını sağ etsin.
 
- Bir çox müğənnilərimiz Moskvaya ayaq açıb. Bəs siz niyə getmirsiz?
 
- Pandemiya yeni başlayanda Moskvadan mənə də dəvət gəlmişdi, sadəcə olaraq müalicə ilə bağlı olaraq gedə bilmədim. İndi dəvət gəlsə gedərəm, Moskva mənim çox sevdiyim şəhərdir, çoxlu dostlarım var.
 
- Bəzən qadın qarmon ifaçıları arasında rəqabət olur, münasibət pozulur. Bu cür halla rastlaşmısız?
 
- Nəinki qarmon ifaçıları, mən ümumilikdə bütün sənət dostlarımı çox istəyirəm. Hələ elə bir müğənni yaxud sənət adamı olmayıb ki, deyim ki, xoşuma gəlmir, bəyənmirəm. Əməliyyat olunandan sonra hamını çox istəməyə başlamışam, hətta acığım gedən insanları da. Mənim üçün pis mahnı, pis müğənni yoxdur, istəyirəm hər şeyə yaxşı gözlə baxım.
 
- Gülbahar xanım, əslində bu sualı sizə əbəs yerə ünvanlamadım. Bir ara deyirdilər ki, Gövhər Rzayeva ilə münasibətiniz yoxdur. Bu doğrudur?
 
- Qətiyyən doğru deyil, ağ yalandır. Sizdən əvvəl elə Gövhər xanım mənə zəng etmişdi, yalan olmasın, bəlkə 2 saat mənimlə danışdı. Elə səhhətimi soruşub, deyir gəlib götürüm səni gedək gəzək. Hələ mənim yadıma gəlmir ki, nə vaxtsa Gövhər xanımdan küsüb, inciyim. Çox yaxşı xanımdır, o nə vaxt efirə çıxır mənim adımı çəkir, mən onun. Qadın qarmon ifaçılarımız çoxdur, amma üzdə olan ikimizik deyə bəlkə də ondandır ki, haqqımızda şayələr yayılır. Mən hələ məktəbdə oxuyurdum Gövhər xanım efirlərdə idi. Gövhər xanım mənimlə telefonda bir söz işlətdi, dedi ki, 5 günlük dünyadır, əgər yaxşılıq etmirsizsə, pislik də etməyin. Mən də hər dəfə o sözü deyirəm. Nə vaxt qəbir üstünə gedirəm görürəm ki, o qədər adam dəfn edirlər ki. Hamımızın axırı qəbirstanlıqdır.
- Həyat yoldaşınız Zahid bəy də gözünüzün qabağında qəfildən dünyasını dəyişmişdi.
 
- Atam da, anam da, həyat yoldaşım da gözümün qabağında keçiniblər. Amma həyat yoldaşımın ölümü qəfildən oldu. Zahid deyə-deyə, gülə-gülə getdi.
 
- Həyat yoldaşınızla son illər sosial şəbəkədə çox fotolar paylaşıb, gözəl sözlər yazırdınız. Nəzərə inanırsınız?
 
- Bəli, elə inanıram ki, dəhşətli dərəcədə. 
 
- Bəlkə də elə gözə-nəzərə gəldiniz.
 
- Bəli, gözə-nəzərə gəldik. Mən hətta o dünyasını dəyişəndən sonra şəkillər də paylaşanda deyirdilər ki, sevin ki, səni belə bir həyat yoldaşı istəyib. Onun yoxluğunu da mənə qısqanıb, paxıllıq edirdilər. O məni toylara da qoyurdu, efirlərə də, üzümə də deyirdilər ki, bəxtəvərsən, ərindən necə yarımısan.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 7

Xəbər lenti
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930