15 iyun – Azərbaycan tarixinin işıqlı səhifəsi
(13-06-2022, 15:55)

Ulu Öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dağılmaqda olan, xaosa sürüklənmiş ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri xalqımız tərəfindən sonsuz məhəbbət və dərin ehtiram hissi ilə yad edilir, onun əziz xatirəsi daim qəlbimizdə yaşayır.
1993-cü ilin iyun ayının əvvəllərində Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Səriştəsiz siyasi qruplar ölkəyə rəhbərlik edə bilmir, hər addımda xaosa yuvarlanırdılar. Müstəqillliyimiz və dövlətçiliyimiz təhlükə altında idi. Artıq bu prosesin qarşısını almaqda aciz idilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasətə qayıdışına nail oldu.
Beləcə iyunun 15-dən Azərbaycanda yeni tarixi dönüş başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. İlk öncə, dövlətçilik ideyası iflasdan qurtuldu. Dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar öz hərəkətləri və hərəkətsizlikləri ilə Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bu məqamda Heydər Əliyevin dönüşü xalqda dövlət quruculuğuna dərin inam yaratdı!
O, hər şeydən əvvəl real, təmkinli və inamlı siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.
Ulu Öndər daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Beləliklə də, Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi.
Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun dərin zəkası, zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən siyasi təcrübəsi və bacarığının olmasıdır. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparıldı.
Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələndi.
Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü-gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.
44 günlük Vətən savaşında qazanılan qələbə, bu günün real mənzərəsi dediklərimin əsas sübutudur.
Orxan Əliyev,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Göygöl rayon icra və probasiya şöbəsinin rəisi
Ana səhifəyə qayıt
Oxunub: 212
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar