"Ermənistan, İran və Azərbaycanın qovuşduğu sərhədlər məhz ordadır...” - Qulu Məhərrəmli
(4-06-2022, 13:30)
“Bütün zəngilanlılar kimi, təbii ki, təəssüratım çox yüksəkdir. Quruculuq işlərinin Zəngilandan başlamasının da bir simvolik mənası var. Ona görə ki, Şuşa Azərbaycan üçün bir rəmzdir, qürur mənbəyidir, amma Zəngilan da strateji baxımdan elə bir nöqtədə yerləşir ki, orda üç ölkənin kommunikasiya xəttləri keçir - Ermənistan, İran və Azərbaycanın qovuşduğu sərhədlər məhz ordadır”.
Bunu “moderator.az”-a açıqlamasında professor Qulu Məhərrəmli Zəngilanda görülən quruculuq işləri haqda danışarkən deyib.

O, Ağalı kənd orta məktəbinə direktor təyinatına da münasibət bildirib: “Həm də Zəngilan Şuşaya gedən yolun üstündədir. Əgər Şuşaya gedən bir yol Ağdamdan keçirsə, başqa bir yol da Zəngilandan keçir. Qubadlı, Laçın və ordan da Şuşaya çıxmaq mümkündür. Cənab Prezidentin Ağalı kəndində ictimaiyyət nümayəndələriylə görüşünə baxıb çox məmnun oldum. Ağalı kəndinin adı kənddir, amma mənə çox müasir bir qəsəbə kimi göründü. Arxitekturası, ticarət müəssisələri, yollar, evlər diqqətimi çox cəlb elədi. Şübhəsiz ki, arzulayardıq ki, bu işlər Qubadlıda, Laçında, Cəbrayılda, Füzulidə davam eləsin. Təbii ki, davam edəcək. Otuz il qabaq yer-yurdlarını tərk eləmiş vətəndaşlarımız öz yerlərinə köçsünlər. Müəyyən narahatlıqlar var, onları aradan qaldırsınlar, əkin-biçin işinə başlasınlar, mal-heyvan saxlasınlar, yəni həyatı yenidən başlasınlar. Bu, tamamilə başqa bir dalğadır, bu işləri başqa bir nəsil aparacaq və o işlərin də indiki texnologiyayla başlanılması çox önəmlidir.
Ağalı kənd orta məktəbinə direktor təyin edildi, məktəbin fəaliyyətə başlaması çox önəmlidir. Yeni bir nəsil gəlir, onlar başqa bir dünyagörüşün sahibi olacaq, bu Vətənə başqa bir gözlə baxacaqlar və tarixi fərqli öyrənəcəklər. Çox sevinirik və çox məmnunuq, işlərin davamını arzulayırıq”.