PUTİNƏ NƏ OLUB? – ABŞ-ın “Politico” qəzetinin araşdırması
(8-06-2022, 16:30)




ABŞ-ın “Politico” qəzetində Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı söz-söhbətlər ətrafında məqalə dərc edilib. “Vladimir Putinə nə olub?” başlıqlı məqalənin müəllifi Viktor Cekdir. Məqaləni "novator.az"a istinadən xucuların diqqətinə çatdırır.

Siyasi aləmdə rəsmi təkzib çıxmayınca heç vaxt heç nəyə inanmayın. Söhbət Rusiya prezidenti Vladimir Putinin səhhətindən gedəndə yəqin ki, siz bilmirsiz nəyə inanasınız, çünki çaşqınlıq doğuran o qədər məlumat dolaşır ki…

Hazırda üz-gözü qəribə şəkildə şişkin görünən 69 yaşlı Putin barədə yayılan şayiələr bu yaxınlarda xarici işlər naziri Sergey Lavrovu prezidentin xəstə olması haqda deyilənləri təkzib etmək məcburiyyətində qoydu: “Bilirsiniz ki, prezident Putin hər gün ictimaiyyət qarşısına çıxır. Onu efirlərdə görə, çıxışlarını izləyə və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan kəs Rusiya prezidentində hansısa xəstəliyin əlamətini hiss etdiyini desin”.

Ağlı başında olub-olmamasından asılı olmayaraq aylardır media Rusiya liderinin sağlamlıq vəziyyəti haqda mülahizələr irəli sürür, onun zahirən şişkinləşməsindən tutmuş, Parkinson və xərçəng xəstəliyinə tutulması barədə söz-söhbətlərəcən bir çox versiyaları şərh edir.

Putinin son qəbullardan birində masadan bərk-bərk yapışdığını, əsəbi jestlərini və 9 May paradında axsadığını əks etdirən video görüntülər bəzi həkimlərin onun səhhəti barədə iddialarını daha da gücləndirmiş oldu.

Bunacan həkimlər əsasən bu fikirdə idilər ki, deyilənlərin heç biri Putinin xəstə olduğunu təsdiqləyəcək dərəcədə inandırıcı deyil, təsdiq üçün hərtərəfli müayinənin nəticələri ortalıqda olmalıdır. Kəşfiyyat mütəxəssisləri də bu fikirlə razılaşırdılar.

Düzünə qalanda, ortaya çıxan söz-söhbətlər özünün güclü kişi obrazı ilə öyünən bir lideri narahat etməlidir, etməyə bilməz. Putin uzun müddətdir özünü əsl güclü adam qiyafəsində təqdim etməyə çalışır. O, Sibirdə yarıçılpaq at çapır, Moskvada “Kalaşnikov” avtomat silahından atəş açır, Sankt-Peterburqda Belarus lideri Aleksandr Lukaşenko ilə xokkey oynayır… Necə deyərlər, özünü supermen kimi tanıtmaq üçün əldən-ayaqdan gedir.

Tərs kimi o biri yandan da mediada Putinin səhhətinin pis olduğu barədə xəbərlər dolaşır, Kreml isə bu informasiyaların kökünü kəsmək uğrunda mübarizə aparır.

Putinin səhhətinin şübhə altına alındığı və hökumətin bunu necə təkzib etməyə çalışdığı əsas məqamlara qısaca nəzər yetirək.

İdmanla məşğul olarkən yıxılmalar

Hadisələr:

Putin özünü idman həvəskarı kimi göstərməyi sevir, ancaq bu məsələdə Rusiya liderinin işləri heç də həmişə yağ kimi getmir.

Hələ 2012-ci ilin sentyabrında Rusiyanın “Vedomosti” qəzeti Putinin deltaplanerlə uçarkən xəsarət aldığını və bu zədədən onun belində problem yaratdığını yazmışdı. Yüksək səviyyəli xarici səfərini təxirə salan və korsetlə gəzdiyi iddia olunan Putinin bel əməliyyatına hazırlaşdığı da bildirilmişdi.

Putin zədələrin bir çoxunu yüngül keçirir. 2017-ci ildə xokkey oyunu zamanı o, qəfildən kürəyi üstə yıxılıb. 2019-cu ildə yenə xokkey meydançasında o, qələbə dövrəsi vurarkən üzüstə yerə dəyib. Amma bunların heç birində ciddi xəsarət almayıb.

Kremlin cavabı:

2012-ci ildə deltaplaner qəzası ilə bağlı xəbərlər yayılanda Kremlin sözçüsü Dmitri Peskov “Reuters” agentliyinə Putinin belində problem yaranmadığını demişdi. O, prezidentin yalnız “idman zədəsi” aldığını söyləmişdi.

Sonradan Putinin müttəfiqi Lukaşenko Rusiya prezidentinin belindəki problemin onun cüdo məşqi zamanı başına gələn hadisə ilə bağlı olduğunu bəyan etdi. Belarus prezidentinin bu açıqlaması Putinin idmanla bağlı reputasiyasını daha da gücləndirdi.

COVİD-19

Hadisələr:

Putinin yüksək səviyyəli qəbullar zamanı qonaqlarının bir çoxunu 6 metr uzunluğundakı masanın o başında oturtması xüsusilə internet məkanında geniş müzakirələrə səbəb oldu. Onun COVİD-19 infeksiyasına həddən artıq ehtiyatla yanaşdığı iddia edildi.

2020-ci ilin noyabrında koronavirus pandemiyası ilə bağlı keçirdiyi virtual iclasda maliyyə nazirinə müraciət edərkən Putini öskürək tutmağa başladı. O, üzr istəyib çıxışına davam etməli oldu.

2021-ci ilin sentyabrında yaxın çevrəsində onlarca insan koronavirusa yoluxanda Putin özünü iki həftəliyə təcrid etdi. Rusiya prezidenti onunla görüşmək istəyənlərin hamısına sərt qaydalar, o cümlədən iki həftəlik karantin rejimi tətbiq etmək məcburiyyətində qaldı.

Rusiya prezidentinin həmsöhbətlərinə yaxın oturmaqdan çəkinməsi əsasən belə yozuldu ki, o, virusa yoluxma baxımından çox həssas qrupa daxildir, ya da kiminsə hiylə işlədərək onu ölümcül virusa yoluxduracağından qorxur.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 96

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031