Tehran Rusiyaya ballistik raketlər verə bilər – Kəşfiyyat şirkəti İranın hərbi imkanlarını açıqladı
(25-10-2022, 11:30)

Ukraynalılar tez-tez Rusiyanın İrandan aldığı kamikadze dronlarının səsinə oyanırlar. Rusiya bu dronlardan Ukraynanın mülki infrastrukturunu dağıtmaq üçün istifadə edir. İndi isə Rusiya dronlardan əlavə İrandan aldığı ballistik raketlərdən də yararlanmağa başlayıb.
dovrunnabzi.az "Azadlıq" radiosuna istinadla xəbər verir ki, ucuz və effektiv “Şahed-136” və “Şahed-131” "kamikadze" dronları artıq Ukraynaya çox ziyan vurub.
“Fateh-110”
ABŞ kəşfiyyatının hesablamalarına görə, Rusiya tezliklə İrandan aldığı intiharçı dronları və özünün kruiz və ballistik raketlərini İranın güclü qısamənzilli “Fateh-110” və “Zülfüqar” ballistik raketləri ilə əvəzləyə biləcək. Kremlin hava silahları sarıdan korluq çəkdiyi zamanda bu raketlər onun bahalı hava kampaniyasını davam etdirməsində rol oyana bilər.
“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə eksperti Ceremi Binni deyir ki, daha çox raket Rusiyaya Ukraynanı bombalamağı davam etdirmək imkanı verəcək.
İlk dəfə 2001-ci ildə təqdim olunan, 300-500 kilometr mənzilli “Fateh-110” 1980-ci illər istehsalı ağır artilleriya raketindən düzəldilib. Silahın dəqiqliyini artırmaq üçün ona yönəldici sistem və hərəkət edə bilən qanadlar qoşulub. Bu, hədəfə yaxınlaşdığı zaman onun idarə edilməsinə imkan verir.
“Zülfüqar”
2016-cı ildə təqdim olunan “Zülfüqar”ın da yönəldilmə imkanları var. O da “Fateh-110”la eyni ailədəndir, ancaq ondan xeyli uzaq məsafələri qət edə bilir. Binni deyir ki, “Zülfüqar”dan Suriyanın şərqində “İslam Dövləti” ekstremist təşkilatına qarşı istifadə edilib və onun azı 650 kilometr məsafə qət edə bildiyi sübuta yetirilib. “Bu, İranın taktiki raket proqramının illər ərzində nə qədər irəli getdiyini nümayiş etdirir”, – o deyib.
İranın iddiasına görə, daha uzaq – 700 kilometrlik məsafəni qət edə bilən “Zülfüqar” Rusiya ərazisindən atılaraq Ukraynanın qərbindəki Lvov şəhərini vura bilər. Ondan daha güclü “Fateh-110”sa Lvovu Belarusdan vura bilər. Rusiya Belarus ərazisindən hücumlar üçün platsdarm kimi istifadə edir.
Yük maşınlarına uyğunlaşdırılmış sistemlər
Binni deyir ki, Rusiyanın İrandan raket sistemləri almağı planlaşdırmasının hər hansı əlaməti görünməsə də, Rusiya ordusu bu raketləri əlindəki mövcud avadanlıqla birlikdə işlədə bilər. Çünki İranın raket sistemləri köhnə sovet sistemləri əsasında dizayn edilib.
"Ruslar kənarda atılıb qalan köhnə avadanlığı qısa zamanda raket sistemlərinə çevirə bilərlər”, – Binni deyir.
Onun sözlərinə görə, İran sovet sistemlərini yük maşınlarına uyğunlaşdırıb; bu isə mobilliyi və kamuflyajı təmin edir.
"Bu mülki yük maşınlarının üstü örtülərkən onların raket sistemləri olduğunu təyin etmək çətin olur”, – Binni deyir.
İran hərbi dronları artıq aylardır ki, Ukraynada hədəfləri bombalayır. İranın “Şahed-136” və “Şahed-131” dronları kustar materiallardan hazırlandığından çox güclü səsə malikdir. Buna görə onları “otbiçən” və “moped” adlandırırlar. Ancaq yavaş və alçaqdan uçan, hədəfə çırpılmaq üçün dizayn olunan bu dronlar həm qiymət, həm də hərbi effektivlik baxımından özlərini doğruldur.
Kiçik atıcı silahlarla vurulan dronlar

Ukrayna Rusiyanın İrandan 2400 intihar dronu sifariş etdiyini, ordusunun çox sayda bu cür dronu vurduğunu iddia edir. Ukrayna ordusu bu dronları adi təyyarə əleyhinə silahlarla və hətta kiçik atıcı silahlarla vurduğunu bildirir. Ancaq bu dronları çox zaman maskalanmış yük maşınlarından beş-beş göndərmək mümkün olduğundan onlar hədəfə çata bilirlər. Bəzən onların hamısını vurmaq olmur və ən azı biri hədəfə çatır.
“Şahed-136”nın qət etdiyi məsafələr dəyişir. Ancaq İran onun 2500 kilometrədək məsafə qət edə bildiyini iddia edir. Ondan daha kiçik və daha köhnə “Şahed-131”dən Yəməndə husi üsyançılar Səudiyyə hədəflərini vurmaq üçün istifadə ediblər. Ukrayna ordusunun apardığı hesablamalara görə, bu dron 900 kilometrlik məsafəni qət edə bilir.
Son həftələrdə Ukrayna Müdafiə Nazirliyi dəfələrlə vurulmuş “Şahed-136” dronlarının şəkillərini yayımlayıb. Ukrayna Milli Qvardiyası oktyabrın 19-da bir “Şahed-131” dronu vurduğunu iddia edib.
“Mojer-6”
Ukrayna İran istehsalı, 200 kilometr məsafə qət edə bilən və daha qabaqcıl dron sayılan “Mojer-6” dronunu vurduğunu bildirir. Bundan başqa Rusiyanın İrandan “Şahed-129” və “Şahed-191” döyüş dronları almaqda maraqlı olması barədə xəbərlər var. Bütün bunlardan başqa Ağ Ev oktyabrın 20-də İranın artıq Moskvanın Ukraynada apardığı müharibədə birbaşa döyüşdə iştirak etdiyini, bunun üçün İslam İnqilab Keşikçiləri Korpusuna aid kiçik bir dəstə göndərdiyini bildirib.
Qeyd edək ki, İran Rusiyaya döyüş dronları göndərdiyini, Moskva isə İran PUA-larından istifadə etdiyini danıb.
Vurulan İran dronlarının görüntüləri onların Rusiya dronu kimi görünməsi üçün etiketləndiyini göstərir. “Şahed-131”lərin üzərində kiril əlifbası ilə “Geran-1”, “Şahed-136”-ların üzərində isə “Geran-2” yazılır.
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |






