Lənkəranda təhlükə saçan məntəqə - "Yağış yağanda transformatorda partlayışlar baş verir" + FOTOLAR
(3-03-2023, 18:30)
"Lənkəran şəhərinin mərkəzində Böyük Bazar adlanan ərazidə yerləşən 8020027 nömrəli transformator məntəqəsi yararsız vəziyyətə düşüb. Dam örtüyü zədəli olduğundan, yağıntılar zamanı məntəqəni su basır. Nəticədə hər dəfə yağış yağanda transformatorda partlayışlar və qısa qapanmalar baş verir".
Bunlar bir qrup Lənkəran sakininin "AzPolitika.info"-ya ünvanladığı şikayət məktubunda bildirilir.
Şikayətçilər normal transformator məntəqəsinə ehtiyaclarının olduğunu bildirirlər.
"Əgər rəsmi dövlət qurumlarının bu məntəqəni bərpa etməyə imkanları yoxdursa, sakinlər arasında pul yığıb, maddi köməklik edə bilərik. Bu barədə Lənkəran şəhər Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhramova dəfələrlə müraciət etmişik. Lakin heç bir faydası olamyıb",- deyə şikayət məktubunda qeyd olunub.
Yerli sakinlər mətbuat vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, problemin qısa zaman ərzində aradan qaldırılmasını xahiş edirlər.