“Orada Ukrayna torpağının hər qarışı qanla örtülüb” – Ukrayna ordusu Severodonetskdən çıxarılır
(13-06-2022, 13:00)
Ukrayna ordusunun iyunun 13-də bildirdiyinə görə, qüvvələri Donbasdakı Severodonetsk şəhərinin mərkəzindən çıxarılıb. Son günlər bu şəhərə nəzarət uğrunda qızğın döyüşlər gedirdi.
Rusiya qüvvələri şəhər mərkəzini intensiv artilleriya atəşinə tutub, bundan sonra qalan ukraynalı əsgərlər də şəhəri tərk etməli olub.
Prezident Volodimir Zelenski bundan bir neçə saat öncə deyirdi ki, şəhəri müdafiə edənlər hər metr uğrunda savaşırlar. Rusiyalılar isə əsas körpünü partladaraq dinc sakinlər və əsgərlərin potensial çıxış yolunu kəsmişdi.
Zelenskinin gecə videomüraciətində dediyinə görə, Rusiya ordusu Donbasa qüvvələr atmağa çalışır. Onun sözlərinə görə, Rusiya təlim görməmiş əsgərləri yerləşdirir, çox ağır döyüşdə gənclərdən “top yemi” kimi istifadə edir.