ÖLƏN BU HƏRBÇİLƏR DƏ GÜNAHSIZ İMİŞ... - "Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verilib
(6-12-2022, 15:00)
"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verilib və azadlığa buraxılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.
Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
"Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.